Xəbər lenti

"Yaşıl Bağlar"ın şikayəti təmin edilmədi - 10 min manatlıq cərimə
Ekonomiks17:34 23.10.2026

"Yaşıl Bağlar"ın şikayəti təmin edilmədi - 10 min manatlıq cərimə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Yaşıl Bağlar" MMC xaricə avans kimi köçürdüyü 50 min ABŞ dolları ilə bağlı öhdəliyini vaxtında yerinə yetirmədiyinə görə cərimələnib.

Qaynarinfo-nun məlumatına görə, şirkətin apellyasiya şikayəti təmin edilməyib və Bakı Apellyasiya Məhkəməsi Suraxanı Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Məhkəmə materiallarına əsasən, şirkət 2024-cü ildə bank vasitəsilə xaricə 50 min ABŞ dolları avans ödəyib. Lakin ödəniş tarixindən iki il keçməsinə baxmayaraq, həmin vəsait müqabilində alınmalı olan malların Azərbaycana idxalını təsdiq edən sənədlər banka təqdim edilməyib, pul da geri qaytarılmayıb.

Bu səbəbdən Azərbaycan Mərkəzi Bankı tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib. Suraxanı Rayon Məhkəməsi MMC-ni təqsirli bilərək 50 min ABŞ dollarının 20 faizi, yəni 10 min ABŞ dolları məbləğində cərimə tətbiq edib. Cərimənin manatla məbləği ödəniş gününə qüvvədə olan məzənnə əsasında hesablanmalıdır.

Şirkət qərardan apellyasiya şikayəti verərək iş üzrə icraata xitam verilməsini istəyib. Bildirib ki, müqavilə ilə bağlı yaranmış problemlərdən biri aradan qaldırılıb, digər məsələ isə Dövlət Gömrük Komitəsində araşdırılır. MMC həmçinin malların faktiki hərəkəti ilə ödəniş zamanı təqdim olunan müqavilələr arasındakı fərqin özlüyündə əməliyyatın mövcud olmadığını göstərmədiyini vurğulayıb.

Lakin Bakı Apellyasiya Məhkəməsi şirkətin təqdim etdiyi sənədlərin bu iş üzrə müvafiq bəyannamələri təsdiqləmədiyini qeyd edib. Məhkəmə hesab edib ki, avans ödənişindən sonra müəyyən edilmiş müddətdə malların idxalını təsdiq edən sənədlər təqdim edilməyib və vəsait geri qaytarılmayıb. Buna görə də şirkətin inzibati xəta törətməsi sübuta yetirilib.

Nəticədə apellyasiya şikayəti təmin edilməyib, Suraxanı Rayon Məhkəməsinin cərimə barədə qərarı dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, “YAŞIL BAĞLAR” MMC 3 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır. Şirkətin nizamnamə kapitalı 10 manatdır. Qanuni təmsilçisi Elşən Həsənov Qədir oğludur. Vergi məlumatlarına əsasən, şirkət aktivdir, riskli vergi ödəyicisi hesab edilmir və 9 787,04 manat vergi borcu var.

Aydın