
1960-cı ildə fizik Haynts fon Försterin məşhur tənliyinə əsasən, 2026-cı il noyabrın 13-də, cümə günü, bəşəriyyətin sayının sonsuzluğa çatması gözlənilirdi. Məhz 1960-cı ildə hesablanmış bu tarix alimin məqaləsinə zarafatla “Doomsday” - yəni “Qiyamət günü” adının verilməsinə səbəb olmuşdu. Həmin gün dünyanın sonu gəlməyəcək, lakin bəşəriyyət həqiqətən də riyazi hesablamaların əvvəlcədən göstərdiyi dönüş nöqtəsində yaşayır.
Qaynarinfo xəbər verir ki, Rusiya Ali İqtisadiyyat Məktəbinin Sabitlik və risklərin təhlili mərkəzinin direktoru, professor Andrey Korotayev məlumat verib. Alimin həmin tarixə həsr olunmuş yeni məqaləsi “Cliodynamics” jurnalında dərc edilib.
1960-cı ildə fon Förster eramızın başlanğıcından 1958-ci ilədək dünya əhalisinin sayına dair məlumatlar əsasında hiperbolik artım əyrisi qurub və sinqulyarlıq nöqtəsini — əyrinin sonsuzluğa yönəldiyi anı hesablayıb. Bu tarix 2026-cı il noyabrın 13-ü, cümə gününə təsadüf edib. Maraqlıdır ki, həmin gün alimin öz doğum günü ilə də üst-üstə düşüb.
“Hamımız başa düşürük ki, bu il noyabrın 13-də dünyanın sonu gəlməyəcək. Bu, sırf elmi yumor idi”, deyə Korotayev bildirib.
Bununla belə, Korotayevin sözlərinə görə, bu zarafatın arxasında heyrətamiz dəqiqlik dayanır: fon Försterin qurduğu əyri dünya əhalisinin artımını 99,6 faiz dəqiqliklə təsvir edir. Bu proqnozu dörd milyard illik təkamül dövrünü əhatə edən “biosfer inqilabları” ardıcıllığını hazırlamış rusiyalı fizik Aleksandr Panovun araşdırmaları da təsdiqləyib.
Hər iki asılılıq XXI əsrin üçüncü onilliyinə doğru yaxınlaşır. Məhz bu dövrdə sistemdə köklü dəyişiklik baş verəcək. Böhranın səbəbi demoqrafiya ilə texnologiyalar arasındakı müsbət əks-əlaqədir. İnsanların sayı artdıqca ixtiraların sayı çoxalır, texnologiyalar inkişaf etdikcə isə daha çox ərzaq istehsal olunur və nəticədə əhali yenidən artır.
Alimin sözlərinə görə, bu cür əyrilər fiziklərə və kimyaçılara yaxşı məlumdur. Söhbət avtokatalitik reaksiyalarda, istilik partlayışlarında və bir sıra maqnit hadisələrində müşahidə olunan kəskinləşmə rejimindən gedir. Lakin bu proseslərdə sonsuzluğa çatmaq heç vaxt baş vermir. Kritik nöqtəyə müəyyən qədər vaxt qalmış sistem əvvəlki trayektoriyasından kənara çıxır və keyfiyyətcə fərqli vəziyyətə keçir.
“Fon Försterin məqaləsini diqqətlə oxusaq, onun proqnozu dünyanın sonu ilə bağlı deyildi. O, həmin tarixdən xeyli əvvəl bəşəriyyətin təxminən iki min il ərzində hərəkət etdiyi trayektoriyadan kənara çıxmalı olduğunu proqnozlaşdırırdı. Əslində, biz hazırda məhz bu faza keçidini yaşayırıq və məncə, bunu çoxları hiss edir. Dünya-sistem prinsipial olaraq fərqli bir sistemə çevrilir”, deyə tədqiqatçı izah edib.
Bu hekayənin rəmzi finalının noyabr ayında baş tutacağı gözlənilir. Korotayevin sözlərinə görə, fon Försterin əsas kəşfi ondan ibarətdir ki, məlum olan ən mürəkkəb sistemlərdən biri heyrətamiz dərəcədə sadə tənliklərlə və son dərəcə yüksək dəqiqliklə təsvir edilə bilir.
Aydın