
Antarktidadan qopan A81 və D32 aysberqləri minlərlə kilometrlik yol qət etdikdən sonra Cənubi Corciya adasına doğru hərəkət edir. Yeni peyk görüntüləri onların marşrutunu göstərir. Mütəxəssislər aysberqlərin dayazlıqlarda ilişib qalması ehtimalına və gəmilər üçün təhlükə yaradan kiçik buz parçalarına diqqət çəkirlər.
Qaynarinfo xəbər verir ki, üç ildən çox əvvəl Antarktidanın buz şelflərindən qopan A81 və D32 aysberqləri minlərlə kilometr yol qət etdikdən sonra Cənubi Atlantik okeanında yerləşən Britaniyaya məxsus Cənubi Corciya adasına doğru istiqamət alıb. Avropa İttifaqının “Kopernikus” peyklərindən əldə edilən yeni görüntülər Skotiya dənizində sürüklənən bu iki nəhəng buz kütləsinin ada ətrafındakı dayazlıqlara doğru irəlilədiyini göstərir.
Lakin Cənubi Corciya ətrafında üzən gəmilər üçün təhlükə təkcə yaxınlaşan iki nəhəng aysberqlə məhdudlaşmır. Bu buz kütlələri əriyib parçalandıqca ətrafa yayılan, bəzən ev və ya avtomobil ölçüsünə çatan buz parçalarını radar vasitəsilə aşkar etmək olduqca çətindir.
A81-in sahəsi təxminən 1 340 kvadratkilometrdir
İki aysberqin daha böyüyü olan A81 2023-cü ilin yanvarında Brunt buz şelfindən ayrılıb. Onun təxminən 1 340 kvadratkilometr ərazini əhatə edən sahəsi Londonun mərkəzi hissəsinin ölçüsünə yaxındır. 2022-ci ilin oktyabrında Amery buz şelfindən qopan D32 isə təxminən 106 kvadratkilometr sahəyə malikdir.
A81-in ayrılmasına səbəb olan proses Böyük Britaniyanın idarə etdiyi Heyli tədqiqat stansiyasının təxminən 20 kilometrliyində yerləşən böyük çatın genişlənməsi ilə başlayıb. Tədqiqatçılar təhlükəsizlik səbəbindən 2016-cı ildə stansiyanı tamamilə materikin daha daxili hissəsinə köçürmək məcburiyyətində qalıblar.
Aysberqlər dayazlıqlarda ilişib qalsa, nə baş verər?
Okeanoloqlar güclü cərəyanların aysberqləri adanın ətrafından uzaqlaşdırması ehtimalını yüksək qiymətləndirirlər. Bununla belə, buz kütlələrinin dayaz kontinental şelfdə ilişərək sahilə oturması ehtimalı da var. Mütəxəssislər aysberqlərin birbaşa adaya çırpılmasından daha çox, parçalanma zamanı yaranan kiçik buzların balıqçı və turizm gəmiləri üçün yaratdığı naviqasiya təhlükəsindən narahatdırlar.
Aysberqlər adadan təxminən 100 kilometr aralıda dəniz dibinə ilişib qalsa, ətrafdakı ekosistemə də təsir göstərə bilər. Ərimə zamanı Antarktida süxurlarından daşınan qida maddələri suya qarışaraq təbii gübrələmə effekti yarada və fotosintez edən fitoplanktonların çoxalmasına şərait yarada bilər.
Bununla yanaşı, böyük buz kütlələrinin uzun müddət eyni yerdə qalması suyun temperaturunu və cərəyanların tarazlığını poza bilər. Bu isə yerli dəniz canlılarının yaşayış mühitinə mənfi təsir göstərə bilər.
Aydın