Xəbər lenti

Mis qiymətləri ucuzlaşır: Süni intellekt şirkətlərinin səhmləri bazara təsir edir
Dünya13:35 23.10.2026

Mis qiymətləri ucuzlaşır: Süni intellekt şirkətlərinin səhmləri bazara təsir edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünya üzrə texnologiya şirkətlərinin səhmlərinin ucuzlaşması mis bazarında da qiymətlərə təzyiq göstərir.

Qaynarinfo xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

London Metal Birjasında misin bir tonunun qiyməti 14 150 dolları ötüb. Bununla belə, metal son bir ayda üçüncü dəfə həftəlik ucuzlaşma ilə üzləşib. Təkcə bu həftə misin qiyməti təxminən 2% azalıb. Bu, sentyabrda qeydə alınan rekord səviyyədən geri çəkilmənin davamıdır.

Cümə günü dünya üzrə texnologiya şirkətlərinin səhmlərindəki eniş daha da güclənib. İri şirkətlərin maliyyə nəticələri investorların süni intellekt bumunun dayanıqlılığı ilə bağlı narahatlıqlarını aradan qaldırmayıb. Bu vəziyyət metal bazarlarında da mənfi əhval-ruhiyyəni gücləndirib.

Çinin “Guoyuan Futures” şirkətinin analitiki Fan Rui bildirib ki, səhmlərin kütləvi satışı misdən qızıla qədər müxtəlif metalların bazarına ciddi təzyiq göstərir. Onun sözlərinə görə, digər sektorlarda tələbatın zəif qalması metal bazarlarında qısamüddətli gözləntilərə mənfi təsir edir.

Bununla belə, mis bu il ümumilikdə təxminən 14% bahalaşıb. Qiymət artımına ABŞ-yə metal axınının güclənməsi və Donald Tramp administrasiyasının emal edilmiş misə gömrük rüsumu tətbiq edəcəyi ilə bağlı ehtimallar təsir göstərib. Lakin treyderlər Vaşinqtonun həqiqətən belə bir addım atacağına getdikcə daha çox şübhə ilə yanaşırlar.

Təklif tərəfində də problemlər mövcuddur. Çilinin maliyyə naziri Xorxe Kirosun proqnozuna görə, ölkədə mis hasilatı bu il 8-9% azala bilər. Dünyanın ən böyük mis istehsalçısı olan Çilidə mədən sənayesinin fəaliyyətinə ölümcül qəzalar və ekstremal hava şəraiti mənfi təsir göstərib.

Çində xammal çatışmazlığı misəritmə zavodlarını istehsalı azaltmağa vadar edir. Məlumata görə, Çin müəssisələri gələn il üçün mis konsentratının tədarükü ilə bağlı danışıqlar ərəfəsində emal həcmlərini azaltmağı planlaşdırırlar. Bəzi zavodlar artıq avadanlıqların texniki baxımına başlayıb və minimum güclə işləyir.

Günay