
Dünyanın müxtəlif bölgələrində yerləşən piramidalar tədqiqatçıları təəccübləndirməkdə davam edir. Arxeoloji qazıntıların onilliklər ərzində aparılmasına baxmayaraq, alimlər bu qədim tikililərin bəzi daxili boşluqlarının, sirli şaxtalarının və tikinti üsullarının məqsədini hələ də tam izah edə bilmirlər. Bununla yanaşı, yadplanetlilər və naməlum texnologiyalar haqqında yayılan bir çox nəzəriyyənin elmi əsası yoxdur.
Qaynarinfo xəbər verir ki, bu barədə “Science Focus” nəşri yazır.
“Ancient Egypt Research Associates” təşkilatının direktoru, misirşünas Mark Lener bildirir ki, piramidalarda insan əməyinin çoxsaylı izləri qorunub saxlanılıb. Bunlara alət izləri və işçi briqadalarının adlarının yazıldığı qrafitilər daxildir.
“Biz çoxlarının düşündüyündən daha çox şey bilirik”, – deyə tədqiqatçı qeyd edir.
Nəşr arxeoloqların üzərində işləməyə davam etdiyi altı əsas sirri təqdim edib.
1. Xufu piramidasının daxilindəki Böyük boşluq nəyi gizlədir?
2017-ci ildə “ScanPyramids” layihəsinin tədqiqatçıları Gizada yerləşən Böyük Xufu piramidasının daxilində əvvəllər məlum olmayan boşluq aşkar etdiklərini açıqlayıblar. Bu məqsədlə kosmik şüalar vasitəsilə daş tikililərin daxili quruluşunu araşdırmağa imkan verən müon tomoqrafiyası metodundan istifadə olunub.
Uzunluğu ən azı 30 metr olan boşluq Böyük qalereyanın üstündə aşkarlanıb. Bu kəşf orada gizli kamera və ya qədim artefaktların saxlanıldığı məkanın ola biləcəyi barədə ehtimallar yaradıb. Lakin hazırda boşluğun daxilində dəfn yeri, xəzinə və ya başqa əşyaların olduğunu təsdiqləyən sübut yoxdur.
Mark Lenerin sözlərinə görə, bu boşluğun hansı məqsədlə yaradıldığı hələ də məlum deyil. Ehtimallardan birinə əsasən, o, tikilinin ağırlığını bölüşdürməyə kömək edib. Digər versiyaya görə isə boşluq piramidanın inşası prosesi ilə əlaqəli olub.
“Düşünürəm ki, ən inandırıcı izah budur: onlar kameraların və keçidlərin üstündə boşluqlar yaratmaqla tikinti zamanı müəyyən ara sahələr nəzərdə tutublar”, – deyə misirşünas bildirib.
Tədqiqatçılar Böyük boşluğun dəqiq təyinatını hələ müəyyənləşdirə bilməyiblər. Bunun səbəblərindən biri dünyanın ən mühüm tarixi abidələrindən birində deşiklər açmaq istəməmələridir.
2. Amazon meşələrinin altında naməlum piramidalar qalıbmı?
Əvvəllər Amazonun sıx tropik meşələrinin altında iri qədim tikililərin mövcud olması ehtimalı fantastik görünə bilərdi. Lakin müasir texnologiyalar arxeoloqlara bitki örtüyü altında gizlənmiş yaşayış məskənlərini, yolları, torpaq istehkamlarını və mərasim platformalarını aşkar etməyə kömək edir.
Bu alətlərdən biri də meşə örtüyünün altındakı yer səthini araşdırmağa imkan verən lazer skanerləmə texnologiyası – lidardır.
2022-ci ildə tədqiqatçılar Boliviya və Ekvadorun meşəlik ərazilərində hündürlüyü 22 metrə çatan piramidayabənzər tikililər aşkar ediblər. Peruda isə spiral formalı məbədin qalıqları tapılıb.
Arxeoloqlar Cənubi Amerikada hələ kəşf edilməmiş minlərlə qədim tikilinin ola biləcəyini ehtimal edirlər. 2023-cü ildə aparılmış tədqiqatlardan birində onların mümkün sayının 23 minə çata biləcəyi bildirilib.
Bununla belə, arxeoloq Takesi İnomata qeyd edir ki, mayya və Mesoamerika ərazilərindəki piramidaların demək olar ki, hamısı artıq məlumdur. Ancaq bəzi böyük kompleksləri xüsusi texnologiyalardan istifadə etmədən müəyyənləşdirmək çətindir.
