
Gələn il Azərbaycanda 40-dan çox dövlət müəssisəsinin dövlət büdcəsinə təxminən 900 milyon manat dividend ödəməsi nəzərdə tutulur. Maliyyə naziri Sahil Babayevin sözlərinə görə, dövlət şirkətlərinin maliyyə hesabatlarının təhlili nəticəsində ilk dəfə olaraq bu qədər müəssisə üzrə dividend ödənişləri proqnozlaşdırılıb.
Bəs dövlət şirkətləri həqiqətən mənfəətlə işləyərək büdcəyə gəlir gətirəcək, yoxsa dividend ödənişlərinin arxasında dövlət maliyyəsinin başqa mexanizmləri dayanır? Büdcədən subsidiya və maliyyə yardımı alan müəssisələrin dividend ödəməsi nə dərəcədə əsaslıdır?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Qaynarinfo-ya açıqlamasında bildirib ki, dövlət müəssisələrinin büdcəyə dividend ödəməsi realdır, lakin bunun iqtisadi əsasları hər şirkət üzrə ayrıca qiymətləndirilməlidir:

"Dövlət müəssisələrinin büdcəyə dividend ödəməsi realdır, lakin bunun iqtisadi əsasları hər şirkət üzrə ayrıca qiymətləndirilməlidir. Müəssisə mənfəətlə işləyirsə, dividend ödəməsi normaldır. Ancaq bəzi dövlət şirkətləri eyni zamanda büdcədən subsidiya və maliyyə yardımı alırsa, burada əsas məsələ həmin vəsaitlərin hansı məqsədlə ayrılması və şirkətin faktiki maliyyə nəticələridir".
İqtisadçı qeyd edib ki, subsidiya və dividend fərqli məqsədlərə xidmət edir və onların eyni vaxtda mövcudluğu avtomatik olaraq ziddiyyət yaratmır:
“Subsidiya konkret ictimai xidmətin göstərilməsi və ya zərərin kompensasiyası üçün verilə bilər, dividend isə dövlətin müəssisədəki payından əldə etdiyi gəlirdir. Buna görə də bu iki ödənişin eyni vaxtda mövcudluğu avtomatik olaraq ziddiyyət demək deyil”.
Akif Nəsirlinin sözlərinə görə, əsas məsələ dövlət şirkətlərinin dividend ödənişlərini hansı maliyyə mənbələri hesabına həyata keçirməsidir:
“Lakin şirkət büdcədən aldığı vəsait hesabına dividend ödəyirsə, dövlətin bir əli ilə verdiyi pulu digər əli ilə geri alması kimi vəziyyət yarana bilər. Bu səbəbdən 900 milyon manatlıq dividend proqnozunun real iqtisadi gəlirə nə dərəcədə əsaslandığını müəyyənləşdirmək üçün müəssisələrin mənfəəti, subsidiya asılılığı, borcları və pul axınları açıqlanmalıdır. Əsas göstərici büdcəyə köçürülən məbləğ deyil, dövlət müəssisələrinin nə dərəcədə səmərəli və dayanıqlı fəaliyyət göstərməsidir”.
Günay İlqarqızı