
Azərbaycanın dünyəvi dövlət modeli ölkənin tarixi inkişafında, cəmiyyətin formalaşmasında və beynəlxalq aləmə inteqrasiyasında mühüm rol oynayıb.
Bəs dünyəvilik ənənələri Azərbaycanın müasir dünyada mövqeyinə necə təsir göstərir və bu prinsiplərin qorunması nə üçün vacibdir?
Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Hüseyn İbrahimov bu barədə Qaynarinfo-ya dövlət ideyasının tarixi inkişafından bəhs edərək bildirib ki, bu ideya XVIII əsrin ikinci yarısından etibarən Qərbdə formalaşmağa başlayıb:
"Azərbaycan XX əsrin əvvəlində Şərqdə ilk dünyəvi dövlətin hüquqi əsaslarının qoyulduğu ölkələrdən biri olub. XX əsrdən başlayan dünyəviləşmə prosesi ölkəmizdə davam edib. Müstəqilliyimizi yenidən əldə etdikdən sonra isə dövlətimizin təməl prinsiplərindən biri kimi dünyəvilik ideyası ali qanunvericiliyimizdə öz əksini tapıb.
Dünyəvi dövlət dinin dövlətdən ayrı olduğu, dinin dövlət siyasətinə qarışmadığı və cəmiyyətdəki sosial institutların müasirləşmə prinsipləri əsasında qurulduğu dövlətdir. Azərbaycan da məhz belə bir ölkə olaraq həm ali qanunvericiliyində, həm də digər sosial institutların fəaliyyətində qanunun aliliyini rəhbər tutub. Hüquqi-normativ aktların qəbulunda da dünyəvilik prinsiplərinin üstünlüyü qorunub".
Hüseyn İbrahimov dünyəvilik ənənələrinin üstünlüklərinə toxunaraq qeyd edib ki, bu model dinin dövlətdən ayrılması ilə yanaşı, qlobal, humanist, insani və sosial dəyərlərə müasir yanaşmanı da özündə ehtiva edir:
"Dünyəvilik həm beynəlxalq, həm də milli adət-ənənələr zəminində bəşəri dəyərlərə daha müasir yanaşmanı nəzərdə tutur. Müstəqilliyimizi əldə etdikdən sonra dünyəvilik Azərbaycanın qarşısında dünyada gedən proseslərə inteqrasiya baxımından geniş imkanlar açıb. Məhz bu prinsiplər çərçivəsində ölkəmiz dünyanın ən böyük sivilizasiyaları arasında dialoqa həsr olunan böyük tədbirlərə ev sahibliyi edib və etməkdədir.
Dünyəvilik cəmiyyətin makro və mikro strukturunda, dövlətin siyasi sistemində geniş yer aldığı üçün Azərbaycan bu gün dünyanın orta güc dövlətlərindən birinə çevrilib. Ölkəmiz beynəlxalq tribunalarda və beynəlxalq ictimaiyyət qarşısında öz sözünü, öz iradəsini ortaya qoyur və onunla hesablaşırlar. Dünyəvi dövlət modeli dini qaydaların və adətlərin dövlət idarəçiliyinə, eləcə də sosial institutların fəaliyyətinə təsir göstərməməsi prinsipini nəzərdə tutur. Bu prinsipə əsasən, dini institutlar təhsil, elm, səhiyyə və digər dövlət institutlarının fəaliyyətinə müdaxilə etməməlidir.
Din, bildiyimiz kimi, daha çox dəyişməz qaydalara əsaslanır. Elm, təhsil, səhiyyə və digər sosial institutlar isə zamanla dəyişir, yeni tələblərə uyğunlaşır və yeni prinsiplər əsasında inkişaf edir. Bu baxımdan, dünyəvi dövlət dəyişən sosial münasibətlər sisteminin və müasir tələblərə uyğun inkişaf edən sosial institutların fəaliyyətini nəzərdə tutur.
Dünyəvilik yalnız məzmun baxımından deyil, həm də forma etibarilə dini və dövlət institutlarının fəaliyyət sahələrinin ayrılmasını tələb edir. Yəni dini institutlar dövlətin sosial institutlarının fəaliyyətinə müdaxilə etməməli, dövlət idarəçiliyi isə dünyəvi prinsiplər əsasında həyata keçirilməlidir".
Dosent dünyəviliyin insan hüquq və azadlıqlarının qorunmasında, eləcə də müxtəlif sosial sahələrdə əhəmiyyətini vurğulayıb:
"Dünyəvilik prinsiplərinin nəticəsidir ki, ölkəmiz insan hüquq və azadlıqları ilə bağlı beynəlxalq konvensiyaların ratifikasiyası baxımından ön sıralardadır. Bu prinsiplər uşaq hüquqlarının qorunmasında, işsizliklə bağlı dövlət siyasətində, gender bərabərliyinin təmin edilməsində, seçki proseslərinin şəffaflığında və demokratiyanın cəmiyyətdə formalaşaraq möhkəmlənməsində öz əksini tapır. Liberal dəyərlərin milli dəyərlərlə bir arada tətbiqinə də imkan yaranır".
