
Yapon yazıçı Ryu Murakami 74 yaşında vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə “Jiji Press” məlumat yayıb.
Naqasaki prefekturasında anadan olan yazıçı ötən şənbə günü dünyasını dəyişib. Ailəsi onun üçün qapalı mərasim təşkil edib.
Ryu Murakami “Demək olar ki, şəffaf mavi” (“Almost Transparent Blue”) və “Sikkə şkafındakı körpələr” (“Coin Locker Babies”) kimi əsərləri ilə tanınıb.
Yazıçı 1976-cı ildə ilk romanı olan “Demək olar ki, şəffaf mavi” əsərinə görə “Gunzo” Gənc Yazıçılar Mükafatına və nüfuzlu Akutaqava mükafatına layiq görülüb. Musasino İncəsənət Universitetində tələbə olarkən qələmə aldığı roman bestsellerə çevrilib və təxminən 3,5 milyon nüsxə satılıb.
Murakaminin əsərlərində zorakılıq, narkotiklər, seksuallıq və yadlaşma kimi mövzular geniş yer tutub. O, ənənəvi ədəbiyyat çərçivələrindən kənara çıxan yaradıcılığı ilə seçilib.
Yazıçı rejissor və ssenarist kimi də fəaliyyət göstərib. Bundan başqa, “TV Tokyo” telekanalında yayımlanan “Cambrian Palace” verilişinin baş müsahibəçisi olub və təxminən 20 il bu proqramı aparıb.
Günay