Xəbər lenti

Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları
Ölkə15:50 22.10.2026

Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda yerləşən gözəllik salonundan müxtəlif kosmetik və saç baxımı avadanlıqları, eləcə də idman ayaqqabısı oğurlayan şəxs məhkəmə qarşısına çıxarılıb.

Qaynarinfo xəbər verir ki, iş materiallarına görə, hadisə 2026-cı ildə, gecə saat 02:00 radələrində Bakı şəhərinin Nizami rayonunda, Tofiq Abbasov küçəsində yerləşən yaşayış binasının yarımzirzəmisində fəaliyyət göstərən “Leyla” gözəllik salonunda baş verib.

İttihama əsasən, təqsirləndirilən şəxs salonun kilidli plastik giriş qapısını fiziki güc tətbiq etməklə açaraq içəri daxil olub. O, salondan müxtəlif markalı dırnaq boyaları, qaynaq aparatı, iki saç ütüsü, saçqurudan fen, dırnaq qurutma aparatı, dırnaq yonan aparat və bir cüt idman ayaqqabısı götürüb.

Oğurlanmış əşyaların ümumi dəyəri 672 manat 20 qəpik təşkil edib.

Məhkəmə iclasında müttəhim irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində hadisə zamanı özündə olmadığını, baş verənləri tam xatırlamadığını və həmin dövrdə depressiya keçirdiyini bildirib. Təqsirləndirilən şəxs vurulmuş ziyanın tam ödənildiyini, oğurladığı əşyaların hamısını polis bölməsində zərərçəkmiş şəxsə qaytardığını qeyd edib.

Son sözündə əməlinə görə peşman olduğunu bildirən təqsirləndirilən şəxs məhkəmədən ona son bir şans verilməsini xahiş edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi (saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmə) ilə təqsirli bilinərək 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Onun şübhəli şəxs qismində tutulduğu 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 2 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Seyid