
İlon Mask gələcəkdə iqtisadi dəyərin ənənəvi pul vahidləri əvəzinə enerji və fiziki resurslar əsasında ölçülə biləcəyini düşünür. “Tesla” və “SpaceX” şirkətlərinin rəhbərinə görə, süni intellekt, robotlar və kosmosda istehsal texnologiyaları mövcud pul sistemlərinin əhəmiyyətini azalda bilər.
Qaynarinfo xəbər verir ki, Mask bu fikirlərini bioqrafı Uolter Ayzeksonla “The Builders” proqramı üçün avqustun 6-da keçirilən söhbətdə bölüşüb. Müsahibə oktyabrın 20-də yayımlanıb.
Pulun ölçüsü vatt və ton ola bilər
Maskın ehtimalına görə, gələcəkdə insanlar puldan istifadəni tamamilə dayandırmaya bilərlər. Lakin pulun dəyəri enerji və fiziki resurslarla əlaqələndirilə bilər. O, bu yanaşmanı izah edərkən vatt və ton vahidlərini nümunə göstərib.
Bu ssenari robotların istehsalı əhəmiyyətli dərəcədə artırdığı, insanların isə Yerdən kənarda yeni resurslar əldə etdiyi gələcəyə əsaslanır. Mask hesab edir ki, belə bir iqtisadi model insanların mal və xidmətlərə olan tələbatının ödənilməsini asanlaşdıra bilər.
Bununla belə, vatt gücü, ton isə kütləni ölçür. Bu göstəricilər məhsulun dəyərini müəyyənləşdirən tələb, resursların qıtlığı və digər iqtisadi amilləri təkbaşına əks etdirmir. Mask da çıxışında belə bir sistemin konkret olaraq necə işləyəcəyini açıqlamayıb.
ABŞ-ın dövlət borcunun həllini robotlarda görür
Mask süni intellekt və robotların ABŞ-ın dövlət borcu probleminin həllində də rol oynaya biləcəyini düşünür. O, 2025-ci ildə Donald Tramp administrasiyası ilə bağlı fəaliyyətindən sonra dövlət xərclərinin azaldılması yolu ilə bu problemin həllinin çətin olduğu qənaətinə gəldiyini bildirib.
Maskın fikrincə, siyasi rəhbərlik zəruri ixtisarları həyata keçirmək üçün kifayət qədər iradə nümayiş etdirmir. O, çıxış yolunu maşınların istehsalı artırmasında görür.
Lakin istehsalın yüksəlməsi dövlət borcunun avtomatik azalacağı anlamına gəlmir. Bunun üçün iqtisadi artımın büdcə gəlirlərinə təsiri, dövlətin xərcləri və borclanma siyasəti də mühüm əhəmiyyət daşıyır.
Mask sərvətinin gələcək nəsillərdə azalacağını düşünür
Milyarder öz sərvətinin əsasən “Tesla” və “SpaceX” şirkətlərindəki paylarından qaynaqlandığını bildirib. O, bu şirkətlərdə təsir imkanlarını qorumaq üçün həmin payların əhəmiyyətli olduğunu vurğulayıb.
Mask vergilərin təsiri ilə sərvətinin gələcək nəsillər ərzində azalacağını düşünür. Onun sözlərinə görə, nəvələri indiki sərvətinin yalnız kiçik bir hissəsinə sahib ola bilərlər. Mask həmçinin fondunun Yerdən kənarda həyatın inkişafı və dayanıqlı enerji layihələrini dəstəkləməsini istəyir.
Aydın