
2026-cı ilin yanvar-sentyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb.
Qaynarinfo xəbər verir ki, hesabat dövründə xaricə gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz azalaraq 1 milyon 575,3 min nəfər təşkil edib. Onların 44 faizi Türkiyəyə, 14,6 faizi Rusiyaya, 13 faizi Gürcüstana, 5,1 faizi İrana, 23,3 faizi isə digər ölkələrə səfər edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyəyə gedənlərin sayı 2,3 faiz, Gürcüstana səfər edənlərin sayı isə 17,6 faiz artıb. Rusiyaya gedənlərin sayı 2 faiz, İrana səfər edənlərin sayı 44,5 faiz, digər ölkələrə gedənlərin sayı isə 2 faiz azalıb.
Bəs Azərbaycan vətəndaşları niyə məhz bu ölkələrə üstünlük verirlər? Xaricə səfərlərin ümumi sayında azalmaya hansı amillər təsir göstərib?
Turizm eksperti Ceyhun Aşırov Qaynarinfo-ya açıqlamasında bildirib ki, ilin əvvəlində və ortalarında xaricə səfərlərin sayında azalma təxminən 10 faizə yaxın olub. Onun sözlərinə görə, İran-İsrail müharibəsi Azərbaycan turizm bazarına ciddi təsir göstərib:
“İran-İsrail müharibəsi ilə əlaqədar yaranmış vəziyyət turizm bazarına ciddi təsir etmişdi. Hava məkanının bağlanması nəticəsində səfərlərin sayı kəskin azalmışdı”.
Ekspert Azərbaycan vətəndaşlarının xarici səfərlərdə Türkiyəyə daha çox üstünlük verdiyini vurğulayıb. O bildirib ki, Gürcüstana səfərlərin artmasında nəqliyyat imkanlarının genişlənməsi də rol oynayır:
“Gürcüstana gedənlərin sayının artması qatarın istifadəyə verilməsi ilə əlaqədardır. Əlçatanlıq artdıqca turist sayında da artım görə biləcəyik. Ölkədən gedən hər 10 nəfərdən 4-ü qardaş Türkiyəyə səfər edir. Bunun əsas səbəbləri hava nəqliyyatı əlaqələrinin genişliyi və birbaşa reyslərin çox olmasıdır. Viza tələbinin olmaması və şəxsiyyət vəsiqəsi ilə səyahət imkanının mövcudluğu da Türkiyəni cəlbedici edir. Qonşu ölkələr həmişə prioritet istiqamətlər olub. Gürcüstan və Rusiya da bu baxımdan seçilir. Müharibə ilə əlaqədar Rusiyaya səfərlərin sayında azalma müşahidə olunur. İranda yaranmış vəziyyətlə bağlı bu ölkəyə gedənlərin sayı 40 faizdən çox azalıb”.
Ceyhun Aşırov qeyd edib ki, Azərbaycan xarici turistlərin cəlb edilməsi üçün mənbə bazarlarını şaxələndirməyə çalışır. Onun sözlərinə görə, Şərqi Avropa, Mərkəzi Asiya və Çin kimi istiqamətlərdən daha çox turist cəlb etmək məqsədilə müxtəlif tanıtım tədbirləri həyata keçirilir.

Ekspert gələn ildən ölkədən xaricə səfər edənlərin sayında artımın mümkün olduğunu da bildirib:
“Siyasi və iqtisadi vəziyyət sabit qalarsa, gələn ildən Azərbaycanın əsas hədəflərindən biri ölkəyə daha çox turist cəlb etmək olacaq”.
İqtisadçı ekspert Akif Nəsirli isə azərbaycanlıların xarici səfərlərdə müəyyən ölkələrə üstünlük verməsini coğrafi yaxınlıq, viza rejimi, xərclərin nisbətən aşağı olması, dil və mədəniyyət yaxınlığı, eləcə də qohumluq və tarixi əlaqələrlə izah edib.
Onun sözlərinə görə, Türkiyənin ilk sırada yer almasının bir neçə səbəbi var:
“Türkiyə dil və mədəniyyət baxımından Azərbaycana çox yaxındır, ünsiyyət zamanı tərcüməyə ehtiyac qalmır. Birbaşa aviareyslərin sayı çoxdur, biletlərin qiyməti də digər istiqamətlərlə müqayisədə münasib ola bilir. Bundan başqa, Türkiyəyə səfər üçün şəxsiyyət vəsiqəsindən istifadə etmək mümkündür. Antalya kimi şəhərlər dəniz tətili, alış-veriş və tibbi xidmətlər baxımından geniş imkanlar təqdim edir. Türkiyədə təhsil alan, işləyən və ailəsi yaşayan çoxlu azərbaycanlı da var”.
Akif Nəsirli Rusiyaya səfərlərin əsas səbəbləri arasında tarixi və iqtisadi əlaqələri göstərib:
“Rusiyada böyük azərbaycanlı diasporu yaşayır. Vətəndaşlarımızın bir qismi qohumlarını ziyarət etmək, digərləri isə iş, ticarət və əmək fəaliyyəti ilə bağlı bu ölkəyə gedirlər. Rus dilinin geniş yayılması da səfərləri asanlaşdıran amillərdəndir. Gürcüstan isə quru sərhədimizin olduğu qonşu ölkədir. Ora avtomobil və avtobusla getmək mümkündür, səfər xərcləri də nisbətən aşağıdır. Tbilisi və Batumi qısamüddətli, xüsusilə həftəsonu səfərləri üçün populyardır. Sərhəd bölgələrindən qısamüddətli gediş-gəlişlər də statistikaya təsir edir. Gürcüstanda yaşayan azərbaycanlılarla qohumluq əlaqələri də səfərlərin səbəbləri arasındadır”.
İqtisadçı ekspertin fikrincə, İrana səfərlərin əhəmiyyətli hissəsi dini ziyarətlərlə bağlıdır:
“Məşhəd və Qum kimi şəhərlər ziyarət məqsədilə seçilir. Bununla yanaşı, qohumluq əlaqələri, Cənubi Azərbaycanla münasibətlər, ucuz alış-veriş və müalicə imkanları da səfərlərdə rol oynayır.
Birləşmiş Ərəb Əmirlikləri, Misir və Avropa ölkələri kimi digər istiqamətlərə səfərlər isə daha çox turizm məqsədi daşıyır. Viza tələbləri və aviabiletlərin baha olması bəzi istiqamətlərin payını məhdudlaşdıra bilər. İrana səfərlərin sayının 44,5 faiz azalmasının, Gürcüstana səfərlərin isə 17,6 faiz artmasının konkret səbəbləri təqdim olunan statistik məlumatlardan aydın görünmür. Valyuta məzənnəsi, yeni nəqliyyat marşrutları və qiymət fərqləri kimi amillər rol oynaya bilər, lakin bunlar əlavə araşdırma tələb edən ehtimallardır”.
Bahar Rüstəmli