Xəbər lenti

Azərbaycanın dünyəvilik modeli: "Sekulyarlıq dövlətin əsas prinsiplərindən biri olaraq qalır"
Ölkə15:20 21.10.2026

Azərbaycanın dünyəvilik modeli: "Sekulyarlıq dövlətin əsas prinsiplərindən biri olaraq qalır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın dünyəvi dövlət modeli ölkənin tarixi inkişafında, cəmiyyətin formalaşmasında və müasir dünyaya inteqrasiyasında mühüm rol oynayır. Dövlət-din münasibətlərinin konstitusion əsaslarla tənzimlənməsi, müxtəlif dini icmaların birgəyaşayış ənənələri və multikulturalizm prinsipləri Azərbaycanın dünyəvilik modelinin əsas xüsusiyyətləri kimi qiymətləndirilir.

Bəs Azərbaycan modelini fərqləndirən cəhətlər hansılardır və bu prinsiplərin qorunması nə üçün vacibdir?

Qaynarinfo-ya danışan fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şölət Zeynalov bildirib ki, dünyəvilik modelinin formalaşmasını və xüsusiyyətlərini anlamaq üçün beynəlxalq münasibətlər tarixindəki inkişaf proseslərinə nəzər salmaq lazımdır:

"Dünyəvilik modelinin tarixi əsaslarından danışarkən 1648-ci ildə 30 illik müharibənin başa çatması ilə imzalanan Vestfaliya sülhünü qeyd etmək lazımdır. Bu hadisə Avropada dövlətlərarası münasibətlərin formalaşmasına, dini amilin beynəlxalq siyasətdəki rolunun dəyişməsinə təsir göstərdi. Sonrakı dövrlərdə dünyəvilik prinsipləri bir sıra dövlətlərin siyasi və hüquqi sistemlərində əsas yer tutmağa başladı. Bununla belə, Yaxın Şərq ölkələri də daxil olmaqla, dünyanın müxtəlif bölgələrində dini əsaslara söykənən dövlət modelləri mövcuddur:

"Dünyəvi dövlətin əsas funksiyalarından biri hər kəsin, istər dindar, istərsə də ateist olsun, inanc və seçim azadlığına şərait yaratmaqdır".

Şölət Zeynalov dünyəvilik modellərini müqayisə edərkən Fransa, Türkiyə və Azərbaycan nümunələrinə diqqət çəkib. Onun sözlərinə görə, bu ölkələrin yanaşmaları dövlətin dinə münasibəti və dini həyatın tənzimlənməsi baxımından fərqlənir:

"Fransa dünyəvilik modelinin daha sərt forması ilə seçilir. Bu modelin hüquqi əsasları 1905-ci ilin dekabrında qəbul edilən qanunla möhkəmləndirilib. Həmin yanaşmada dövlətlə dini qurumların ayrılması əsas prinsipdir. Xüsusilə dövlət məktəblərində və müəyyən dövlət müəssisələrində dini simvolların istifadəsinə məhdudiyyətlər tətbiq olunur. Din ictimai idarəetmədən ayrılaraq, əsasən, şəxsi inanc və ibadət sahəsi kimi qəbul edilir.

Türkiyənin dünyəvilik modeli isə laisizm adlanır və Atatürk dövründə formalaşıb. Bu modeldə dövlət din sahəsindən tamamilə kənarda qalmır, əksinə, dini fəaliyyətin tənzimlənməsində iştirak edir. Türkiyədə Diyanət İşləri Başkanlığı vasitəsilə dini sahəyə dövlət nəzarəti həyata keçirilir, məscidlərin idarə olunması və din xadimlərinin fəaliyyəti bu sistem çərçivəsində təşkil edilir".

Şölət Zeynalovun fikrincə, Azərbaycan modeli dövlətin dünyəviliyi ilə dini və mədəni müxtəlifliyə münasibətin uzlaşdırılması baxımından fərqlənir:

"Azərbaycan modeli həm Fransanın sərt dünyəvilik yanaşmasından, həm də Türkiyədə din sahəsinin dövlət tərəfindən idarə olunması prinsipindən fərqlənir. Konstitusiyaya əsasən, din dövlətdən ayrıdır. Bununla yanaşı, ölkəmizdə multikulturalizm və tolerantlıq dünyəvilik modelinin mühüm xüsusiyyətlərindəndir.

