
Fransaya yaxınlaşan “Austen” fırtınası ölkədə ciddi fəsadlara səbəb olub. Güclü külək və yüksək dalğalar səbəbindən 161 min ev təsərrüfatının elektrik enerjisi ilə təchizatı kəsilib.
Qaynarinfo xəbər verir ki, bu barədə elektrik şəbəkəsinin operatoru “Enedis” məlumat yayıb.
Şirkətin açıqlamasına görə, elektrik enerjisiz qalan ev təsərrüfatlarından 128 mini Bretan, 19 mini Luara torpaqları, 14 mini isə Normandiya bölgəsində yerləşir. “Enedis” şərait imkan verən kimi müdaxilə etmək üçün 2 mindən çox əməkdaşın hazır vəziyyətdə olduğunu bildirib.
Fırtınanın yaxınlaşması ilə əlaqədar Fransanın şimal-qərbindəki 23 departamentdə güclü külək səbəbindən narıncı səviyyəli xəbərdarlıq elan edilib.
BFMTV telekanalının məlumatına görə, güclü külək və yüksək dalğalar səbəbindən Fransa ilə İngiltərə arasında hərəkət edən bərələr səhər saatlarında limanlarda qalıb. Fırtınanın təsirinə məruz qalan bölgələrdə qatarların hərəkətində də ən azı günortayadək ciddi fasilələr gözlənilir.
Finister departamentində güclü külək qeydə alındığı üçün prefekturada böhran vəziyyətinə müdaxilə mərkəzi yaradılıb. Gecə yarısınadək departament xidmətləri, əsasən yolların təmizlənməsi ilə bağlı, 105 əməliyyat həyata keçirib. Yanğınsöndürənlər isə 45 hadisəyə müdaxilə etmək üçün səfərbər olunublar.
Günay