Xəbər lenti

Şahzadə Harrinin barışıq çağırışı tənqidlərə səbəb oldu: "Cəsarəti varsa, üzlərinə desin"
Dünya17:57 23.10.2026

Şahzadə Harrinin barışıq çağırışı tənqidlərə səbəb oldu: "Cəsarəti varsa, üzlərinə desin"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Böyük Britaniya şahzadəsi Harri atası Kral III Çarlz və qardaşı Şahzadə Uilyamla münasibətlərini düzəltmək istədiyini açıqlasa da, onun bu barədə müsahibə verməsi yeni mübahisələrə yol açıb.

Qaynarinfo xəbər verir ki, “Page Six” nəşrinin məlumatına görə, Harri ailədaxili problemləri ictimaiyyət qarşısında müzakirə etdiyinə görə tənqid olunur. Saraya yaxın mənbələr onun barışıq istəyini jurnal müsahibəsi vasitəsilə çatdırmasını uğursuz addım kimi qiymətləndiriblər.

42 yaşlı Sasseks hersoqu həyat yoldaşı Meqan Markl və uşaqları ilə birlikdə Böyük Britaniyaya qayıtdıqdan sonra verdiyi müsahibədə ailəsi ilə münasibətlərindən danışıb. O, illərdir davam edən münaqişəni geridə qoymağa hazır olduğunu bildirib.

“Bəzi insanlar hər şeyin düzəlməsini istəmir. Mən isə bunun baş verməsini istəyirəm. Dünyada baş verən bütün hadisələrin fonunda ən vacib məsələ barışmaqdır”, deyə Harri bildirib.

Şahzadə əlavə edib ki, keçmişdə yaşananların izləri qalsa da, insanların hadisələrə münasibətini dəyişməsi və irəliyə baxması vacibdir. Onun sözləri ailə üzvlərinə, xüsusilə də qardaşı Uilyama dolayı mesaj kimi qəbul edilib.

Harri tərəfinin nümayəndəsi isə bu fikirlərin ailənin hər hansı üzvünə ünvanlanmadığını bildirib. Onun sözlərinə görə, açıqlamalar ümumi xarakter daşıyıb və konkret şəxsə eyham vurmaq məqsədi güdməyib.

"Barışmaq istəyirsə, ailəsi ilə şəxsi qaydada danışmalıdır"

Saray ətrafındakı mənbələr Harrinin ailə münasibətlərini bərpa etmək niyyətini ictimai müsahibə vasitəsilə açıqlamasını tənqid ediblər. Onların fikrincə, şahzadə həqiqətən barışmaq istəyirsə, hisslərini bütün dünyaya bəyan etmək əvəzinə, atası və qardaşı ilə birbaşa əlaqə saxlamalıdır.

Tənqidçilər Harrinin bir tərəfdən keçmişi geridə qoymağa çağırdığını, digər tərəfdən isə ailəsi ilə yaşadığı problemləri yenidən gündəmə gətirdiyini vurğulayıblar. Onların qənaətinə görə, bu cür açıqlamalar münasibətləri düzəltmək əvəzinə, münaqişənin daha da uzanmasına səbəb ola bilər.

Şahzadə isə ailəsi ilə münasibətlərinin əvvəlki vəziyyətdə olmamasından təəssüfləndiyini deyib. O, şəxsi həyatında onsuz da kifayət qədər çətinliklərin olduğunu, ailədaxili problemlərin davam etməsinə ehtiyac görmədiyini bildirib.

Harri ailəsi ilə münasibətləri barədə ictimaiyyət qarşısında danışmaq qərarını da müdafiə edib. O, illərdir özü haqqında başqalarının danışdığını, buna görə də hadisələrin öz versiyasını bölüşmək hüququna malik olduğunu söyləyib. Şahzadə 2023-cü ildə nəşr olunan “Spare” adlı xatirə kitabını yazmaq qərarını da bu mövqeyi ilə əsaslandırıb.

Qeyd edək ki, Harri və Meqan Markl 2020-ci ildə kral ailəsinin yüksək vəzifəli üzvləri kimi fəaliyyətlərini dayandıraraq ABŞ-yə köçüblər. Həmin vaxtdan etibarən onların kral ailəsi ilə münasibətləri dəfələrlə müzakirə mövzusuna çevrilib. Harrinin son açıqlamalarının Kral III Çarlz və Şahzadə Uilyamla münasibətlərdə real dəyişiklik yaradıb-yaratmayacağı isə hələlik məlum deyil.

Aydın