
İranda fəaliyyət göstərən tanışlıq platformasının yetkinlik yaşına çatmayan uşaqları gələcək həyat yoldaşı namizədi kimi təqdim etməsi beynəlxalq hüquq müdafiəçilərinin diqqətini çəkib.
Qaynarinfo xəbər verir ki, “Human Rights Activists” (HRA) təşkilatının araşdırmasına görə, “Adam və Həvva” adlı platformada 13-14 yaşlı qızların profillərinə rast gəlinib, sistem isə hətta 12 yaşa uyğun doğum ilinin daxil edilməsini də qəbul edib.
Qaynarinfo xəbər verir ki, HRA-nın oktyabrın 8-də dərc etdiyi “Rəqəmsal dövrdə uşaq nikahları” adlı hesabatda platformanın fəaliyyəti, İranın nikah qanunvericiliyi, dövlətin demoqrafik siyasəti və beynəlxalq texnologiya şirkətlərinin məsuliyyəti araşdırılıb.
Hesabatın dərcindən sonra “Google” və “Meta” platformanı müvafiq xidmətlərindən silib.
Platformada 13-14 yaşlı qızların profilləri aşkarlanıb
Araşdırmanın əsas nəticələrindən biri yetkinlik yaşına çatmayan şəxslərin “Adam və Həvva” sistemində gələcək həyat yoldaşı namizədi kimi təqdim oluna bilməsidir.
Platformanın istifadə qaydalarında hesab yaratmaq üçün qadınların ən azı 15, kişilərin isə 18 yaşında olması tələb edilsə də, HRA sistemin 12 yaşa uyğun doğum ilini qəbul etdiyini müəyyənləşdirib. Bu zaman istifadəçiyə yaşla bağlı xüsusi xəbərdarlıq göstərilməyib.
Bundan başqa, valideynlərə övladları üçün tanışlıq profili yaratmaq imkanı verilib. Platformanın axtarış sistemi vasitəsilə 13 yaşdan başlayan namizədləri yaşa görə seçmək də mümkün olub.
HRA-nın 5 oktyabr 2026-cı ildə apardığı yoxlama zamanı 13-17 yaşlı qızların axtarışı nəticəsində sistemin göstərdiyi maksimum həddə — 100 profilə çıxış əldə edilib. Siyahıda 13 və 14 yaşlı qızların profilləri də yer alıb.
Hesabatda platformanın özünün yayımladığı nikah elanlarından da nümunələr göstərilib. Onlardan birində 16 yaşlı qızın 23 yaşlı kişi ilə nikahı barədə məlumat verilib. Digər paylaşımda isə 17 yaşlı qızla 30 yaşlı kişinin nikahı elan olunub.
Araşdırma zamanı müəyyən edilib ki, istifadəçilərdən yaşadıqları yer, təhsil, dini və siyasi baxışlar, geyim, fiziki görünüş, həyat tərzi və gələcək həyat yoldaşından gözləntiləri barədə ətraflı məlumatlar istənilir. Fiziki görünüş və cinsi istəklərlə bağlı özünüqiymətləndirmə sualları da mövcuddur.
HRA-nın məlumatına görə, yetkinlik yaşına çatmayan şəxslərin profillərinə hesaba daxil olmadan da baxmaq mümkündür. Bundan əlavə, qısaldılmış tanışlıq profilləri, o cümlədən uşaqlara aid məlumatlar, mesajlaşma kanallarında gələcək həyat yoldaşı namizədlərinin reklamı məqsədilə paylaşılır.
İranda nikah üçün mütləq minimum yaş həddi yoxdur
HRA hesab edir ki, problemi yalnız konkret platformanın fəaliyyəti ilə əlaqələndirmək düzgün olmaz. Təşkilatın araşdırması İranda erkən nikahları təşviq edən hüquqi və institusional mühitə də diqqət çəkir.
Ölkənin Mülki Məcəlləsinin 1041-ci maddəsinə əsasən, qızlar 13, oğlanlar isə 15 yaşından etibarən nikaha daxil ola bilərlər. Bu yaş hədlərindən aşağı nikahlara da qəyyumun razılığı və məhkəmənin icazəsi ilə yol verilir. Beləliklə, ölkədə nikahın tamamilə qadağan edildiyi mütləq minimum yaş həddi nəzərdə tutulmayıb.
2021-ci ildə qəbul edilən “Ailənin və gənc əhalinin müdafiəsi haqqında” qanun isə həyat yoldaşı seçimi xidmətlərinin lisenziyalaşdırılması üçün hüquqi çərçivə yaradıb. HRA bu siyasəti nikah yaşının azaldılması, doğumların artırılması və əhali artımının təşviqi ilə əlaqələndirir.
Hesabatda qeyd olunur ki, İranda dövlət tərəfindən lisenziyalaşdırılan tanışlıq platformalarının sayı son illərdə sürətlə artıb. Rəsmi məlumatlara görə, 2020-ci ildə belə bir platforma fəaliyyət göstərirdisə, 2023-cü ildə onların sayı 33-ə çatıb. 2025-ci ilin əvvəlinə isə hökumətin icazəsi ilə işləyən xidmətlərin sayı 200-ü keçib.
