
Niderlandın Delft Texnologiya Universitetinin tədqiqatçıları tərəfindən hazırlanan süni intellektlə idarə olunan MonoRace adlı pilotsuz uçuş aparatı dron yarışında diqqətçəkən nəticəyə imza atıb. Avtonom dron 11 qapıdan ibarət yarış trasını 16,56 saniyəyə tamamlayaraq üç keçmiş dünya çempionunun nəticəsini üstələyib. Yarış zamanı onun maksimal sürəti saatda 102 kilometrə çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə “CHIP” nəşri məlumat yayıb.
14 oktyabrda “Science Robotics” jurnalında dərc olunan araşdırmaya görə, MonoRace 2025-ci ildə Əbu-Dabidə keçirilən Avtonom Yarış Liqasının dron yarışında bütün avtonom rəqiblərini geridə qoyaraq birinci olub. Sistemin əsas üstünlüyü GPS, əvvəlcədən hazırlanmış xəritə və kənar izləmə sistemləri olmadan işləməsidir. Dron ətrafı yalnız bir kamera və daxili hərəkət sensorları vasitəsilə analiz edir.
Süni intellekt kameradan və sensorlardan gələn məlumatları emal edərək dronun mövqeyini və sürətini müəyyənləşdirir, daha sonra mühərriklərə müvafiq əmrlər göndərir. Bu proses saniyədə 500 dəfə təkrarlanır və bütün hesablamalar birbaşa dronun öz avadanlığında aparılır.
Tədqiqatçılar sistemi möhkəmləndirici öyrənmə metodu ilə hazırlayıblar. Süni intellekt simulyasiya mühitində milyonlarla sınaq keçirərək ən effektiv uçuş üsullarını müstəqil şəkildə öyrənib. Təlim zamanı müxtəlif hava şəraiti, batareya gərginliyi və sensor xətaları kimi amillər də nəzərə alınıb. Araşdırma müəllifləri hesab edirlər ki, bu texnologiya gələcəkdə robotların idarə edilməsində, enerji sərfiyyatının azaldılmasında və dron pilotlarının hazırlanmasında da istifadə oluna bilər.
Aydın