Xəbər lenti

Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı
Dünya10:15 23.10.2026

Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qafqazda arxeoloqlar 2100 ildən çox yaşı olan döyüşçü məzarı aşkar ediblər. Məzardan tapılan qızıl sikkənin qədim yunan inancları ilə bağlı dəfn mərasiminin izlərini daşıdığı ehtimal olunur.

Qaynarinfo xəbər verir ki, araşdırma barədə “ZME Science” məlumat yayıb.

Arxeoloqların fikrincə, döyüşçünün alt çənəsinin altında aşkarlanan qızıl sikkə qədim yunan mifologiyasındakı “Xaron obolu” adlanan adətlə əlaqəli ola bilər. Bu inanca görə, ölülər ruhları yeraltı dünyaya aparan Xaronun xidmətinin qarşılığını ödəməli idilər.

Təxminən 8 qram ağırlığında olan sikkənin xalis qızıldan hazırlandığı müəyyənləşdirilib. Daha bir qızıl sikkə isə təxminən 1,8 metr dərinlikdə yerləşən ritual quyusunda tapılıb. Tədqiqatçılar onun dini məqsədlə qurban və ya nəzir kimi qoyulduğunu ehtimal edirlər.

Təxminən 25-30 yaşlarında öldüyü düşünülən döyüşçü nizələr, ox ucluğu, bıçaq, at ləvazimatları və yetkin ata aid qalıqlarla birlikdə dəfn edilib. Məzarda həmçinin ətirli maddələr üçün şüşə qab və üzərində pentaqram təsviri olan gil ikiqulplu qab aşkarlanıb. Alimlər pentaqramın qoruyucu məna daşıya və fövqəltəbii təhlükələrdən qorunmaq məqsədi ilə istifadə edilə biləcəyini düşünürlər.

Dəfnin yerləşdiyi nekropolda ümumilikdə 155 məzar sənədləşdirilib. Ərazinin yaxınlığında üç atın, bir cavan öküzün və insan ola biləcək qalıqların da aşkarlanması diqqət çəkib. Tədqiqatçılar bunların qurbanvermə mərasimi ilə əlaqəli ola biləcəyini istisna etməsələr də, bu versiyanın hələ də dəqiq olmadığını bildirirlər.

Tapıntılar eramızdan əvvəl I əsrin ilk üçdə birinə aid edilir. Araşdırma həmin dövrdə Qərbi Qafqazda yaşayan meotlarla yunan dünyası arasında əlaqələrin olduğunu, eləcə də yunan mənşəli əşyaların və inancların yerli mədəniyyətdə fərqli məna qazana bildiyini göstərir.

Aydın