
Fransa Prezidenti Emmanuel Makron sosial şəbəkələrin ölkədə baş verən iğtişaşlardakı rolunu tənqid edib. O bildirib ki, bu platformalar demokratiyaya zərər vurur və insanların ən mənfi meyillərini hərəkətə gətirmək üçün istifadə olunur.
Qaynarinfo xəbər verir ki, Makron bu barədə Marselə səfəri zamanı danışıb.
Fransa liderinin sözlərinə görə, sosial şəbəkələr xüsusilə oktyabrın 17-də baş verən iğtişaşlar zamanı fəal şəkildə istifadə olunub. Onun iddiasına görə, platformalar gəncləri və digər şəxsləri cinayətlərin, hücumların və talanların baş verdiyi ərazilərə yönləndirmək üçün vasitəyə çevrilib.
Makron qarşıdakı həftəsonu keçiriləcək yeni etiraz aksiyalarının da təhlükəli vəziyyət yarada biləcəyini bildirib. O, ictimai asayişin qorunması məqsədilə nümayiş marşrutlarının şəhər mərkəzlərindən kənarda təşkil ediləcəyini qeyd edib. Prezident eyni zamanda hakimiyyətin etirazların miqyasını əvvəlcədən düzgün qiymətləndirə bilmədiyini etiraf edib.
Fransada etirazlar sentyabrın sonunda təhsil sahəsindəki problemlərlə bağlı yuxarı sinif şagirdlərinin nümayişləri ilə başlayıb, daha sonra ölkənin müxtəlif bölgələrinə yayılıb. Oktyabrın 17-də küçələrə yarım milyondan çox insan çıxıb. Aksiyalarda gənclər, həmkarlar ittifaqlarının nümayəndələri, fəallar və işçi hərəkatlarının təmsilçiləri iştirak ediblər.
Etirazçılar yanacağın bahalaşmasına qarşı çıxıb, əhalinin alıcılıq qabiliyyətinin artırılmasını tələb ediblər. Bir sıra şəhərlərdə nümayişlər nəzarətdən çıxaraq mağazaların talanması, dağıntılar və yanğınlarla müşayiət olunub. Polis isə aksiyalara müdaxilə zamanı gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.
Aydın