Araşdırmaya əsasən, lisenziyalı platformalar hər ay Gənclər və İdman Nazirliyinə yeni qeydiyyatlar, müraciət edən şəxslərin yaşı və xidmət vasitəsilə bağlanan nikahlar barədə məlumat təqdim edirlər. Bu isə dövlət qurumlarının həmin xidmətlərdən istifadə edən şəxslərin yaşı ilə bağlı məlumat əldə etməsinə imkan yaradır.
HRA dövlət mediasının da prosesdə rol oynadığını bildirir. Hesabatda İran İslam Respublikası Teleradio Yayım Təşkilatının efirində “Adam və Həvva” platformasına bir neçə dəfə yer verildiyi, gənclərin qeydiyyatdan keçməsinə çağırışlar edildiyi qeyd olunur.
Platformaya dövlət vəsaiti də ayrılıb
Hesabatda erkən nikahları və doğumları təşviq edən siyasətin maliyyə tərəfi də araşdırılıb.
HRA-nın təqdim etdiyi məlumatlara görə, nikahların asanlaşdırılması, doğumların təşviqi və ailələrin möhkəmləndirilməsi ilə əlaqəli 2025-ci il büdcə maddələrindən birinin həcmi təxminən 180 milyard tümən olub.
“Adam və Həvva” platformasının isə 2025-ci ilin martında 20 yaşdan aşağı şəxslərin, o cümlədən 15 yaşdan aşağı uşaqların qeydiyyatı və nikahları ilə əlaqəli olaraq 17 milyard tümən aldığı bildirilir.
Araşdırmada platformanın təşkilati əlaqələri də diqqətə çatdırılır. “Adam və Həvva” Hüseyn Yekta tərəfindən təsis edilmiş və onun rəhbərlik etdiyi “İmam Rza Cəmiyyəti”nin təşəbbüsü kimi fəaliyyət göstərir. HRA Yektanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandiri kimi təqdim edir.
Hesabatda, həmçinin “İmam Rza Cəmiyyəti”, “Astan Qüds Rəzəvi” ilə əlaqəli qurumlar, platformanın rəhbərliyi və akademik strukturlarında təmsil olunan şəxslər, eləcə də dövlət və təhlükəsizlik qurumlarında çalışmış şəxslər arasında təşkilati və kadr əlaqələri sənədləşdirilir.
“Google” və “Meta”nın məsuliyyəti gündəmdə
HRA araşdırmada beynəlxalq texnologiya şirkətlərinin də rolunu qiymətləndirib.
Hesabata əsasən, “Adam və Həvva”nın Android tətbiqi “Google Play” vasitəsilə yayılıb və 100 mindən çox dəfə yüklənib. Bununla yanaşı, tətbiq bütün yaş qruplarına uyğunluğu ifadə edən “Everyone”/PEGI 3 reytinqi ilə təqdim olunub.
HRA hesab edir ki, yetkinlik yaşına çatmayanların platformada gələcək həyat yoldaşı namizədi kimi göstərilməsi yaş yoxlaması, uşaqların təhlükəsizliyi və məzmun reytinqləri ilə bağlı məsələlərin yenidən araşdırılmasını zəruri edir.
“Adam və Həvva” öz xidmətini tanıtmaq üçün “Instagram” və “Threads” şəbəkələrindən də istifadə edib. Hesabatda 2026-cı ilin oktyabrına olan məlumata görə, platformanın “Instagram” hesabının təxminən 192 min izləyicisinin və 800-ə yaxın paylaşımının, “Threads” hesabının isə təxminən 10 min izləyicisinin olduğu göstərilir.
HRA texnologiya şirkətlərini uşaqların nikah məqsədilə təqdim edildiyinə dair etibarlı sübutlar aşkarlandıqda müvafiq xidmətlərin yayımını dayandırmağa, yaş yoxlaması mexanizmlərini gücləndirməyə və reklam fəaliyyətini araşdırmağa çağırıb.
HRA nikah yaşının 18-ə qaldırılmasını tələb edir
Təşkilat hesabatda İran hökumətinə nikah üçün mütləq minimum yaş həddini istisnasız olaraq 18 müəyyən etməyi, yetkinlik yaşına çatmayanların gələcək həyat yoldaşı namizədi kimi təqdim olunmasını qadağan etməyi və uşaqların müdafiəsinə yönəlmiş mexanizmləri gücləndirməyi tövsiyə edib.
HRA BMT-nin müvafiq qurumlarını da İranın nikah qanunvericiliyi, demoqrafik siyasəti və rəqəmsal tanışlıq platformalarına dövlət nəzarəti arasındakı əlaqəni araşdırmağa çağırıb.
Texnologiya şirkətlərinə ünvanlanan tövsiyələr arasında xidmətlərin yaş reytinqlərinin müstəqil şəkildə nəzərdən keçirilməsi, uşaqların platformalara girişinin məhdudlaşdırılması, reklam və tanıtım fəaliyyətinin yoxlanılması, habelə insan hüquqları və uşaq təhlükəsizliyi ilə bağlı risklərin qiymətləndirilməsi yer alıb.
Hesabatın əsas qənaəti budur ki, uşaq nikahları ilə mübarizə yalnız ayrı-ayrı nikahların və ya rəqəmsal platformaların araşdırılması ilə məhdudlaşmamalıdır. HRA bu problemi qanunvericilik, dövlət siyasəti, maliyyə dəstəyi, sosial media və texnologiya şirkətlərinin fəaliyyəti ilə əlaqəli daha geniş məsələ kimi qiymətləndirir.
Aydın