Xəbər lenti

Onlayn satışlara nəzarət sərtləşir: Vergidən yayınma bitəcəkmi? (ŞƏRH)
Ekonomiks16:05 22.10.2026

Onlayn satışlara nəzarət sərtləşir: Vergidən yayınma bitəcəkmi? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda elektron ticarət sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və nəzarət mexanizmlərinin genişləndirilməsi nəzərdə tutulur. Təklif olunan dəyişikliklərin onlayn satışların şəffaflaşdırılmasına, sosial şəbəkələr üzərindən ticarət edən şəxslərin fəaliyyətinin rəsmiləşdirilməsinə və vergidən yayınma hallarının qarşısının alınmasına necə təsir edəcəyi maraq doğurur.

Yeni qaydalar elektron ticarətdə qeyri-rəsmi fəaliyyətin miqyasını azaltmağa və vergi daxilolmalarını artırmağa imkan verəcəkmi?

İqtisadçı Rauf Qarayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, elektron ticarətdə vergidən yayınmanın qarşısını yalnız sərt qanunlar və cərimələrlə almaq mümkün deyil.

Onun sözlərinə görə, burada həm iqtisadi, həm də sosial amillər nəzərə alınmalıdır:

“Onlayn satış məsələsinə iqtisadi və sosial baxımdan yanaşmaq lazımdır. Sosial tərəfdən baxanda, insanların evdən çıxmadan məhsul satması, özünə iş yeri yaratması müəyyən rahatlıq yaradır. Onlayn satışın tamamilə qarşısını almaq mümkün deyil. Hətta qanunları sərtləşdirsək, bank kartlarından istifadəyə nəzarəti artırsak belə, bu fəaliyyətin tam şəffaflaşacağına zəmanət yoxdur. Vergidən yayınma təkcə Azərbaycanda deyil, inkişaf etmiş ölkələrdə də mövcuddur. Sosial şəbəkələr xarici ölkələrdə idarə olunur, rəqəmsal nəzarət imkanları geniş olsa da, qeyri-rəsmi satışlar davam edir. Üstəlik, sosial şəbəkədə tanınan satıcı sonradan öz şəxsi əlaqələri vasitəsilə də məhsul sata bilər”.

İqtisadçı qeyd edib ki, fəaliyyətini rəsmiləşdirən satıcı vergi ödədiyi üçün məhsulun qiymətini artırmağa məcbur qala bilər. Bu isə vergi ödəməyən satıcılarla rəqabətdə çətinlik yaradır:

“Əgər satıcı vergi ödəyirsə, bu məbləği məhsulun qiymətinə əlavə etməli olur. Məsələn, 18 faizlik vergi yükü qiymətə təsir edə bilər. Digər tərəfdən, qeyri-rəsmi fəaliyyət göstərən satıcı məhsulunu 20-25 faiz daha ucuz təklif edə bilər. İstehlakçı da təbii olaraq ucuz məhsula üstünlük verir. Belə olan halda, vergisini ödəyən sahibkar rəqabətdə çətin vəziyyətə düşür. Mən Türkiyədə də illər əvvəl müşahidə etmişəm ki, bəzi böyük mağazalarda nağd ödəniş zamanı qiymətə 20 faiz güzəşt edilirdi. Bəzi hallarda endirimlər 20-30 faizə çatırdı. Bu nümunələr göstərir ki, qiymət və ödəniş forması alıcının seçiminə təsir edir”.

Rauf Qarayevin fikrincə, əsas məqsəd insanları yalnız cərimə qorxusu ilə deyil, vergi ödəməyin əhəmiyyətini başa düşərək fəaliyyətlərini rəsmiləşdirməyə təşviq etmək olmalıdır:

“Vətəndaş anlamalıdır ki, ödədiyi vergi dövlətin gəlirlərinin formalaşmasına, sosial infrastrukturun qurulmasına, DSMF ödənişlərinə, maaşların verilməsinə və digər ictimai ehtiyacların qarşılanmasına xidmət edir. İnsan ödədiyi vəsaitin hara getdiyini, dövlətə daxil olan pulun necə xərcləndiyini görə bilsə, vergiyə münasibəti də dəyişər. Vergi ödəyicisi bilməlidir ki, pul dövlət büdcəsinə daxil olur və nəzərdə tutulan məqsədlər üçün istifadə edilir. Əgər cəmiyyətdə vergilərin düzgün xərclənməsinə inam yaranarsa, insanların vergidən və gömrük ödənişlərindən yayınmağa marağı da azala bilər. Bunun üçün şəffaflıq və etimad vacibdir”.

İqtisadçı vergi intizamının formalaşmasında dövlət məmurlarının davranışının da əhəmiyyətli rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, korrupsiya halları və vəzifədən şəxsi maraqlar naminə istifadə edilməsi cəmiyyətdə vergi ödəməyə münasibətə mənfi təsir göstərə bilər:

“Əgər insanlar görürlərsə ki, bəzi məmurlar dövlət vəzifəsində işləyə-işləyə şəxsi biznes qurur, korrupsiya hesabına varlanır, iş yerində yol verdiyi qanun pozuntularına görə cəzalandırılmaq əvəzinə mükafatlandırılır, bu, cəmiyyətdə hansı düşüncəni formalaşdıracaq? Vətəndaş düşünəcək ki, mən niyə vergi ödəməliyəm, niyə qanuna əməl etməliyəm? Əgər bir tərəfdən adi vətəndaşdan vergi intizamı tələb olunur, digər tərəfdən vəzifəsindən sui-istifadə edən şəxslər məsuliyyətdən kənarda qalırsa, bu, ədalət hissini zədələyir. İnsanlar dövlətin özünün də eyni qaydalara əməl etdiyini görməlidirlər. Vergi mədəniyyətinin formalaşması üçün nümunəvi davranış və qanun qarşısında bərabərlik vacibdir”.

Rauf Qarayev sərt cərimələrin hər zaman gözlənilən nəticəni vermədiyini də bildirib. Onun fikrincə, cərimələrin məbləği şəxsin maddi imkanları və törətdiyi pozuntunun xarakteri nəzərə alınmaqla müəyyənləşdirilməlidir:

“Qanunları sərtləşdirmək, cərimələri artırmaq əvvəllər də sınanıb. Amma bu tədbirlərin kifayət qədər təsirli olub-olmadığına baxmaq lazımdır. Cərimə insanın ödəyə bilməyəcəyi qədər yüksək olarsa, o, evini və digər əmlakını satmağa məcbur qala bilər. Nəticədə həmin şəxs iqtisadi baxımdan tamamilə çətin vəziyyətə düşər. Belə yanaşma insanı düzəltmək əvəzinə daha aqressiv edə bilər. Cərimənin məqsədi insanı iqtisadi fəaliyyətdən kənarlaşdırmaq deyil, qanuna əməl etməyə yönəltmək olmalıdır. Şəxsə fəaliyyətini düzəltmək, vergi öhdəliklərini yerinə yetirmək və iqtisadiyyata töhfə vermək imkanı yaradılmalıdır. Nəzarət mexanizmləri ilə yanaşı, cərimələrin ədalətli və real ödəmə imkanlarına uyğun olması da nəzərə alınmalıdır”.

İqtisadçı hesab edir ki, elektron ticarətdə şəffaflığın artırılması üçün yalnız cəzalandırma mexanizmlərinə deyil, vergi sisteminə ictimai etimadın gücləndirilməsinə, sahibkarlar üçün bərabər rəqabət şəraitinin yaradılmasına və vergi ödəməyin faydasının izahına da diqqət yetirilməlidir.

Günay İlqarqızı