
İspaniya futbolunun iki nəhəngi – “Barselona” və “Real Madrid” arasında uzun illərdir davam edən rəqabət hakimlərə ödənişlərlə bağlı qalmaqal fonunda daha da kəskinləşib. “Negreyra işi” kimi tanınan məhkəmə prosesi 2026-2027-ci il mövsümünün ilk “El-Klasiko”su ərəfəsində yenidən gündəmə gəlib. Tərəflər bir-birini futbolun nüfuzuna xələl gətirməkdə və ictimai rəyi manipulyasiya etməkdə ittiham edirlər.
Qaynarinfo "Goal"a istinadən xəbər verir ki, qalmaqal 2023-cü ilin fevralında İspaniya mətbuatında yayılan məlumatlardan sonra geniş rezonans doğurub. Həmin məlumatlara əsasən, “Barselona” 2001-ci ildən 2018-ci ilədək İspaniya Futbol Federasiyasının Hakimlər Texniki Komitəsinin sədr müavini olmuş Xose Mariya Enrikez Negreyranın şirkətlərinə milyonlarla avro ödəyib. Ödənişlərin hakimliklə bağlı texniki hesabatlar və məsləhət xidmətləri müqabilində edildiyi bildirilib.
“Barselona” rəhbərliyi hakimlərə rüşvət verilməsi iddialarını dəfələrlə rədd edib. Klubun prezidenti Joan Laporta ödənişlərin texniki xidmətlərlə bağlı olduğunu bildirərək komandanın heç vaxt hakimlərdən xüsusi münasibət əldə etməyə çalışmadığını vurğulayıb. “Real Madrid” isə məsələni daha ciddi araşdırmağı tələb edir və bu ödənişlərin futbol yarışlarının dürüstlüyünə təsir göstərə biləcəyini iddia edir.
İş üzrə araşdırma zamanı müxtəlif ittihamlar irəli sürülsə də, prosesin hüquqi istiqamətində dəyişikliklər baş verib. 2024-cü ildə məhkəmə Negreyranın dövlət qulluqçusu hesab edilə bilməyəcəyi qənaətinə gələrək onunla bağlı rüşvət ittihamını aradan qaldırıb. Bununla belə, ödənişlərin mahiyyəti və mümkün digər hüquq pozuntuları ilə bağlı mübahisələr davam edib.
“Real Madrid”in prezidenti Florentino Peres klubun bu məsələnin sona qədər araşdırılmasında maraqlı olduğunu bildirir. Madrid təmsilçisi 2026-cı ilin oktyabrında işlə bağlı əlavə sənədləri UEFA-ya təqdim edib. Avropa futbol qurumu sənədlərin davam edən araşdırma çərçivəsində nəzərdən keçiriləcəyini açıqlayıb.
“Barselona” isə UEFA-nın yeni araşdırmaya başlamadığını, 2023-cü ildə açılmış prosesin hələ də davam etdiyini bəyan edib. Klub təqdim olunan sənədlərin alınmasının yeni ittihamların irəli sürülməsi və ya əvvəlki prosesin yenidən açılması demək olmadığını vurğulayıb.
Qalmaqal İspaniya La Liqasının prezidenti Xavyer Tebasla “Real Madrid” arasında da qarşıdurmaya səbəb olub. Tebas Madrid klubunu və onun televiziya kanalını hakim qərarları ilə bağlı birtərəfli mövqe sərgiləməkdə, ictimaiyyətdə qurban obrazı yaratmaqda ittiham edib. O, klubun istifadə etdiyi təbliğat üsullarını nasist Almaniyasının təbliğat mexanizmləri ilə müqayisə edib. “Real Madrid” bu açıqlamaya sərt reaksiya verərək Tebasın həm La Liqanın rəhbəri, həm də İspaniya Futbol Federasiyası rəhbərliyindəki vəzifəsindən istefasını tələb edib.
Beləliklə, illərdir davam edən “El-Klasiko” rəqabəti artıq təkcə meydandakı nəticələrlə məhdudlaşmır. Hakimlik sisteminə etimad, klubların nüfuzu və futbolun idarəçiliyi ətrafında yaranan mübahisələr İspaniya futbolunun ən böyük qarşıdurmalarından birini daha da mürəkkəbləşdirir.
Aydın