
Türkiyədən Azərbaycana 87 min manat dəyərində qeydiyyatsız onkoloji dərman vasitələri gətirən qadın məhkəmə qarşısına çıxarılıb.
Qaynarinfo-nun məlumatına görə, 1996-cı ildə Zərdab rayonunun Məmmədqasımlı kəndində anadan olan Nəzrin adlı qadın Cinayət Məcəlləsinin 206.1 və 200-1.2.3-cü maddələri ilə təqsirli bilinib.
Məhkəmənin hökmü ilə ona 34 min 800 manat cərimə və 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Bundan əlavə, o, 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında, eləcə də özəl sektorda rəhbər və maddi məsul vəzifələr tutmaq, həmçinin dərman vasitələrinin alqı-satqısı ilə məşğul olmaq hüququndan məhrum edilib.
İş materiallarına görə, qadın Türkiyədən Azərbaycana ümumi dəyəri 87 min manat olan 19 flakon “Keytruda 100 mg/4 ml”, 6 flakon “Opdivo 100 mg/10 ml” və bir qutu “İmnovid 4 mg” dərmanı gətirib. Dövlət qeydiyyatından keçməyən bu preparatlar gömrükdə bəyan edilməyib.
Araşdırma zamanı məlum olub ki, “Keytruda” dərmanlarının ümumi dəyəri 66 min 500 manat, “Opdivo” preparatlarının dəyəri 15 min manat, “İmnovid” dərmanının qiyməti isə 5 min 500 manat olub.
Dərmanların xalasına aid olduğunu deyib
Məhkəmədə özünü təqsirli bilməyən qadın dərmanları onkoloji xəstə olan xalası üçün gətirdiyini bildirib. Onun sözlərinə görə, xalasının müalicəsi üçün Türkiyədən alınan preparatları Ankarada bir kuryerdən təhvil alıb.
Təqsirləndirilən şəxs dərmanları gömrükdə bəyan etmək niyyətində olduğunu, lakin çoxsaylı baqajı olduğundan onların hansı çantada yerləşdiyini bilmədiyini deyib. O, dərmanların satış məqsədilə gətirilməsi ittihamı ilə razılaşmayıb.
Çantanı başqa sərnişinə daşıtdırıb
İş üzrə dindirilən şahidlərin ifadələrinə görə, qadın Ankarada hava limanında tanımadığı sərnişinlərdən çantalarının daşınmasına kömək etmələrini istəyib. Onun xahişi ilə İlqar adlı sərnişin üzərində “Sweet Polo” yazısı olan çantanı təyyarəyə, daha sonra isə Bakıda hava limanına qədər daşıyıb.
İlqar gömrük əməkdaşlarının yoxlaması zamanı çantanın ona məxsus olmadığını bildirib. Çantaya baxış keçirilərkən dərman preparatları aşkarlanıb. O, çantanın içərisində nə olduğunu bilmədiyini və qadını əvvəllər tanımadığını deyib.
Məhkəmə qadının dərmanları satış məqsədilə gətirməsi qənaətinə gəlib. Qərarda preparatların çeşidi və miqdarı, şahid ifadələri, ekspertiza rəyləri və digər sübutlar əsas götürülüb.
Səhiyyə Nazirliyinin məhkəməyə təqdim etdiyi məlumatda “Keytruda”, “Opdivo” və “İmnovid” dərmanlarının Azərbaycanda dövlət qeydiyyatından keçmədiyi qeyd olunub. Ekspertiza zamanı isə preparatların tərkibində narkotik, psixotrop, zəhərli və güclü təsir edən maddələr aşkar edilməyib.
Məhkəmənin qərarına əsasən, götürülmüş dərmanlar Səhiyyə Nazirliyinə təhvil verilməlidir.
Aydın