
Çindəki məşhur terrakota ordusunun fiqurları üzərində qalmış barmaq izlərinin araşdırılması göstərib ki, onların hazırlanmasında yalnız yetkin kişilər deyil, qadınlar və uşaqlar da iştirak ediblər.
Qaynarinfo xəbər verir ki, “Popular Mechanics” nəşri “Journal of Cultural Heritage” jurnalında dərc olunmuş araşdırmaya istinadən bu barədə yazıb.
Terrakota ordusu 2200 ildən çox əvvəl imperator Sin Şi Xuandinin məqbərəsi üçün yaradılıb. Kompleksə real ölçülərdə təxminən 8 000 döyüşçü fiquru, 520 atın qoşulduğu 130 döyüş arabası və əlavə olaraq 150 süvari atı daxildir. Layihənin miqyasına görə tədqiqatçılar uzun müddətdir iş prosesinin necə təşkil olunduğunu müəyyənləşdirməyə çalışırlar.
Nəşrin məlumatına görə, Sin Şi Xuandi məqbərəsi muzeyinin arxeoloqu Syaosi Li həmkarları ilə birlikdə gil fiqurlar üzərində qalmış barmaq izlərini araşdırmaq qərarına gəlib. Alimlər izlərin fotoşəkillərini çəkib, görüntüləri rəqəmsal üsulla yaxşılaşdırıblar. Nəticədə 36 heykəldən 79 aydın barmaq izi seçilib.
Papilyar xətlər arasındakı məsafənin təhlili gil ilə işləyən insanların yaşını və cinsini təxmin etməyə imkan verib. Məlum olub ki, izlərin yalnız 45 faizi yetkin kişilərə aid ola bilər. Təxminən 33 faizi yetkin qadınlarla, qalan 22 faizi isə 15 yaşdan kiçik uşaqlarla əlaqələndirilib.
“Bu nəticələr terrakota ordusunun hazırlanmasının yalnız yetkin kişilərin əməyinə əsaslandığı barədə uzun müddətdir mövcud olan fərziyyəni şübhə altına alır və qadınların və uşaqların da daxil olduğu müxtəlif tərkibli işçi qüvvəsinin mövcudluğuna dair ilk kəmiyyət əsaslı bioloji sübutları təqdim edir”, deyə Li bildirib.
Ehtimal olunur ki, uşaqlar sənətkarlığı öyrənən şagirdlər olublar. Bunu Sin sülaləsinə aid qədim hüquqi sənədlər də dəstəkləyir. Həmin sənədlərdə sənətkarların təlim müddətindən bəhs edilir.
Bununla belə, tədqiqatın müəllifləri xəbərdarlıq edirlər ki, heykəllərin yalnız kiçik bir hissəsi təhlil olunub. Buna görə də müəyyən edilmiş faiz göstəriciləri bütün işçilərin tərkibini mütləq əks etdirməyə bilər. Buna baxmayaraq, Linin fikrincə, araşdırma qədim Çində sənətkarlıq əməyinin təşkilini öyrənmək üçün yeni imkanlar yaradır.
Aydın