
Ağsu rayonunda Bico Bələdiyyəsinə məxsus 12 800 manatlıq metal boruları oğurlamaqda və daha bir hissəsini oğurlamağa cəhd etməkdə təqsirləndirilən şəxsə cəza verilib.
Qaynarinfo-nun məlumatına görə, 1985-ci ildə Sabirabad şəhərində anadan olan Namiq Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onun həbsdə və ev dustaqlığında olduğu 6 ay 7 gün müddət cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 11 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Məhkəmə materiallarına görə, hadisə Ağsu rayonunun Bico kəndində heyvanların suvarılması üçün yaradılmış süni gölə su daşıyan borularla bağlı olub. Təqsirləndirilən şəxs 270 millimetr diametrində, 120 metr uzunluğunda dəmir borunu kəsərək oğurlayıb. Borunun dəyəri 6 min manat qiymətləndirilib.
O, daha sonra 136 metr uzunluğunda, 6 min 800 manat dəyərində olan digər boruları da kəsərək aparmağa hazır vəziyyətə gətirib. Lakin Bico Bələdiyyəsinin sədri və kəndin icra nümayəndəsinin müdaxiləsi nəticəsində bu cəhd baş tutmayıb.
İş materiallarında göstərilib ki, Namiq boruların şirkətə məxsus olduğunu və onları aparmağa icazə verildiyini düşündüyünü bildirib. O, metal boruları kəsib daşımaq üçün bir neçə nəfəri gündəmuzd işə cəlb edib, yük maşını ilə boruları Bakıya apararaq satıb.
Məhkəmədə Bico Bələdiyyəsinin nümayəndəsi dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdıqlarını və şikayətlərinin olmadığını bildirib.
Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını, zərəri ödəməsini və zərərçəkmiş tərəflə barışmasını yüngülləşdirici hallar kimi nəzərə alıb.
Hökmə əsasən, onun üzərinə hər gün saat 23:30-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsi gəzdirmək və Sabirabad rayonunun ərazisini tərk etməmək öhdəlikləri qoyulub. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilib, başqa yerə getməmək haqqında iltizam seçilib.
Aydın