
Yaponiyanın Fukuoka şəhərinin hava limanında təyyarədə 40 santimetr uzunluğunda ilan aşkarlanıb. Gözlənilməz “sərnişin” səbəbindən reys ləğv edilib, sürünəni tutmaq üçün isə təxminən bir gün vaxt sərf olunub.
Qaynarinfo xəbər verir ki, “The Independent” nəşrinin məlumatına görə, ilan “Japan Airlines” qrupuna daxil olan “Japan Air Commuter” aviaşirkətinin mexaniki tərəfindən aşkarlanıb. Sürünən təyyarənin döşəmə örtüyünün altında gizlənib.
Hadisə təyyarənin Fukuokadan uçuşa hazırlandığı zaman baş verib. Yerli vaxtla saat 12:50-də Kaqosima prefekturasına yola düşməli olan reys ilan aşkar edildikdən sonra ləğv olunub.
İlanı tutmaq üçün təxminən bir gün vaxt lazım olub
Nəşrin məlumatına görə, sürünənin təxminən 40 santimetr uzunluğunda, zəhərsiz və insanlar üçün təhlükəsiz ilan olduğu müəyyənləşdirilib. Onu aşkarlandıqdan təxminən 24 saat sonra vəhşi təbiətə nəzarət üzrə mütəxəssis tutmağa nail olub.
Təyyarə oktyabrın 19-da Simane prefekturasındakı İdzumo hava limanından Fukuokaya gəlib. Aviaşirkət ilanın təyyarəyə təbii mühitdən daxil ola biləcəyini ehtimal edib. Bununla belə, onun təyyarəyə dəqiq necə düşdüyü araşdırılmalı idi.
Şirkət nümayəndələri əvvəllər belə bir hadisə ilə qarşılaşmadıqlarını bildiriblər. “Bildiyimiz qədərilə, indiyədək ilanın təyyarənin salonuna daxil olması ilə bağlı heç bir hadisə qeydə alınmayıb”, deyə aviaşirkətdən bildirilib.
Şirkət sərnişinlərdən yaranmış narahatlığa görə üzr istəyib.
İlanlar əvvəllər də aviareyslərin pozulmasına səbəb olub
Sürünənin təyyarənin göyərtəsində aşkarlanması ilk belə hadisə deyil.
2019-cu ildə bir kişi Floridadan Havay adalarına uçarkən çantasında bilmədən ilan daşıyıb. Sərnişin sürünəni yalnız Maui adasında kirayələdiyi mənzilə çatdıqdan sonra, ilan bel çantasından çıxanda görüb. İlan zəhərsiz olub və uzunluğu təxminən 30 santimetr təşkil edib.
2022-ci ildə isə “AirAsia” aviaşirkətinə məxsus təyyarənin salonunda ilan aşkarlandıqdan sonra uçuş istiqaməti dəyişdirilib. Sosial şəbəkə “X”də yayımlanan videoda sərnişinlərin başı üzərindəki işıqlandırma paneli boyunca hərəkət edən açıq sarı rəngli ilan görünürdü.
Aydın