Xəbər lenti

Regionların maliyyə müstəqilliyi: 67 şəhər və rayon üçün yeni mərhələ (ŞƏRH)
Ekonomiks16:35 23.10.2026

Regionların maliyyə müstəqilliyi: 67 şəhər və rayon üçün yeni mərhələ (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2027-ci ildə Azərbaycanda 67 şəhər və rayonun heç birinin dövlət büdcəsindən maliyyə yardımı almayacağı gözlənilir. Bu ərazi vahidlərinin gələn il öz xərclərini tam şəkildə qarşılaya biləcəyi proqnozlaşdırılır.

Büdcə layihəsinə əsasən, 2027-ci ildə dövlət büdcəsinin gəlirlərinin 39 milyard 254 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı nəzərdə tutulur.

Maraqlıdır, regionlar maliyyə müstəqilliyinə necə nail olacaq? Bu vəziyyət yerli əhalinin məşğulluğuna, sahibkarlığın inkişafına və sosial rifaha necə təsir göstərə bilər?

İqtisadçı Xalid Kərimli Qaynarinfo-ya açıqlamasında bildirib ki, Azərbaycanın unitar dövlət quruluşuna malik olması səbəbindən əsas xərclər mərkəzi büdcə hesabına maliyyələşdirilir. Bununla yanaşı, yerli səviyyədə müəyyən gəlir mənbələri mövcuddur:

“Azərbaycan unitar ölkədir, yəni əsas xərclər mərkəzi büdcə tərəfindən maliyyələşdirilir. Eyni zamanda, regionlarda bələdiyyə və icra hakimiyyəti səviyyəsində yerli gəlirlər var. Bu gəlirlər hesabına yerli əhəmiyyətli xərclərin maliyyələşdirilməsi nəzərdə tutulur. İcra hakimiyyətlərinin saxlanılması ilə bağlı xərclər isə büdcədə idarəetmə xərclərinin tərkibində yer alır. Rayonların büdcələrində də regional əhəmiyyətli müəyyən məsələlərin maliyyələşdirilməsi üçün gəlirlərin əldə olunması nəzərdə tutulur”.

İqtisadçı vurğulayıb ki, rayonların dövlət büdcəsindən dotasiya almaması narahatlıq doğurmamalı, əksinə, müsbət hal kimi qiymətləndirilməlidir:

“Bütün regionlara, bütün rayonlara neft gəlirləri hesabına vəsait göndərilməlidir? Axı onların yerli gəlirləri var və bu gəlirlər yerli xərcləri qarşılaya bilər. Söhbət ondan gedir ki, rayon dotasiya almayacaq. Rayonun dövlət büdcəsindən dotasiya almaması bizi sevindirməlidir. Çünki dotasiya alan rayonlar öz xərclərini qarşılaya bilməyən ərazilərdir. Naxçıvan və işğaldan azad olunmuş rayonlar dotasiya alır, çünki həmin ərazilərdə gəlir mənbələri məhduddur”.

Xalid Kərimlinin sözlərinə görə, regionların maliyyələşdirilməsinə yalnız yerli büdcələr müstəvisindən yanaşmaq düzgün deyil. Çünki ölkədə əsas infrastruktur layihələri və inkişaf tədbirləri vahid dövlət büdcəsi çərçivəsində həyata keçirilir:

“Dövlətin əsas mərkəzi aparatı güclüdür. Əsas infrastruktur, inkişaf və həvəsləndirmə tədbirləri vahid dövlət büdcəsi çərçivəsində, respublika üzrə ümumi qaydalar əsasında həyata keçirilir. Rayon icra başçısının daha çox pul xərcləməsi bizim maraqlarımıza uyğun deyil. Bələdiyyələrin inkişafı məsələsində isə hələ də ciddi problemlər var. Bələdiyyələri lazımi səviyyədə inkişaf etdirməmişik".

Günay İlqarqızı