Xəbər lenti

Mona Lizanın hansı xəstəlikdən əziyyət çəkdiyi ehtimal olunur
Dünya22:10 22.10.2026

Mona Lizanın hansı xəstəlikdən əziyyət çəkdiyi ehtimal olunur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İtaliyalı dermatoloq Luici Layno məşhur rəssam Leonardo da Vinçinin əsərində təsvir olunan qadının saç tökülməsinə səbəb olan autoimmun xəstəlikdən — ocaqlı alopesiyadan əziyyət çəkə biləcəyini ehtimal edib.

Qaynarinfo xəbər verir ki, bu barədə onun “Clinics in Dermatology” jurnalında dərc olunan məqaləsində bildirilib.

Mütəxəssisin fikrincə, portretdəki qadının xarici görünüşünün bəzi xüsusiyyətləri mümkün xəstəliyə işarə edir. Bunlara qaşların və kirpiklərin nəzərəçarpacaq dərəcədə olmaması, eləcə də saçların seyrəkləşdiyi sahələr daxildir. Əvvəllər bu detallar İntibah dövrünün bədii üsulları və ideal qadın gözəlliyi haqqında təsəvvürləri ilə izah edilirdi.

“Söhbət dəbə uyğun olaraq yolunmuş nazik qaşlardan deyil, hər iki tərəfdə tüklərin tamamilə olmamasından gedir. Həmçinin yuxarı və aşağı göz qapaqlarının kənarlarında kirpiklərin olmaması diqqət çəkir. Bunu kosmetik ənənələrlə izah etmək daha çətindir. Həmin dövrün dəbi daha çox alın nahiyəsindəki tüklərin və qaşların götürülməsini nəzərdə tuturdu, uzun və tünd kirpiklər isə cəlbedici hesab olunurdu”, deyə tədqiqatçı ehtimalını əsaslandırıb.

Layno öz fərziyyəsini portretin ehtimal olunan modeli — Florensiyalı ipək tacirinin həyat yoldaşı Liza Gerardininin həyat şəraiti ilə də əlaqələndirir. Tarixi məlumatlara görə, o, erkən yaşda ailə qurub, övladlarını itirib və taun epidemiyalarının yayıldığı dövrdə yaşayıb. Tədqiqatçı keçirdiyi stressin onun saçlarının vəziyyətinə təsir göstərmiş ola biləcəyini düşünür.

Ocaqlı alopesiya immun sisteminin səhvən saç follikullarına hücum etdiyi xəstəlikdir. Nəticədə baş dərisinin ayrı-ayrı nahiyələrində, bəzən isə bədənin digər hissələrində, o cümlədən qaşlarda və kirpiklərdə tüklər tökülə bilər. Xəstəliyin gedişi əvvəlcədən proqnozlaşdırılmır: bəzi insanlarda tüklər öz-özünə bərpa olunur, digərlərində isə tökülmə uzun müddət davam edir və ya daha geniş sahələri əhatə edir.

Stress xəstəliyin yaranması və ya kəskinləşməsi ilə əlaqəli mümkün amillərdən biri hesab olunur. Lakin stressin olması öz-özlüyündə alopesiyanın mövcudluğunu sübut etmir.

Laynonun irəli sürdüyü fərziyyə məşhur portretin detallarına yeni baxış təklif etsə də, beş əsr sonra yalnız rəsm əsasında diaqnoz qoymaq mümkün deyil. Qaşların və kirpiklərin olmaması rəssamın bədii niyyəti, Leonardonun istifadə etdiyi texnika və ya zamanla əsərdə baş vermiş dəyişikliklərlə bağlı ola bilər.

Aydın