Xəbər lenti

Azarkeşlərin boykotu əks effekt verdi: Tribunalar boş qaldı, qələbələr ardıcıl gəldi
İdman18:38 23.10.2026

Azarkeşlərin boykotu əks effekt verdi: Tribunalar boş qaldı, qələbələr ardıcıl gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İtaliyanın “Latsio” klubu azarkeşlərlə rəhbərlik arasında yaşanan ciddi qarşıdurmaya baxmayaraq, A Seriyasında mövsümə uğurlu başlayıb. Paytaxt təmsilçisi ilk yeddi turda 19 xal toplayaraq turnir cədvəlinin lideri “İnter”lə eyni xala sahib olub. Bununla belə, klubun ev oyunlarında “Olimpiko” stadionunun tribunaları əsasən boş qalır.

Qaynarinfo xəbər verir ki, komandanın azarkeşləri uzun müddətdir klub prezidenti Klaudio Lotitonun idarəçiliyinə etiraz edirlər. Narazılığın əsas səbəblərindən biri rəhbərliyin transfer siyasəti və əsas heyətə kifayət qədər investisiya qoyulmaması ilə bağlıdır. Azarkeşlər hesab edirlər ki, klubun idman uğurları üçün daha iddialı strategiyaya ehtiyac var.

Lotito ilə tərəfdarlar arasındakı gərginlik 2004-cü ildən, iş adamının klubu satın almasından sonra başlayıb. Prezidentin azarkeş qruplarının klub üzərində təsirini azaltmaq cəhdləri qarşıdurmanı daha da dərinləşdirib. Son illərdə isə transfer siyasəti ilə bağlı narazılıqlar etirazların genişlənməsinə səbəb olub.

Keçmiş baş məşqçi Mauritsio Sarri də azarkeşlərin ev oyunlarını boykot etməsinə anlayışla yanaşıb. Ötən mövsüm “Cenoa” ilə qarşılaşmada komandaya cəmi 5 402 tamaşaçı baxıb. Sarri həmin vaxt tərəfdarların stadiondan uzaq qalmasını klub rəhbərliyinə qarşı etirazın ifadəsi kimi qiymətləndirib.

Lotito isə tənqidlərə baxmayaraq, vəzifəsindən getmək niyyətində olmadığını bildirib. O, 22 illik rəhbərliyi dövründə altı kubok qazandıqlarını, komandanı yenidən Avropa yarışlarına qaytardıqlarını və yeni “Flaminio” stadionu layihəsi üzərində işlədiklərini xatırladıb. Prezident həmçinin klubun gələcəkdə Nyu-Yorkun Nasdaq birjasında listinqə çıxarılması planından danışıb.

Rəhbərliyin barışıq çağırışları isə azarkeşləri razı salmayıb. Tərəfdar qrupları Lotitonun onları “yaxşı” və “pis” azarkeşlərə ayırmağa çalışdığını bildirərək etirazlarını davam etdirəcəklərini açıqlayıblar. Onların böyük hissəsi 2026-2027-ci il mövsümü üçün abonementlərini yeniləməyib.

Maraqlıdır ki, stadionlarda dəstəyin azalmasına baxmayaraq, “Latsio” meydanda nəticələr əldə etməyə davam edir. Baş məşqçi Cennaro Qattuzo rəhbərliyində komanda “Yuventus”u səfərdə 3:0 hesabı ilə məğlub edərək diqqət çəkib. Bu qələbə ilə paytaxt klubu “İnter”lə xallarını bərabərləşdirib.

Qattuzo komandanın uğurlu çıxışına baxmayaraq, azarkeşlərin stadiona qayıtmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, futbolun əsl atmosferi tribunaların dolu olması ilə yaranır. Lakin tərəfdarların boykotu dayandırmağa hazır olmadığı görünür və “Latsio”da rəhbərliklə azarkeşlər arasındakı qarşıdurmanın yaxın zamanda həll olunacağı gözlənilmir.

Aydın