Xəbər lenti

Sosial fəallıq beyin qocalmasını ləngidə bilər (ARAŞDIRMA)
Sağlamlıq09:00 25.10.2026

Sosial fəallıq beyin qocalmasını ləngidə bilər (ARAŞDIRMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müxtəlif sosial tədbirlərdə müntəzəm iştirak etmək və idmanla məşğul olmaq beynin qocalmasını ləngidə və idrak funksiyalarını yaxşılaşdıra bilər.

Qaynarinfo xəbər verir ki, “The Independent” nəşrinin yazdığına görə, bu nəticələr Çinin Quandonq Tibb Universitetinin alimlərinin apardığı yeni genişmiqyaslı tədqiqatda əldə edilib.

Zehni fəallığın qorunmasında xüsusilə könüllülük fəaliyyəti və idman klublarında iştirak effektiv olub. Əvvəlki araşdırmalar da sosial fəallıq, idrak funksiyaları və demensiya arasında əlaqənin olduğunu göstərib. Bununla belə, bu əlaqənin konkret mexanizmləri hələ də kifayət qədər öyrənilməyib.

Əvvəlki tədqiqatların nəticələri birmənalı olmayıb. Bu, iştirakçıların sayının az olması, coğrafi əhatənin məhdudluğu, eləcə də sosial fəallığın və idrak göstəricilərinin müəyyənləşdirilməsi və ölçülməsi üsullarındakı fərqlərlə izah edilir.

Tədqiqatçıların qiymətləndirmələrinə görə, 2050-ci ilə qədər demensiya təxminən 153 milyon insana təsir göstərə bilər. Bu xəstəlikdən əvvəl çox vaxt idrak funksiyalarının pozulması müşahidə olunur.

Yeni tədqiqat ABŞ, Böyük Britaniya, Avropa, Çin və Meksikada aparılmış beş reprezentativ sorğunun birləşdirilmiş uzunmüddətli məlumatlarına əsaslanır. Sorğular ümumilikdə 24 ölkədən təxminən 60 min insanı əhatə edib. İştirakçılar qatıldıqları sosial tədbirlərin növləri və sayı barədə məlumat veriblər, tədqiqatçılar isə müşahidənin hər mərhələsində onların idrak qabiliyyətlərini qiymətləndiriblər.

Bu məlumatlar əsasında alimlər orta hesabla altı il ərzində müşahidə edilən 57 793 iştirakçının idrak funksiyalarını qiymətləndiriblər.

Təhlil göstərib ki, sosial tədbirlərdə iştirak edən insanların idrak göstəriciləri belə fəaliyyətlərdə iştirak etməyənlərlə müqayisədə xeyli yüksək olub. Üstəlik, insanın həyatında müxtəlif fəaliyyət növləri nə qədər çox olubsa, nəticələr də bir o qədər yaxşı olub.

Yaddaş və icraedici funksiyaların pozulmasına qarşı ən güclü qoruyucu təsir müntəzəm olaraq ən azı üç növ sosial fəaliyyətdə iştirak edən insanlarda müşahidə edilib. İcraedici funksiyalara planlaşdırma, diqqəti cəmləmə və qərar qəbul etmə kimi qabiliyyətlər daxildir.

Könüllülük fəaliyyəti və idman klublarında iştirak idrak qabiliyyətlərinin zəifləməsi riskinin azalması ilə əlaqəli olub. Təlim kurslarında iştirak etmək və uşaqlara qayğı göstərmək də daha yüksək idrak göstəriciləri ilə əlaqələndirilib.

Bununla yanaşı, siyasi, ictimai, kilsə və dini təşkilatların fəaliyyətində müntəzəm iştirak idrak funksiyalarının yaxşılaşması ilə sabit əlaqə nümayiş etdirməyib.

Sosial fəallıqla beynin fəaliyyəti arasındakı müsbət əlaqə qadınlarda, 60 yaşdan yuxarı şəxslərdə, təhsil səviyyəsi daha yüksək olanlarda, tək yaşayan insanlarda, normal bədən çəkisinə malik şəxslərdə və kənd yerlərində yaşayanlarda daha aydın müşahidə olunub.

Bununla belə, tədqiqatçılar xəbərdarlıq edirlər ki, araşdırma müşahidə xarakteri daşıyıb. Buna görə də sosial fəallıqla idrak funksiyalarının qorunması arasında birbaşa səbəb-nəticə əlaqəsi müəyyən etmək mümkün deyil.

Bu təsirin dəqiq mexanizmi hələ aydınlaşdırılmayıb. Lakin alimlər “istifadə et, yoxsa itir” fərziyyəsini irəli sürürlər. Bu yanaşmaya əsasən, zehni fəaliyyəti stimullaşdıran məşğuliyyətlərdə müntəzəm iştirak mövcud sinir əlaqələrini gücləndirməyə və yeni əlaqələrin yaranmasına kömək edə bilər.

“Tədqiqatın nəticələri bütövlükdə göstərir ki, sosial fəallıq yaşlı insanlarda idrak funksiyalarının zəifləməsinə qarşı çoxşaxəli qoruyucu amil ola bilər”, deyə araşdırmanın müəllifləri bildiriblər.

Aydın