
FIFA U-15 dünya çempionatı və festivalında iştirak edəcək Azərbaycanın U-16 millisinin baş məşqçisi Famil Xəlilov komandanın hazırlığı və turnirdən gözləntiləri barədə danışıb.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, mütəxəssis hazırlığın plan üzrə davam etdiyini və son mərhələyə yaxınlaşdığını bildirib.
O, rəqiblər haqqında kifayət qədər məlumatlarının olmadığını, buna görə də əsas diqqəti öz oyun planlarına yönəltdiklərini söyləyib:
"Hazırlığımız plan üzrə davam edir. Məqsədimiz futbolçuları oyunlara qədər hazır vəziyyətə gətirməkdir. Rəqiblər haqqında müəyyən məhdud məlumatlar əsasında işləyirik. Əsas öz oyun planımıza sadiq qalmağı düşünürük.
Hədəfimiz ilk növbədə Azərbaycanı layiqincə təmsil etmək və futbolçularımızın inkişafına töhfə verməkdir. Eyni zamanda, yaxşı çıxış edərək maksimum mübarizə aparmağı və ən yaxşı nəticəni göstərməyi hədəfləyirik".
Famil Xəlilov oyunların Bakıda keçirilməsinin komanda üçün əlavə motivasiya olduğunu vurğulayıb. O, futbolçulara üzərlərinə düşən məsuliyyəti izah etməyə çalışdıqlarını və bu məsuliyyətin öhdəsindən gələcəklərinə inandığını deyib.
Baş məşqçi turnirdə oyunların sayının çoxluğu və mümkün fiziki yorğunluq məsələsinə də toxunub. Onun sözlərinə görə, heyətdəki futbolçuların fiziki yüklənməsi nəzərə alınıb və oyun formatının imkanlarından istifadə etməklə mütəmadi əvəzetmələr həyata keçirmək planlaşdırılır.
Xatırladaq ki, turnir Hövsan Yarış Kompleksində baş tutacaq. Mundialın açılış və final görüşü Bakı Kristal Zalında keçiriləcək.
Oktyabrın 30-da yekunlaşacaq yarışın ilk oyunları oktyabrın 24-də başlayacaq. 189 ölkənin iştirakı və 1000-ə yaxın matçın keçirilməsi nəzərdə tutulan turnir dünyanın müxtəlif nöqtələrindən yeniyetmə futbolçuları bir araya gətirəcək.