Xəbər lenti

Omeqa-3 əlavələri demensiyadan qorumur (ARAŞDIRMA)
Sağlamlıq14:40 25.10.2026

Omeqa-3 əlavələri demensiyadan qorumur (ARAŞDIRMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Omeqa-3 yağ turşuları ilə zəngin qida əlavələrinin yaddaşı qoruduğu və Alzheimer xəstəliyinin qarşısını aldığı fikri yeni araşdırmada təsdiqlənməyib. Alimlər iki il davam edən klinik sınaq zamanı bu əlavələrin idrak qabiliyyətlərinə və yaddaşla əlaqəli beyin nahiyəsinə nəzərəçarpacaq müsbət təsir göstərmədiyini müəyyən ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə “ScienceDaily” nəşri Cənubi Kaliforniya Universitetinin Kek Tibb Məktəbinin tədqiqatına istinadən məlumat yayıb.

Araşdırmada Alzheimer xəstəliyinə tutulma riski yüksək olan 55-80 yaş arası 365 nəfər iştirak edib. Onların hamısı az miqdarda balıq istehlak edib. İştirakçıların təxminən yarısında xəstəlik riskini artıran APOE4 gen variantı olub.

Tədqiqatçılar iştirakçıları iki qrupa bölüblər. Birinci qrup gündəlik 2000 milliqram dokosaheksaen turşusu (DHA) qəbul edib, ikinci qrupa isə plasebo verilib. İkiqat kor üsulla aparılan sınaqda nə iştirakçılar, nə də tədqiqatçılar kimin hansı vasitəni qəbul etdiyini biliblər.

Altı aydan sonra omeqa-3 qəbul edənlərin onurğa beyni mayesində DHA səviyyəsi orta hesabla 17 faiz artsa da, iki ilin sonunda yaddaş və digər idrak qabiliyyətləri üzrə testlərdə plasebo qrupu ilə müqayisədə üstünlük qeydə alınmayıb. Maqnit-rezonans tomoqrafiyası (MRT) nəticələri də əlavələrin yaddaşın formalaşmasında mühüm rol oynayan hipokampın kiçilməsinin qarşısını aldığını göstərməyib.

Tədqiqatın rəhbəri Hüseyn Naci Yassinin sözlərinə görə, nəticələr balıq yağından hazırlanan əlavələrin beyin sağlamlığını qoruduğuna dair gözləntiləri təsdiqləmir.

Bununla belə, alimlər əldə olunan nəticələrin omeqa-3-ün ümumiyyətlə faydasız olduğu və ya balıq istehlakının əhəmiyyətsizliyi anlamına gəlmədiyini vurğulayırlar. Onların fikrincə, bu maddələrin balanslaşdırılmış qidalanmanın tərkibində, xüsusilə balıq, tərəvəz, meyvə, qoz-fındıq, tam taxıllı məhsullar və zeytun yağından ibarət Aralıq dənizi pəhrizi çərçivəsində istehlakı faydalı ola bilər.

Tədqiqatçılar beyin sağlamlığının qorunması üçün müntəzəm fiziki aktivliyin, keyfiyyətli yuxunun və balanslaşdırılmış qidalanmanın vacibliyini qeyd ediblər. Onların qənaətinə görə, yüksək dozada omeqa-3 əlavələrinin qəbulu təkbaşına yaşla əlaqəli beyin dəyişikliklərindən qorunmağa zəmanət vermir.

Qeyd edək ki, araşdırma konkret risk qrupunu əhatə edib və onun nəticələri omeqa-3 əlavələrinin bütün insanlarda mümkün təsirlərini tam müəyyənləşdirmir.

Aydın