Xəbər lenti

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edildi
Ölkə12:31 23.10.2026

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Fərhad Qurban oğlu Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib.

Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, oktyabrın 26-da Fərhad Xəlilov 80 yaşı tamam olacaq. O, 26 oktyabr 1946-cı ildə Bakıda anadan olub. İlk peşə təhsilini 1961–1966-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində alıb. Daha sonra Stroqanov Rəssamlıq Məktəbində və Moskva Poliqrafiya İnstitutunda təhsilini davam etdirib. Rəssam əmək fəaliyyətinə 1963-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında başlayıb. 1969-cu ildə SSRİ Rəssamlar İttifaqına üzv qəbul edilən Fərhad Xəlilov 1987-ci ildən Azərbaycan Rəssamlar İttifaqının sədridir. O, 2002-ci ildə “Azərbaycan Respublikasının xalq rəssamı” fəxri adına layiq görülüb, 2008-ci ildən isə Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür.

Fərhad Xəlilovun yaradıcılığında Abşeronun təbiəti və mənzərələri xüsusi yer tutur. Rəssamın əsərlərində yarımadanın sahil zolaqları, çimərlikləri və Nardaran, Buzovna, Zağulba, Maştağa, Mərdəkan kimi yaşayış məntəqələrinin özünəməxsus görüntüləri əksini tapıb.

Onun əsərləri müxtəlif illərdə dünyanın bir sıra ölkələrində, qalereyalarda və beynəlxalq sərgilərdə nümayiş etdirilib. Fərhad Xəlilov Azərbaycan rəssamlıq məktəbinin tanınmış nümayəndələrindən biri kimi ölkənin təsviri sənətinin inkişafında mühüm rol oynayıb.