
Silvestr Stallone kino sahəsində süni intellektdən (Al) istifadəni dəstəkləyib. Bu mövqeyi həmkarlarının mənfi reaksiyasına səbəb olub. Aktyor hesab edir ki, bu texnologiyanın inkişafını artıq dayandırmaq mümkün deyil və onun kino sənayesinə təsiri getdikcə artacaq.
Qaynarinfo-nun məlumatına görə, “The Overlap” podkastında danışan Stallone bildirib ki, aktyor oyununun süni intellekt imkanları ilə birləşdirildiyi film yaratmaq təklifindən sonra sərt tənqidlərlə üzləşib. Lakin kino sənayesi nümayəndələrinin reaksiyası onu öz mövqeyindən çəkindirməyib.
“Mən özümə problem yaradıram, amma süni intellekt həmişə bizimlə olacaq. Mən yarısı insan əməyinə, yarısı isə süni intellektə əsaslanan bir iş yaratmaq istəyirdim. Əlbəttə, hamı özündən çıxdı. Mən isə dedim: “Uşaqlar, bu, artıq baş verir. İnsanlar öz obrazlarının istifadəsi hüquqlarını satırlar. Elvis Preslinin 20 avatarı yaranacaq. Bu, artıq baş verir”, deyə Stallone bildirib.
Bununla belə, aktyor yaradıcı sahədə çalışan insanların narahatlığının əsassız olmadığını qəbul edir. Onun fikrincə, süni intellektə qarşı çıxanların bir çox arqumenti haqlı olsa da, texnoloji dəyişikliklərin qarşısını almaq artıq mümkün deyil.
“Mən belə bir riskə gedərdim, baxmayaraq ki, yaradıcı sənaye bu cür ideyalara görə insanı sözün əsl mənasında parça-parça edir. Onların arqumentləri əsaslıdır. Onlar həqiqətən haqlıdırlar. Amma biz bunu dayandıra bilmərik. Bu, uçqundur. Artıq nəzarətimizdən çıxıb. Bu axının ardınca getməsən, o, səni də özü ilə aparacaq”, deyə aktyor qeyd edib.
Stallonenin yeni texnologiyalardan istifadə etməyi düşündüyü layihələrdən biri də “Rambo” filmi olub. Aktyor süni intellekt və cavanlaşdırma texnologiyalarının köməyi ilə kult qəhrəmanının daha gənc versiyasını canlandırmaq imkanını nəzərdən keçirib. Lakin bu ideya reallaşdırılmayıb.
Stallone hələ bir il əvvəl “Bingeworthy” podkastında müasir texnologiyaların onun gənclik obrazını yenidən yaratmağa imkan verdiyini bildirmişdi. O, ətrafındakı insanların bu ideyanı ağılsızlıq hesab etdiyini söyləsə də, süni intellektin artıq qəhrəmanın Sayqon dövründəki həyatını təsvir etmək və onu tanınan görünüşünü qorumaqla 18 yaşında göstərmək üçün kifayət qədər inkişaf etdiyini düşünürdü.
Bu arada, Con Rembonun gənclik illərindən bəhs edən yeni film üzərində iş aparılır. Filmdə baş rolu “Street Fighter” layihəsi və “Bütün sevdiyim oğlanlara” film seriyası ilə tanınan Noa Sentineo canlandıracaq. Silvestr Stallone isə filmin hazırlanmasında iştirak etmir.
Aydın