Məsələn, 2020-ci ildə lidar vasitəsilə müasir Meksikanın ərazisində Aqyada-Feniks kompleksi aşkar edilib. Bu kompleks mayyaların ən böyük və ən qədim mərasim mərkəzi hesab olunur. Onun uzunluğu təxminən 1,4 kilometrdir.
İndi əsas sual bitki örtüyünün altında daha neçə qədim yaşayış məskəninin gizləndiyi və bu məskənləri yaradan cəmiyyətlərin nə dərəcədə inkişaf etmiş, eləcə də bir-biri ilə əlaqəli olmasıdır.
3. Qədim misirlilər ən ağır daş blokları necə daşıyırdılar?
Bəzilərinin çəkisi 100 ton və ya daha çox olan nəhəng daş blokların daşınması piramidaların inşası ilə bağlı ən məşhur suallardan biri olaraq qalır.
Naməlum sivilizasiyalar və yadplanetli texnologiyalar haqqında çoxsaylı ehtimallara baxmayaraq, arxeoloqlar qədim inşaatçıların daş karxanalarından, xizəklərdən, kəndirlərdən, su yollarından, panduslardan və mütəşəkkil əmək qüvvəsindən istifadə etdiklərini göstərən sübutlar aşkar ediblər.
Tədqiqatçıların “İtirilmiş şəhər” adlandırdıqları ərazidə piramidanın tikintisində iştirak edən təxminən 20 min işçinin yaşadığı ehtimal edilən yaşayış məskəninin izləri tapılıb.
Digər mühüm mənbə isə 2013-cü ildə aşkarlanan “Mererin gündəliyi” papirusudur. Təxminən 4500 il yaşı olan bu sənəddə firon Xufunun hakimiyyəti dövründə bir briqadanın əhəngdaşını kanallar vasitəsilə daşıması təsvir edilir.
Bununla belə, bütün daş blokların dəqiq hansı üsulla hərəkət etdirildiyi hələ müəyyənləşdirilməyib. Xüsusilə Böyük piramidanın tikintisində istifadə oluna biləcək pandusların quruluşu ilə bağlı alimlər arasında yekdil fikir yoxdur.
Mark Lener ehtimal edir ki, panduslardan biri birbaşa daş karxanasından başlayaraq piramidanın əsasından 30–40 metr yüksəyə qalxa bilərdi.
“Amma hətta bu halda da piramidanı son dərəcə dik zirvəsinə qədər necə tamamladıqlarını tam başa düşmürük. Onların hansı yeniliklərdən istifadə etdiyinə əmin deyilik”, – deyə tədqiqatçı vurğulayıb.
4. Kraliçanın otağındakı sirli şaxtalar hansı məqsədə xidmət edirdi?
Böyük piramidanın daxilində Kraliçanın otağı kimi tanınan məkandan uzanan iki dar şaxta var. Onlar o qədər kiçikdir ki, araşdırılmaları üçün xüsusi robotlardan istifadə olunub.
1990-cı illərdə tədqiqatçılar şaxtalarda kiçik əhəngdaşı qapılara bənzəyən maneələr aşkar ediblər. Onların bəzilərində mis tutacaqlara bənzər elementlər olub. Maneələrdən birinin arxasında daha bir belə maneə tapılıb.
Bu kanalların təyinatı hələ də məlum deyil. Onlar geniş yayılmış şəkildə “hava şaxtaları” adlandırılsa da, bəzi alimlər həmin kanalların havalandırma məqsədilə istifadə edildiyinə şübhə ilə yanaşırlar.
Misirşünas Kempbell Prays ehtimal edir ki, şaxtalar simvolik məna daşıyıb və qədim misirlilərin axirət həyatı, eləcə də vəfat etmiş hökmdarın ulduzlara doğru səyahəti ilə bağlı təsəvvürləri ilə əlaqəli olub.
Qədim Misir mətnlərində vəfat etmiş hökmdarlar səmanın müəyyən hissələri ilə əlaqələndirilirdi. Bu səbəbdən bəzi tədqiqatçılar şaxtaların mühüm ulduzlara və ya bürclərə istiqamətləndirilə biləcəyini düşünürlər. Digərləri isə onların dəqiq mənası zamanla unudulmuş dini sistemin bir hissəsi olduğunu ehtimal edirlər.
