
Almaniyanın feminist “Emma” jurnalı təxminən 50 illik fəaliyyətindən sonra nəşrini dayandırır.
Qaynarinfo-nun məlumatına görə, jurnalın yaradıcısı, feminist Alisa Şvartser “Der Spiegel” nəşrinə bildirib ki, jurnalın son iki sayı oktyabrın 27-də və dekabrın 8-də işıq üzü görəcək.
Onun sözlərinə görə, nəşrin bağlanması iqtisadi səbəblərlə bağlı deyil. Belə ki, jurnalın nəşrindən əldə olunan gəlirin hələ də xərcləri üstələdiyi bildirilir.

“Xeyr, biz ona görə gedirik ki, artıq kifayətdir!”, deyə Şvartser bildirib.
Onun sözlərinə görə, “Emma” üç nəsil feministin fəaliyyəti boyunca mövqeyini qoruyub saxlayıb və feminizm adı altında ortaya çıxan hər cür cəfəngiyyata qarşı çıxıb. Lakin bu müddət ərzində redaksiya yorulub.
Jurnalın ilk sayı 1977-ci il yanvarın 26-da işıq üzü görüb. Şvartserin sözlərinə görə, “Emma”nın yaradılmasına onu kişi mediasının qadınlara qarşı düşmən münasibəti sövq edib.
Yarım əsr ərzində jurnal uşaqlara qarşı cinsi zorakılıq, islamçılıq, qadın cinsiyyət orqanlarının zədələnməsi ilə nəticələnən əməliyyatlar, eləcə də süd vəzi xərçənginin diaqnostikası və müalicəsi kimi mövzuları işıqlandırıb.
“Emma” Almaniyanı müəyyən mənada dəyişib”, deyə Şvartserin sözlərini “ORF” nəşri sitat gətirib.
Jurnalın son sayı adi buraxılışlardan iki dəfə qalın olacaq. Redaksiya həmin sayda 50 ən mühüm mövzu üzrə fəaliyyətinin yekunlarını təqdim edəcək.
Jurnalın arxivi 2027-ci ilin yayında Marbaxdakı Alman Ədəbiyyat Arxivinə təhvil veriləcək. Orada jurnalın bütün nömrələri, müəlliflər və oxucularla yazışmalar, eləcə də müxtəlif kampaniyalara aid sənədlər saxlanılacaq.
Aydın