
Bu gün 5 saylımarşrut avtobusunun sürücüsü ilə sərnişin arasında mübahisə yaranıb.
Qaynarinfo xəbər verir ki, sürücü marşrutdan enərək mübahisəyə davam edib. Marşrutdakı sərnişinlər gecikdiklərini dedikdə isə “bir nəfərə görə hamınız qalacaqsınız”, deyib.
Məsələ ilə bağlı “BakuBus”dan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sürücü işdən azad olunub:
“BakuBus” MMC-nin istismarında olan 5 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birində oktyabrın 22--də saat 12:37-də Təbriz küçəsi 30 ünvanında sürücü ilə sərnişin arasında baş vermiş insident tərəfimizdən araşdırılıb və sürücünün xidməti vəzifələrinin icrası zamanı pozuntuya yol verdiyi müəyyən olunub. Baş vermiş insidentlə əlaqədar sürücünün izahatı alınıb və Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq intizam tədbiri görülüb.
Qeyd edək ki, sürücülərin əsas xidməti vəzifəsi sərnişinlərin müəyyən edilmiş marşrut üzrə başlanğıc məntəqədən təyinat məntəqəsinə təhlükəsiz şəkildə çatdırılmasını təmin etməkdir.
Yalnız sürücünün səhhətində yaranan və nəqliyyat vasitəsini idarə etməsinə mane olan hallar, eləcə də avtobusda hərəkətin davam etdirilməsinə imkan verməyən texniki nasazlıqlar istisna olmaqla, digər səbəblərlə sərnişindaşıma fəaliyyətinin dayandırılması və sürücünün xidməti vəzifələrinin icrasından imtina etməsi yolverilməzdir. Qeyd olunan hallar baş verdikdə isə sürücü dərhal Monitorinq Mərkəzinə məlumat verməli və müvafiq təlimatlara uyğun hərəkət etməlidir.
“BakuBus” MMC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir. Gələcəkdə bu kimi halların təkrarlanmaması məqsədilə sürücülərin xidməti fəaliyyətinə nəzarətin gücləndirilməsi və daxili intizam mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər davam etdiriləcək”.