
Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimi keçirilib.
Qaynarinfo-nun məlumatına görə, tədbir Bakı Kristal Zalında baş tutub.
İlk olaraq Azərbaycanın Dövlət Himni səsləndirilib.
Təşkilat Komitəsinin sədri Samir Şərifov və FIFA prezidenti Canni İnfantino U-15 dünya çempionatının önəmindən bəhs ediblər. Rəsmi şəxslərin çıxışından sonra açılış mərasiminin bədii proqramı baş tutub. Son olaraq FIFA-nın və iştirakçı ölkələrin bayraqları meydana gətirilib.
Bu gün start götürən turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.
Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçiriləcək. Açılış və final görüşləri Bakı Kristal Zalında gerçəkləşəcək. Azərbaycan millisi bu gün Bakı Kristal Zalında Timor-Leste yığması ilə üz-üzə gələcək.
Xatırladaq ki, Azərbaycan komandası oktyabrın 25-də saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq. Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq. Seçmə kollektiv oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada qarşılaşacaq.