Azərbaycan uzun müddət fərqli ideoloji sistemin tərkibində yaşayıb. Dövlət müstəqilliyinin bərpasından sonra milli kimliyin və suverenliyin möhkəmləndirilməsi ilə yanaşı, dünyəvi dövlət prinsiplərinin qorunması da əsas istiqamətlərdən birinə çevrilib. Dövlət əhalinin əksəriyyətinin mənsub olduğu İslam dininə ayrıca hüquqi üstünlük vermir. İslam, xristianlıq və iudaizm kimi dinlərə mənsub icmaların fəaliyyəti qanunvericilik çərçivəsində tənzimlənir.

Azərbaycanda dini qurumlara dövlət dəstəyi də göstərilir. Bu sahədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Beləliklə, dövlətin dünyəviliyi dini icmaların fəaliyyətinin tamamilə diqqətdən kənarda saxlanılması demək deyil. Əsas məsələ dini münasibətlərin hüquqi çərçivədə tənzimlənməsi və müxtəlif inanclara mənsub insanların hüquqlarının qorunmasıdır".

Ekspert təhsil müəssisələrində dini simvollarla bağlı müzakirələrə də toxunub. O bildirib ki, Azərbaycan modelində bu məsələlərə yanaşma tarixi və ictimai xüsusiyyətlər nəzərə alınmaqla formalaşır:

"Azərbaycanın dünyəvilik modelində dini geyim və simvollara münasibət Fransa modelindəki sərt məhdudiyyətlərdən fərqlənib. Bununla belə, təhsil müəssisələrində geyim qaydaları və dini atributlarla bağlı məsələlər hüquqi tənzimləmənin predmetidir. Bu sahədə qəbul edilən qərarlar tədris prosesinin təşkili, şagirdlərin bilik və bacarıqlarının inkişafı, nizam-intizam qaydaları kimi məsələlərlə əlaqələndirilir. Hesab edirəm ki, dünyəvilik prinsipləri qorunmaqla yanaşı, cəmiyyətin dini və mədəni müxtəlifliyinə hörmət də təmin edilməlidir. Bu iki yanaşmanın uzlaşdırılması Azərbaycanın dünyəvilik modelinin mühüm xüsusiyyətlərindən biridir".

Şölət Zeynalov Azərbaycanın dünyəvilik ənənələrinin tarixi köklərinə də diqqət çəkib. O, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını ölkənin demokratik dövlətçilik tarixinin mühüm mərhələsi kimi qiymətləndirib:

"Azərbaycan Şərqdə ilk demokratik respublikanın yarandığı ölkədir. Sovet dövründə dini fəaliyyətə sərt məhdudiyyətlər tətbiq olunsa da, dini ənənələr milli-mənəvi dəyərlərin tərkib hissəsi kimi qorunub saxlanılıb. Müstəqilliyin bərpasından sonra dini ibadət yerlərinin və dini təsisatların fəaliyyətinə diqqət artıb. Konstitusiyanın 7-ci və 18-ci maddələrində dövlətin dünyəvi xarakteri və dinlə münasibətlərinin əsas prinsipləri təsbit olunub. Dövlətin dünyəvi olması dini və mənəvi dəyərlərin inkar edilməsi demək deyil. Əksinə, hüquqi çərçivədə bütün vətəndaşların hüquqlarının qorunması, dini icmaların fəaliyyətinə şərait yaradılması və milli-mənəvi irsin yaşadılması vacibdir.

Sekulyarlıq dövlətin əsas prinsiplərindən biri olaraq qalır. Eyni zamanda, dini və mənəvi dəyərlərin qorunması, müxtəlif inanclara hörmət və tolerantlığın möhkəmləndirilməsi cəmiyyətin inkişafı baxımından əhəmiyyətlidir".

Günay İlqarqızı