Hüseyn İbrahimov Azərbaycanın enerji sahəsindəki mövqeyindən danışarkən dünyəvilik prinsiplərinin ölkənin beynəlxalq əhəmiyyətinin artmasına təsir göstərdiyini bildirib:
"Dövlətimizin dünyəvi modelinin müstəqillikdən sonrakı tarixi inkişafında mühüm rolu olub. Azərbaycan həm neft, həm qaz, hazırda isə yaşıl enerji sahəsində lider dövlətlərdən biri olmaq istiqamətində irəliləyir. Dünyəvilik prinsipləri ölkəmizin bir çox dövlətlərin enerji təhlükəsizliyində rolunun artmasına da təsir göstərib".

Ekspert dünyəvi dövlət prinsiplərinin Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesində də əhəmiyyət daşıdığını qeyd edib:
"Dünyəvi prinsiplər dövlətimizin tarixi ərazilərini işğaldan azad etməsi prosesində də əhəmiyyətli rol oynayıb. Azərbaycanda dini radikalizm, dini ayrı-seçkilik və mədəni müxtəlifliyə təhdid istiqamətində genişmiqyaslı hərəkətlər baş verməyib. Bütün bunlar dünyəvi siyasətin nəticəsi olaraq mümkün olub. Ərazilərimizin işğaldan azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasını Azərbaycan öz gücü ilə təmin edib. İşğal olunmuş ərazilərimizin azad edilməsi ilə bağlı haqq səsimiz dünya ictimaiyyəti tərəfindən qəbul olunub. Bu iradəni dünyəvi dövlət və cəmiyyət olaraq ortaya qoya bilmişik".
Hüseyn İbrahimov dünyəviliklə tolerantlıq və multikulturalizm arasındakı əlaqəyə də diqqət çəkib:
“Dünyəvilik daha güclü cəmiyyətin formalaşması tendensiyasını yaradır. Bunun əsas prinsipləri müstəqilliyin möhkəmlənməsi və suverenliyin əbədiliyindən keçir. Azərbaycan dünyəvi dəyərlərin qorunması və bəşəri ideyalara sadiqlik istiqamətində hər zaman öz mövqeyini ortaya qoyub. Tolerantlıq və multikulturalizm də bu dəyərlər sırasındadır.
Azərbaycan cəmiyyəti multikulturalizm və tolerantlıq kimi dəyərləri gündəlik həyat tərzi kimi yaşayıb və yaşamaqdadır. Bunlar dünyəviləşmənin, dünyəvi dövlətin iradəsi ilə mümkün olan məsələlərdir. Bu üstünlüklərin qorunması dövlətimizi və cəmiyyətimizi bir çox təhdidlərdən müdafiə edir. Dövlət başçımız da Konstitusiyada təsbit olunmuş bu ali dəyərin qorunması istiqamətində daxili və xarici siyasətini qurub”.
Dosent Azərbaycan-Ermənistan münasibətlərinə toxunaraq dünyəvilik prinsiplərinin sülh prosesindəki əhəmiyyətindən danışıb:
“Bu gün Ermənistanda cəmiyyətin vahid bəşəri və milli ideya ətrafında formalaşması prosesi baş vermir. Hələ də Ermənistan cəmiyyətində kilsənin dövlətə, eləcə də dövlətin siyasi sisteminə təzyiqləri davam edir. Bütün bunlar Azərbaycan-Ermənistan arasında mümkün sülh prosesinə də mane olur.
Azərbaycan dünyəvi dövlət olaraq sülh prosesinə açıq olduğunu və buna hazır olduğunu hər zaman bəyan edib. Ermənistanın konstitusiyasında dünyəviliklə ziddiyyət təşkil edən, eyni zamanda şovinizmə qarşı mübarizəyə maneə yaradan müddəaların aradan qaldırılması sülh müqaviləsinin imzalanması baxımından əhəmiyyətlidir. Dövlətlər arasında dostluq və strateji müttəfiqlik münasibətlərində dünyəvi dəyərlərə nə qədər yer ayrılması olduqca vacibdir. Bu, ötən əsrdə də belə olub, indi də belədir”.
Hüseyn İbrahimov Azərbaycanın dünyəvilik ənənələrinin qorunmasını həm tarixi dövlətçilik missiyasının davam etdirilməsi, həm də regionda sabitliyin möhkəmlənməsi baxımından vacib hesab edir:
“Azərbaycan dünyəvilik ənənələrini qorumaqla Şərqdə ilk dünyəvi dövlət olmaq missiyasını davam etdirir və Cənubi Qafqazda bir çox ölkələr üçün nümunə ola biləcək modeli möhkəmləndirir. Dünyəvilik dövlətlərə beynəlxalq inteqrasiya, demokratiya, liberalizm və müasir milli ideya istiqamətində vahid mövqeyə gəlməyə kömək edir.
Müasir dövrdə dövlətlərin bir araya gəlməsi, münaqişələrin həlli, sülh platformalarının genişlənməsi və kompromislərin əldə olunması xüsusi əhəmiyyət daşıyır. Bunlar dünyəvi dövlətin həyata keçirdiyi siyasətdə mühüm paradiqmalardır.
Dünyəvilik prinsiplərinin qorunması dövlət və cəmiyyətin təhlükəsizliyi baxımından da vacibdir. Bu prinsiplərin kənar təzyiqlərlə pozulmasına cəhd edilməsi bir çox hallarda təhlükəli tendensiyalar yarada bilir. Ancaq cəmiyyət və dövlət bütövlükdə dünyəviləşməyə hazır olduqda bu təhlükələrin qarşısını almaq həmişə daha asan olur”.
Günay İlqarqızı