
Fransa Kənd Təsərrüfatı Nazirliyi insanın Şamonda virusuna ilk yoluxma halını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, əvvəllər bu virus yalnız heyvanlarda, əsasən iribuynuzlu mal-qara, qoyun və keçilərdə müşahidə olunub. Lionda müalicə alan yoluxmuş pasiyent vəfat edib. Buna baxmayaraq, nazirlik hazırda əhali üçün təhlükə olmadığını bildirir.
Mütəxəssislər müəyyən ediblər ki, kişi Fransanın şərqində yoluxub. Həmin ərazidə yaz və yay aylarında inək və qoyunlar arasında Şamonda virusunun aktivliyi yüksək olub.
İlk dəfə 1960-cı illərdə Nigeriyada aşkarlanan və qan soran həşəratlar — ağcaqanadabənzər xırda gövşəyənlər vasitəsilə yayılan Şamonda virusu heyvanlarda güclü qızdırma, halsızlıq və ishala səbəb olur, həmçinin sinir sisteminə təsir göstərir.
Virus əleyhinə vaksin hələ mövcud deyil. Lakin heyvanlar adətən bir neçə gün ərzində öz-özünə sağalırlar. Yoluxmuş kişidə virus ciddi nevroloji fəsadlara səbəb olub. Bu fəsadların xarakteri hazırda araşdırılır. Həkimlər hesab edirlər ki, vəfat edən kişi başqa ağır xəstəlikdən əziyyət çəkib və immunçatışmazlığın ağır formasına malik olub.
Mütəxəssislər laboratoriya ekspertizalarını davam etdirirlər. Araşdırmalar başa çatdıqdan sonra ətraflı hesabat və yekun tibbi nəticələr dərc ediləcək.
Hazırkı mərhələdə Fransa Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq məhsullarının istehlakının risk yaratmadığını bildirir.
Aydın