Bununla yanaşı, praktiki izahlar da mövcuddur. Prays şaxtaların mühəndislik məqsədləri, məsələn, kəndirlərlə işləmək üçün istifadə olunması ehtimalını da istisna etmir.
Beləliklə, alimlər bu kanalların dini, mühəndislik və ya başqa məqsəd daşıdığını hələ müəyyənləşdirə bilməyiblər.
5. Sudanda niyə Misirdən daha çox piramida var?
Misir ənənəvi olaraq piramidalarla assosiasiya olunsa da, Sudanda bu qədim tikililərin sayı şimal qonşusundan daha çoxdur.
Sudandakı piramidaların əksəriyyəti Misirin cənubunda, Nubiyada mövcud olmuş qədim Kuş çarlığı ilə əlaqəlidir. Eramızdan əvvəl VIII əsrdən etibarən kuş hökmdarları Misir ənənələrini, o cümlədən piramida tikintisini mənimsəməyə və özlərinə uyğunlaşdırmağa başlayıblar.
Sonrakı əsrlər ərzində Nuri və Meroe də daxil olmaqla, kral nekropollarında dik yamaclı yüzlərlə piramida inşa edilib.
Kempbell Praysın sözlərinə görə, piramidaların çoxluğunun izahlarından biri Kuş çarlığında bu tikinti ənənəsinin qədim Misirdəkindən daha uzun müddət davam etməsidir. Bundan əlavə, Sudan piramidaları adətən Giza kompleksindəki nəhəng abidələrdən daha kiçik olduğuna görə onların daha çox sayda tikilməsi mümkün olub.
Misirdəki piramidaların bir qismi talanlar və zamanın dağıdıcı təsiri nəticəsində məhv olmuş ola bilər. Sudandakı bəzi tikililər isə coğrafi baxımdan daha təcrid olunmuş ərazilərdə yerləşdikləri üçün qismən qorunub saxlanılıb.
Hazırda Sudandakı müharibə bu irsin araşdırılmasını çətinləşdirir. Kempbell Prays vurğulayır ki, dünya bu ölkənin arxeoloji irsi və Afrika sivilizasiyalarının qarşılıqlı əlaqəli tarixi haqqında daha çox məlumat əldə etməlidir.
6. Qədim Karal şəhərini yaradan sivilizasiya necə formalaşmışdı?
Perunun sahilində yerləşən qədim Karal şəhəri Amerika qitəsinin ən qədim şəhər mərkəzlərindən biri hesab olunur. Təxminən 5000 yaşı olan bu ərazidə iri platforma təpələri və piramidayabənzər tikililər qorunub saxlanılıb. Onlar Misirin ən qədim piramidalarından bəziləri ilə təxminən eyni dövrdə meydana gəlib.
Alimlər Karalın Norte-Çiko sivilizasiyasının nümayəndələri tərəfindən inşa edildiyini bilirlər. Əsas sirr isə belə mürəkkəb cəmiyyətin bu qədər erkən dövrdə necə formalaşmasıdır.
Arxeoloji tapıntılar Karalın inkişafının sivilizasiyaların yaranması ilə bağlı geniş yayılmış təsəvvürlərdən fərqləndiyini göstərir. Tədqiqatçılar burada müharibə aparıldığını təsdiqləyən azsaylı dəlillər aşkar ediblər. Monumental tikililər isə dulusçuluğun geniş yayılmasından əvvəl meydana gəlib.
Ehtimallardan birinə görə, şəhərin iqtisadiyyatı yalnız kənd təsərrüfatına deyil, əsasən balıqçılığa və ticarət əlaqələrinə söykənirdi.
Bu fakt mürəkkəb cəmiyyətlərin mütləq fəthlər, hərbi güc və ya hökmdarların hakimiyyəti sayəsində yaranması fikrini şübhə altına alır. Karal kollektiv əməkdaşlığın və birgə fəaliyyətin mühüm rol oynadığını göstərə bilər.
“İnsanlar cəmiyyətin inkişafının çox erkən mərhələsində belə böyük tikililər inşa edirdilər”, – deyə Takesi İnomata bildirib.
Tədqiqatçının sözlərinə görə, arxeoloqlar bu tikililərin mütləq hökmdarların məcburiyyəti ilə yaradılmadığını ehtimal edirlər. İnsanlar bir araya gələrək könüllü şəkildə əməkdaşlıq etmiş ola bilərlər. Bununla belə, belə bir cəmiyyətin necə formalaşdığı hələ də əlavə araşdırma tələb edir.
Aydın