Xəbər lenti

Smartfondakı reklam izləmə tələsinə çevrilə bilər - Yeni sxem
Texnologiya13:22 25.10.2026

Smartfondakı reklam izləmə tələsinə çevrilə bilər - Yeni sxem

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Smartfon istifadəçiləri üçün hava proqnozunun altında reklam bannerlərinin görünməsi adi haldır. Lakin belə reklamların arxasında görünməz casus proqramı gizlənə bilər. Toronto Universitetinin “Citizen Lab” tədqiqatçıları reklamların casusluq məqsədilə necə istifadə oluna biləcəyinə dair ilk texniki sübutları təqdim ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə “CHIP.de” yazır.

Araşdırmanın mərkəzində İsrailin “Discover-Tech” reklam şirkəti dayanır. Tədqiqatçıların məlumatına görə, şirkət reklam bazarı ilə casus proqram təminatı istehsalçıları arasında vasitəçi rolunu oynayıb. Onun reklamları “Google” da daxil olmaqla iri şirkətlərin reklam şəbəkələri vasitəsilə 120 mindən çox saytda və təxminən 75 min tətbiqdə yayımlanıb.

Bu, reklam yerlərinin saniyənin kiçik hissələri ərzində avtomatik alınıb-satılması sayəsində mümkün olub. Belə şəraitdə hər bir reklamı zərərli kodun mövcudluğuna görə yoxlamaq praktiki olaraq mümkün deyil. Üstəlik, bəzi hallarda cihazı müəyyənləşdirmək üçün reklamın yüklənməsi kifayət edib.

Ayrı-ayrı hallarda kompüterlərə 2021-ci ildən ABŞ-ın sanksiya siyahısında olan “Candiru” şirkətinin casus proqram təminatı da daxil olub.

Araşdırma nəyi üzə çıxarıb?

Tədqiqatçılar 2024 və 2025-ci illərdə “Al Jazeera” telekanalı ilə əlaqəli ən azı 45 cihazın yoluxduğunu təsdiqləyiblər. Bu, reklam şəbəkələrinin uzun müddət casusluq məqsədilə istifadə edilmiş ola biləcəyini göstərir.

“Google” və Avropa reklam sənayesi assosiasiyası “IAB Europe” artıq “Discover-Tech” şirkətini öz sistemlərindən çıxarıblar.

Kampaniyanın ehtimal olunan hədəfləri arasında BMT, NATO, Avropa Komissiyası, dövlət qurumları, media orqanları, texnologiya şirkətləri və mikrosxem istehsalçıları yer alıb.

Belə hücumlar məxfi məlumatların toplanmasına, jurnalistlərin, diplomatların və mühəndislərin əlaqələrinin izlənməsinə imkan yarada bilər. Zərərli fəaliyyət adi internet trafiki kimi göründüyündən onun aşkarlanması çətinləşir.

Tədqiqatçılar zərərli ssenarilər ehtiva edən reklamların aşkarlandığı tətbiqlər arasında Almaniyada populyar olan “Wetter Online” hava proqnozu xidmətini də qeyd ediblər. Siyahıda “Duolingo”, “Viber”, “Grindr” və “Badoo” tətbiqlərinin adları da var.

Bununla belə, həmin tətbiqlərdən istifadə edən bütün şəxslərin casus proqramı ilə yoluxduğu anlamına gəlmir. Almaniyanın dövlət qurumlarına və şirkətlərinə qarşı uğurlu hücumların təsdiqlənmiş halları hələlik yoxdur. Buna baxmayaraq, Almaniyanın Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarəsi potensial təhlükəni əhəmiyyətli hesab edir.

Smartfonu casus proqramlardan necə qorumaq olar?

Reklamlar vasitəsilə zərərli proqramların yayılması yeni üsul deyil. Təxminən on il əvvəl “YouTube” da daxil olmaqla müxtəlif platformalarda yerləşdirilən xüsusi hazırlanmış reklamlar istifadəçiləri “Sweet Orange” istismar dəsti vasitəsilə cihazlardakı boşluqlardan yararlanan saytlara yönləndirirdi.

Bir ay ərzində belə səhifələrə on minlərlə istifadəçi daxil olmuşdu. Buna görə də bu təhlükə yalnız siyasətçilər və iri şirkət rəhbərləri ilə məhdudlaşmır. Təhlükəsizlik boşluqları olan cihazlardan istifadə edən istənilən şəxs potensial hədəfə çevrilə bilər.

Məqsədli kiber-casusluqdan tam qorunmaq çətin olsa da, riskləri azaltmaq mümkündür.

Əsas tövsiyələr bunlardır:

- Əməliyyat sistemini, brauzeri və tətbiqləri vaxtında yeniləyin. Təhlükəsizlik yeniləmələri hakerlərin istifadə edə biləcəyi boşluqları aradan qaldırır.
- Artıq istifadə etmədiyiniz tətbiqləri silin.
- Brauzerdə etibarlı reklam bloklayıcısından istifadə edin.
- Məqsədli hücumların hədəfinə çevrilə biləcək şəxslər əlavə təhlükəsizlik vasitələrindən yararlansınlar.
- “iPhone” istifadəçiləri Kilidləmə rejiminə (Lockdown Mode), “Android” istifadəçiləri isə cihazlarında mövcud olan gücləndirilmiş təhlükəsizlik funksiyalarına diqqət yetirsinlər.

Bu vasitələr mütləq qorunma təmin etməsə də, hücumların həyata keçirilməsini çətinləşdirir.

Casus proqramın əlamətləri hansılardır?

Casus proqramları aşkarlamaq asan deyil, çünki onlar gizli işləmək üçün hazırlanır. Bununla belə, bəzi əlamətlər şübhə yarada bilər:

- Batareyanın adi haldan daha sürətlə boşalması;
- Smartfonun gözləmə rejimində belə qızması;
- Mobil internet trafikinin səbəbsiz artması;
- Cihazda izahı olmayan nasazlıqların yaranması.

Lakin bu əlamətlərin hər birinin başqa səbəbləri də ola bilər. Buna görə yalnız bu göstəricilərə əsaslanaraq telefonun casus proqramla yoluxduğu qənaətinə gəlmək düzgün deyil.

İzlənildiyinizə dair ciddi şübhələr varsa, “Amnesty International” təşkilatının hazırladığı “Mobile Verification Toolkit” (MVT) alətindən istifadə edə bilərsiniz. Bu vasitə məlum casus hücumlarının izlərini axtarmağa kömək edir, lakin onunla işləmək üçün texniki biliklər tələb olunur.

Mürəkkəb hallarda kibertəhlükəsizlik üzrə mütəxəssisə müraciət etmək daha məqsədəuyğundur.

Həmçinin “Apple” şirkətinin məqsədli hücumlarla bağlı rəsmi xəbərdarlıqlarına diqqət yetirmək vacibdir. Belə bildirişlər aldıqda onları görməzlikdən gəlmək olmaz.

Aydın