
Böyük Britaniyanın səhiyyə sistemində üzə çıxan qalmaqal çərçivəsində yüzlərlə qadının yanlış müalicəyə məruz qaldığı, ən azı 20 qadının isə süd vəzilərinin tamamilə əsassız şəkildə çıxarıldığı təsdiqlənib. Maliyyə maraqlarının toqquşması və ardıcıl səhlənkarlıqlar fonunda genişlənən araşdırmanın əhatə dairəsinin 10 il əvvələ qədər uzadılaraq 4 500-dən çox hadisəni əhatə etməsi gözlənilir. Qalmaqalın dəhşətli təfərrüatları üzə çıxır.
Qaynarinfo xəbər verir ki, Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) sistemində baş verən qalmaqal səhiyyə sektorunu və ölkəni dərindən sarsıtmaqda davam edir. Xəstələrə lazımsız yerə süd vəzilərinin çıxarılması əməliyyatlarının (mastektomiyanın) aparıldığını qəbul edən səhiyyə fondu qalmaqalın miqyasının gözləniləndən xeyli böyük ola biləcəyini açıqlayaraq araşdırmanı genişləndirmək qərarına gəlib. Yanlış müalicələr, həddindən artıq cərrahi müdaxilələr və səhlənkarlıq nəticəsində yüzlərlə qadının həyatı alt-üst olub. Fondun başlayacağı yeni araşdırma minlərlə qadının da eyni aqibətlə üzləşmiş ola biləcəyini üzə çıxara bilər.
Genişləndirilən araşdırma 10 illik dövrü əhatə edəcək
“County Durham and Darlington NHS Foundation Trust” (CDDFT) qurumu tərkibindəki süd vəzi sağlamlığı bölməsində baş vermiş problemlərlə bağlı araşdırmanı genişləndirdiyini açıqlayıb. Cərrahlar tərəfindən, öz ifadələri ilə desək, məhv edildiklərini və şikəst qoyulduqlarını bildirən zərərçəkmiş qadınlar yaşadıqları dözülməz ağrılardan danışıblar. İndiyədək ən azı 20 qadına tamamilə əsassız şəkildə mastektomiya əməliyyatının aparıldığı təsdiqlənib.
Səhiyyə rəsmiləri qalmaqalın izlərini araşdırarkən yoxlamaları 2015-ci ilə qədər geriyə aparmağı planlaşdırırlar. Təxminən beş il davam edəcəyi gözlənilən bu genişmiqyaslı prosesin əhatə etdiyi hadisələrin sayının 5 000-i keçə biləcəyi bildirilir.
Səhiyyə fondunun ötən ilin aprelində başladığı retrospektiv araşdırma ilkin mərhələdə 2023-cü ilin yanvarından 2025-ci ilin fevralınadək müalicə alan xəstələri əhatə edirdi. Həmin dövrdə araşdırılan 538 hadisənin 321-də, o cümlədən bir ölüm halında, müxtəlif dərəcəli zərərin meydana gəldiyi müəyyənləşdirilib.
Son qərara əsasən, araşdırmanın əhatə dairəsi daha 4 500 hadisəni əhatə edəcək şəkildə genişləndiriləcək. Yoxlamalar ən yaxın tarixdən başlanaraq hər mərhələdə bir il geriyə gedəcək və 2015-ci ilə qədər davam edəcək.
Səhiyyə rəhbərliyi rəsmi üzr istəyib
Bu qərar fondun idarə heyətinin Darem şəhərində keçirilən növbədənkənar iclasında qəbul edilib. İdarə heyətinin sədri Alison Marşall süd vəzi sağlamlığı xidmətlərindəki uğursuzluqlar nəticəsində zərər çəkən bütün qadınlardan və onların ailələrindən səmimi şəkildə üzr istəyib. Baş verənləri geri qaytarmağın mümkün olmadığını bildirən Marşall səhvlərlə bağlı tam açıq, dürüst və şəffaf davranacaqlarına söz verib.
Baş tibb bacısı Gill Hant isə bölmədəki problemlərin ilk dəfə 2015-ci ildə, xidmət strukturunda dəyişikliklər edildikdən və cərrahi assistent vəzifələri ləğv olunduqdan sonra ortaya çıxdığını bildirib.
Hant sonrakı illərdə xəstələrdən çoxsaylı şikayətlərin daxil olduğunu qeyd edərək əsas problemlərin tibbi praktikada ən yaxşı standartlara əməl edilməməsi, həddindən artıq cərrahi müdaxilələr və diaqnozların gec qoyulması olduğunu vurğulayıb.
İndiyədək yaradılmış xüsusi yardım xəttinə 640-dan çox xəstə müraciət edərək tibbi sənədlərinin araşdırılmasını tələb edib.
Fond prosesi sürətləndirmək üçün əlavə mütəxəssislər işə götürməyi planlaşdırır. Bununla belə, bəzi xəstələr keçmişdə yaşadıqları travmaların yenidən canlanmaması üçün tibbi sənədlərinin araşdırılmasını istəmədiklərini bildiriblər.
