Xəbər lenti

Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır
Dünya15:59 27.10.2026

Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çexiyada parazit gənənin törətdiyi yoluxucu xəstəlik olan qaşınma hallarının sayı artır. Ən çox yoluxma Moraviya-Sileziya diyarında, xüsusilə Ostrava şəhərində qeydə alınır.

Qaynarinfo xəbər verir ki, bu barədə Çexiyanın “iDNES.cz” nəşri məlumat yayıb.

Çexiya Səhiyyə İnstitutunun məlumatına görə, 2026-cı ilin ilk doqquz ayında ölkədə 9 917 qaşınma halı qeydə alınıb. Ötən ilin eyni dövründə bu göstərici 7 542, 2020-ci ildə isə 1 648 olub.

Sentyabr ayında Moraviya-Sileziya diyarında 187 yoluxma halı aşkarlanıb. Bu, ölkənin digər regionları ilə müqayisədə ən yüksək göstəricidir. İlin əvvəlindən bəri həmin diyar üzrə ümumilikdə 1 882 nəfərdə xəstəlik müəyyən edilib. Onlardan 741-i Ostrava şəhərinin sakinləridir.

İnfeksiya sosial xidmət müəssisələrində də yayılır. Ostrava şəhərindəki qocalar evlərindən birində üç sakin qaşınma xəstəliyinə yoluxub. Müəssisədə əlavə profilaktik tədbirlər görülüb və kollektiv məşğələlər müvəqqəti dayandırılıb. Ümumilikdə, il ərzində regionun sanitariya xidmətləri sosial müəssisələrdə altı qrup yoluxma hadisəsi aşkarlayıb.

Xəstəliyin yayılmasının dəqiq səbəbləri hələ müəyyən edilməyib. Mütəxəssislər mümkün amillər arasında qaşınmanın dövri xarakter daşımasını, insanların kollektiv yaşayış müəssisələrində sıx təmasını və səyahətləri göstərirlər. Bununla yanaşı, statistik göstəricilərin artması yoluxucu xəstəliklərin elektron qeydiyyat sisteminə keçidlə də qismən bağlı ola bilər.

Qaşınma gənəsi əsasən dərinin uzunmüddətli dəri təması zamanı, daha az hallarda isə yoluxmuş yataq dəstləri və geyim vasitəsilə ötürülür. Yoluxmadan bir neçə həftə sonra simptomlar yarana bilər. Bu isə xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir.

Aydın