
Təxminən 2,4 milyard il əvvəl baş verən iqlim dəyişiklikləri Yer atmosferində oksigenin toplanmasına və həyatın inkişafı üçün əlverişli şəraitin yaranmasına kömək edib. Alimlər müəyyən ediblər ki, buzlaqların əriməsi nəticəsində okeanlara daşınan fosfor və kükürd mikroorqanizmlərin fəaliyyətini gücləndirib.
Qaynarinfo xəbər verir ki, bu barədə “Popular Mechanics” nəşri məlumat yayıb.
Kaliforniya Universitetinin Riversayd kampusunun və Lids Universitetinin tədqiqatçıları Cənubi Afrikada yerləşən Transvaal süperqrupuna aid qədim süxurları araşdırıblar. Nəticələr göstərib ki, buz örtüyünün əriməsindən sonra su axınları qurudan okeanlara fosfor və kükürd daşıyıb.
Həmin dövrdə Yer atmosferi indiki vəziyyətindən xeyli fərqlənirdi. Atmosferdə əsasən metan, karbon qazı və su buxarı üstünlük təşkil edir, sərbəst oksigen isə demək olar ki, toplanmırdı. Oksigenin bir hissəsi metan və süxurlarla kimyəvi reaksiyalara girdiyindən onun atmosferdə artması çətinləşirdi.
Tədqiqatçılara görə, okeanlara daxil olan kükürd mikroorqanizmlərin üzvi qalıqları parçalamaq üçün istifadə etdiyi sulfatların yaranmasına şərait yaradıb. Bu proses zamanı fosforun yenidən suya buraxılması bioloji məhsuldarlığı artırıb. Nəticədə okeanlarda daha çox üzvi maddə yaranıb və onların bir hissəsi dəniz dibində toplanıb.
Üzvi karbonun dəniz çöküntülərində qalması onun atmosferə geri qayıtmasını məhdudlaşdırıb. Bu da oksigenin atmosferdə toplanmasına imkan verən mühüm amillərdən biri olub.
Belə dəyişikliklər Yer tarixində Böyük Oksigenləşmə hadisəsi kimi tanınan prosesə töhfə verib. Həmin dövrdə atmosferdə oksigenin miqdarı əhəmiyyətli dərəcədə artmağa başlayıb.
Bununla belə, proses davamlı olmayıb. Dəniz çöküntülərində piritin toplanması kükürdün bir hissəsini bağlayaraq mikroorqanizmlərin istifadə edə bildiyi sulfatların miqdarını azaldıb. Nəticədə üzvi maddələrin yaranması və karbonun dəniz dibində toplanması zəifləyib, oksigenin artımı isə ləngiyib.
Alimlərin qənaətinə görə, bu qeyri-sabit proseslər 200 milyon ildən çox davam edib. Sonrakı buzlaşma və okeanlara yenidən fosfor daxil olması atmosferdə oksigenin nisbətən sabit səviyyəyə çatmasına şərait yaradıb.
Tədqiqat qədim iqlim dəyişikliklərinin həyatın inkişafına necə təsir etdiyini göstərir. Bununla yanaşı, alimlər vurğulayırlar ki, Yer üzündə oksigenin artması və həyatın mürəkkəbləşməsi tək bir hadisə ilə deyil, uzun müddət ərzində baş verən bir-biri ilə əlaqəli geoloji və bioloji proseslərlə bağlı olub.
Aydın