
Çapman Universitetinin 2026-cı il Amerika qorxuları sorğusunda süni intellekt iki ayrı mövzu üzrə ilk onluğa düşüb. Süni intellektin siyasi prosesə zərər vurması üçüncü, iqtisadiyyata mənfi təsiri isə yeddinci yerdə qərarlaşıb. Süni intellektdən həftəlik istifadə edənlərlə bu texnologiyadan heç vaxt istifadə etməyənlərin narahatlıq səviyyələri də fərqlənir.
Qaynarinfo xəbər verir ki, 2014-cü ildən bəri hər il keçirilən sorğuda süni intellektlə bağlı narahatlıqlar ilk dəfə ilk onluğa daxil olub. Araşdırmaya rəhbərlik edən professor Kristofer Bader bildirib ki, insanlar iş yerlərini itirmək ehtimalı ilə yanaşı, bu texnologiyanın siyasi sistemə və iqtisadiyyata mümkün təsirlərindən də narahatdırlar.
İlk sırada yenə hökumətdəki korrupsiya dayanır
Siyahının ilk pilləsində 61,1 faizlə korrupsiyaya yol verən hökumət rəsmiləri qərarlaşıb. Bu məsələ 2024 və 2025-ci illərdə də birinci yerdə olub. ABŞ-ın başqa bir dünya müharibəsinə cəlb olunması qorxusu isə ötənilki altıncı yerdən 58 faizlə ikinci pilləyə yüksəlib.
Tədqiqatçılar İranla baş verən son münaqişələrin dünya müharibəsi ilə bağlı narahatlığı artırdığını düşünürlər. Bioloji müharibə və terrorizm qorxusunun artmasını da eyni qeyri-müəyyənlik mühiti ilə əlaqələndirirlər.
Sorğunun ilk onluğu belədir:
1. Korrupsiyaya yol verən hökumət rəsmiləri — 61,1 faiz
2. ABŞ-ın başqa bir dünya müharibəsinə cəlb olunması — 58 faiz
3. Süni intellektin siyasi prosesə zərər vurması — 51,9 faiz
4. Yaxınlarının ağır xəstələnməsi — 51,8 faiz
5. Yaxınlarının vəfat etməsi — 50,6 faiz
6. İqtisadi və ya maliyyə çöküşü — 50,6 faiz
7. Süni intellektin iqtisadiyyata zərər vurması — 49,7 faiz
8. Hökumətin şəxsi məlumatları izləməsi — 48,9 faiz
9. Bioloji müharibə — 48,2 faiz
10. Terror hücumu — 47,3 faiz
Süni intellektdən istifadə edənlər daha az narahatdır
Süni intellektdən həftəlik istifadə edənlərin 46 faizi bu texnologiyanın siyasi prosesə təsirindən qorxduğunu bildirib. Ondan heç vaxt istifadə etməyənlər arasında isə bu göstərici 55 faizə yüksəlib.
İlk onluğa daxil olmayan mövzular da müxtəlif narahatlıqları üzə çıxarıb. Sorğu iştirakçılarının 20 faizindən çoxu yaşadıqları şəhərdə cinayət səviyyəsindən qorxduqlarını bildirib. Üçdə birindən çoxu isə tibbi yardıma ehtiyac duyduqları zaman tibbi sığortalarını itirməkdən narahatdır.
Yadplanetlilərin həqiqətən mövcud olduğunun üzə çıxması halında kütləvi ictimai iğtişaşların baş verməsini ciddi qorxu hesab edənlərin payı 18,8 faiz təşkil edib.
Ekspertlər vurğulayırlar ki, süni intellektin tibb sahəsində köklü dəyişikliklər yaratmaq potensialı nikbinlik doğurur. Bununla belə, bu texnologiya ilə romantik münasibət qurmaq kimi meyillər insanlarda narahatlığı artırır.
Aydın