
(Yazı "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" mövzusu üzrə hazırlanıb)
Azərbaycanda erkən nikahlarla mübarizə çərçivəsində hüquqi məhdudiyyətlər sərtləşdirilsə də, problem hələ də aktualdır. Erkən nikahların qarşısının alınmasında hüquqi tədbirlərlə yanaşı, ailə mühiti, sosial təzyiqlər və yeniyetmələrin psixoloji inkişafı da mühüm rol oynayır.
Bəs ailə və cəmiyyətin təzyiqi altında nikaha daxil olan yeniyetmələrdə hansı psixoloji problemlər yarana bilər və bu fəsadların qarşısını almaq üçün hansı dəstək mexanizmləri vacibdir?
Psixoloq Gülnar Orucova Qaynarinfo-ya açıqlamasında bildirib ki, erkən nikahların qarşısının alınması üçün yalnız qanuni məhdudiyyətlər kifayət etmir, ailələrdə formalaşan düşüncə tərzi də dəyişməlidir.
O qeyd edib ki, uşaqların erkən yaşlardan etibarən ailə qurmağa yönləndirilməsi onların gələcək seçimlərinə təsir edir:
“Erkən nikahlarla bağlı qanun artıq sərtləşdirilib. Nə qədər qadağan olunsa da, məhdudiyyətlər qoyulsa da, bəzən insanlar buna əməl etmirlər. Uşaq psixologiyası erkən yaşlardan formalaşmağa başlayır. Əgər bir qız uşağı gözünü elə bir ailədə açırsa ki, orada hamı səkkizinci-doqquzuncu sinifdə ailə qurur, onun beynində də belə bir fikir formalaşır ki, mən də erkən ailə qurmalıyam. Bu barədə söhbətlər nə qədər çox gedirsə, uşağın düşüncəsi də bir o qədər buna uyğunlaşır. Bəzən erkən nikaha etiraz edənlərin sayı az olur, çünki həqiqətən razılıq verənlərin də sayı çoxdur.
Yeniyetməlik elə bir dövrdür ki, hormonlarla əlaqədar hisslər pik səviyyəyə çatır. Yeniyetmələr hisslərinə uyğun davranaraq ailə qurmaq istəyirlər, amma bunun gələcəkdə fəsadları ola bilər. Bu gün özümüzü düşünsək, 15 yaşımızdakı düşüncələrimizlə 18, 20 və ya 22 yaşımızdakı düşüncələrimiz eyni deyil.
Valideynlər uşaqlarını orta məktəbdə oxuyarkən, hətta səkkizinci-doqquzuncu sinifdə nişanlayırlar. Deyirlər ki, 18 yaşında ailə quracaqlar, amma indidən nişanlayıblar. Bəs 18 yaşında ailə quracaqlarsa, niyə həmin vaxt nişanlamırlar? Bir psixoloq olaraq düşünürəm ki, qanunla 18 yaşında ailə qurmaq mümkün olsa da, fiziki və psixoloji baxımdan bu yaşda ailə qurmaq hər kəs üçün doğru seçim deyil”.
Psixoloq erkən yaşda ailə qurmağın gələcəkdə valideynlik məsuliyyətinə də təsir göstərə biləcəyini deyib. Onun sözlərinə görə, hazır olmadan ana olmaqla planlaşdırılmış analıq arasında fərq var:
“Araşdırmalarda övladını tərk edən analarla bağlı nəticələrə rast gəlirik. Bəzi hallarda ana özü yeniyetməlik dövrünü tam yaşamadan valideyn olur və uşağa qayğı göstərməkdə çətinlik çəkir. Təbii ki, istisnalar da var. 18-19 yaşında ana olub övladını çox yaxşı böyüdən insanlar da mövcuddur. Ancaq bir məsələ var: gənc ana olmaqla analığa hazır olmaq eyni şey deyil. Biri var, insan ana olmağa hazır deyil, biri də var ki, planlaşdırılmış analıq yaşayır.
İstəmədiyi şəxslə ailə qurmağa məcbur edilən insanlarda kişilərə qarşı nifrət, aqressiya və əsəbilik yarana bilər. Belə nikahlarda boşanma riski də yüksək olur. Psixoloji təzyiq altında ailə quran şəxslərdə intihara meyillilik də arta bilər”.

Gülnar Orucova vurğulayıb ki, erkən və məcburi nikahların qarşısının alınmasında məktəb və ailənin rolu olsa da, təkcə müəllim və məktəb psixoloqunun müdaxiləsi hər zaman kifayət etmir. Onun fikrincə, bu hallarla mübarizədə hüquqi məsuliyyətin gücləndirilməsi vacibdir:
“Hər bir uşaq ailənin güzgüsüdür. Əgər uşağın düşüncəsi ailədə müəyyən formada modelləşdirilibsə, müəllimin ona təsiri məhdud ola bilər. Yeniyetmə müəllimin fikri ilə razılaşsa belə, ailədə kobud rəftarla qarşılaşırsa, bu, onun qərarına təsir edir. Sosial şəbəkələrdə də görürük ki, valideynlər müəllimlərə irad bildirir, onların müdaxiləsini qəbul etmirlər. Buna görə də düşünmürəm ki, müəllimin sözü və ya məktəb psixoloqunun müdaxiləsi hər zaman yetərli olsun. Məktəb psixoloqları da öz bilik və bacarıqlarını davamlı inkişaf etdirməlidirlər.
Belə halların qarşısını almaq üçün qanun pozuntularına görə məsuliyyət məsələsinə ciddi yanaşılmalıdır. Valideynin övladını məcburi nikaha yönləndirməsinə görə qanun qarşısında məsuliyyət daşıması başqaları üçün də çəkindirici ola bilər. Qız uşaqlarının təhsildən uzaqlaşdırılmasına yol verilməməlidir. Valideynlər qızlarına doqquzuncu sinifdən sonra oxumayacaqlarını və ailə quracaqlarını deyəndə, onların təhsilə marağı da azalır. Belə uşaqlar bəzən məktəbə yalnız doqquzuncu sinfi bitirmək və ya təhsili yarımçıq qoyub ailə qurmaq düşüncəsi ilə gedirlər.
Bəzən yeniyetmələrdən eşidirəm ki, boşanmaq istədiklərini desələr də, valideynləri onları ailəli qalmağa məcbur edir. Sonradan ailədə münaqişə, xəyanət və boşanma baş verəndə qızlar ailə üzvlərinin təzyiqi və hətta zorakılığı ilə üzləşə bilirlər. Bəzi hallarda ata, qardaş və ya dayı tərəfindən qətlə yetirilmə təhlükəsi də yaranır. Halbuki yeniyetmə əvvəldən istəmədiyi şəxslə ailə qurmağa məcbur edilməməsini istəyir. İnsanları öz iradələrinə zidd nikaha məcbur etmək əvəzinə, onların seçiminə hörmət edilməlidir”.
Günay İlqarqızı
Material Media və Yayım Şurasının maliyyə dəstəyi ilə hazırlanmışdır.