Digər tərəfdən, Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) və Darem polisi mümkün cinayət əməllərini müəyyənləşdirmək məqsədilə birgə araşdırma aparır.
6 milyon funt sterlinqlik maraqlar toqquşması şübhəsi
Araşdırmanın mərkəzində 2013–2024-cü illərdə fondun süd vəzi xidmətləri üzrə klinik direktoru vəzifəsini icra etmiş konsultant cərrah Amir Bhatti dayanır. Vəzifəsindən kənarlaşdırılan, lakin fondun əməkdaşı olaraq tam maaş almağa davam edən Bhatti ilə bağlı ciddi maraqlar toqquşması iddiaları mövcuddur.
Məlum olub ki, fond altı il ərzində Bhattiyə məxsus özəl şirkətlərin idarə etdiyi diaqnostika və cərrahiyyə klinikalarına təxminən 6 milyon funt sterlinq ödəyib.
Müstəqil araşdırmalar nəticəsində hər bir hadisəyə görə ödəniş edilən bu özəl klinikalarda maliyyə stimullarının klinik standartları risk altına salmış ola biləcəyi müəyyənləşdirilib. Özəl sektorda çalışan cərrahların NHS-dəki adi iş növbələri ilə müqayisədə hər seans ərzində nəzərəçarpacaq dərəcədə daha çox əməliyyat və müayinə apardıqları aşkarlanıb.
Bundan əlavə, Kral Cərrahlar Kollecinin hazırladığı hesabatda süd vəzi xərçəngi ilə bağlı halların tibbi şuraların iclaslarında lazımi qaydada müzakirə edilmədiyi göstərilib. Bunun isə cərrahların müstəqil qərarlar verməsinə və nəzarətdən kənar hərəkət etməsinə şərait yaratdığı bildirilib.
Fond daxilində təkrarlanan prosedurların yüksək olduğu, mastektomiyadan dərhal sonra süd vəzisinin bərpası əməliyyatlarının (rekonstruksiyanın) isə aşağı səviyyədə qaldığı müəyyən edilib. Əməliyyatların tələsik aparılmış ola biləcəyi də ehtimallar arasındadır.
Bhatti isə ona qarşı irəli sürülən ittihamları rədd edərək lazımsız mastektomiya əməliyyatları aparmadığını iddia edib. O, ittihamlara cavab olaraq “Heç kim belə bir şey etməz” deyib.
“Mənə süd vəzimi və itirdiyim vaxtı geri qaytara bilməzlər”
Qalmaqalın insan talelərinə vurduğu zərbə zərərçəkmiş qadınların danışdıqları ilə daha aydın görünür.
51 yaşlı Denise Hovart 2023-cü ildə süd vəzi xərçəngi diaqnozu aldıqdan sonra əvvəlcə şişin çıxarılması əməliyyatı keçirib, daha sonra mastektomiya əməliyyatı olunub, kimyaterapiya və radioterapiya müalicələri alıb.
2025-ci ilin sentyabrında ona edilən telefon zəngi və ardınca göndərilən məktub vasitəsilə Hovart süd vəzisinin tamamilə çıxarılması əvəzinə ikinci dəfə yalnız şişin çıxarılması variantının təklif oluna biləcəyini, lakin bu seçimin onunla heç vaxt müzakirə edilmədiyini öyrənib.
Yaşadığı sarsıntını göz yaşları içində danışan Hovart üzr istəməyin baş verənləri geri qaytarmayacağını və itirdiyi süd vəzisini ona qaytara bilməyəcəyini bildirib.
Digər zərərçəkmiş Pam Braun isə 2022-ci ildə əməliyyat olunub. Onun mastektomiya əməliyyatı tibbi baxımdan zəruri sayılsa da, bədənində qalan fiziki çapıqlar hətta mütəxəssisləri belə dəhşətə gətirib.
Fotoları araşdıran keçmiş süd vəzi xərçəngi cərrahı çapıqların qəbuledilməz olduğunu və indiyədək belə bir vəziyyətlə qarşılaşmadığını bildirib. Hər iki xəstənin müalicə prosesinin ilkin mərhələsində cərrah Amir Bhatti iştirak edib.
Fondun rəhbəri Stiv Rassell yaşanan ağrıları geri qaytarmağın mümkün olmadığını, lakin zərərçəkmiş qadınlara hər cür dəstəyin göstəriləcəyini bildirib. O, yanlış mastektomiya əməliyyatları keçirmiş qadınlara süd vəzilərinin rekonstruksiyası imkanının təklif ediləcəyini də açıqlayıb.
Hazırda göstərilən xidmətlərin milli standartlardan yüksək olduğunu bildirən qurum rəsmiləri keçmişdə baş verənlərin təkrarlanmayacağını iddia edirlər.
Aydın