Xəbər lenti

ABŞ Ukraynaya NATO-dan imtina müqabilində Aİ üzvlüyü təklif edir – “The Economist”
Dünya13:17 23.10.2026

ABŞ Ukraynaya NATO-dan imtina müqabilində Aİ üzvlüyü təklif edir – “The Economist”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ Ukrayna ilə mümkün sülh sazişi çərçivəsində Donbasda demilitarizasiya zonasının yaradılmasını, Kiyevin NATO-ya üzvlükdən imtina etməsini və bunun əvəzində Avropa İttifaqına üzvlük perspektivini müzakirə edir.

Qaynarinfo xəbər verir ki, bu barədə “The Economist” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, təkliflər paketinə Ukraynaya investisiyaların cəlb edilməsi də daxildir. Bunun müqabilində Rusiyanın ABŞ şirkətləri ilə biznes müqavilələri bağlaması, Moskva əleyhinə sanksiyaların yumşaldılması və siyasi münasibətlərin normallaşdırılması nəzərdə tutulur. Eyni zamanda, Rusiya qazının Avropaya tədarükünün və “Şimal axını” kəmərinin fəaliyyətinin bərpası ehtimalı da müzakirə olunur.

Ukraynalı rəsmilər narahatdırlar ki, danışıqlarda iştirak edən bəzi şəxslər üçün iqtisadi maraqlar davamlı sülhün əldə olunmasından daha vacib ola bilər. Onların ehtimalına görə, ABŞ Prezidenti Donald Trampın nümayəndələri Ukrayna üçün məqbul şərtlər və təhlükəsizlik təminatları müəyyənləşdirilməmiş Rusiya ilə sərfəli razılaşmalar əldə etməyə çalışa bilərlər.

Nəşrin ABŞ hökumətindəki mənbələrindən biri Trampın son addımlarının Ukraynanı təslim olmağa məcbur etmək məqsədi daşımadığını, onun Rusiyanın uğurlu informasiya əməliyyatının təsiri altına düşdüyünü bildirib.

ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Rusiya Prezidenti Vladimir Putinin motivlərini əsasən iqtisadi və ərazi maraqları ilə əlaqələndirirlər. Nəşrin qiymətləndirməsinə görə, bu yanaşma onları Moskvanın manipulyasiyalarına qarşı həssas edir.

ABŞ-ın Ukraynada “Starlink” xidmətinin fəaliyyətini məhdudlaşdırmaq qərarı diplomatik xəbərdarlıq kimi qəbul edilsə də, bunun döyüş meydanında da nəticələri hiss olunub. Nəşr qeyd edir ki, Trampın Rusiya ilə dizel yanacağı sazişi bağlaması və yeni sanksiyaların tətbiqini təxirə salması Moskvanın mövqeyini gücləndirib.

Məqalədə Trampın aralıq seçkilərdə Respublikaçılar Partiyasının mümkün məğlubiyyətindən sonra daha aqressiv siyasət yürüdə biləcəyi də vurğulanır. Nəşrin danışdığı konqresmen hesab edir ki, demokratlar Konqresə nəzarəti ələ keçirərək Trampa qarşı araşdırmaları genişləndirsələr, prezident daha sərt addımlar ata bilər. Bu isə Ukraynanın maraqlarına uyğun olmaya bilər.

Bununla yanaşı, Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlarını davam etdirir. Nəşr hesab edir ki, Moskva danışıqları uzadaraq sanksiyaların ləğvi kimi əlavə güzəştlər əldə etməyə çalışa bilər.

Xatırladaq ki, Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri də Rusiyanın ABŞ-la danışıqlarda əsas məqsədinin iqtisadi güzəştlər əldə etmək və müharibəni maliyyələşdirmək imkanlarını qorumaq olduğunu bildiriblər.

Günay