
Bərdə rayonunda həmkəndlisini bıçaqlayaraq ağır xəsarət yetirən şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 2000-ci il təvəllüdlü, Bərdə rayonunun Nifçi kənd sakini Sənan Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib.
Məhkəmə materiallarına əsasən, hadisə 2026-cı ildə saat 22 radələrində Nifçi kəndindəki “Şəhid bulağı”nın yaxınlığında baş verib. Həmin vaxt sərxoş vəziyyətdə olan həmkəndlisi Əfqan Tanrıverdiyev Sənanın və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib. Aralarında yaranan mübahisə zamanı Əfqan Sənanın sağ əlinin baş barmağını dişləyib.
Bundan əsəbiləşən Sənan üzərindəki bıçaqla Əfqanı qarın nahiyəsindən bir dəfə vurub. Zərərçəkmişin qarın boşluğuna nüfuz edən yara mədəsinin də zədələnməsinə səbəb olub. Ekspertiza xəsarəti həyat üçün təhlükəli olan ağır zərər kimi qiymətləndirib.
Məhkəmədə Sənan əməlini etiraf edərək hadisə zamanı Əfqanın onu təhqir etdiyini və barmağını dişlədiyini bildirib. O, törətdiyi əməldən peşman olduğunu deyərək yüngül cəza istəyib.
İş materiallarında tərəflər arasında əvvəldən narazılıq olduğu da qeyd edilib. Belə ki, Əfqanın Sənanın qardaşının arvadı Nərminə telefon alması ailədə narazılığa səbəb olub. Əfqan isə məhkəmədə Nərminlə yaxın münasibətinin olmadığını, telefonu onun xahişi ilə aldığını bildirib.
Zərərçəkmiş Əfqan Tanrıverdiyev məhkəmədə Sənanla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını deyib. O, hadisə vaxtı sərxoş olduğunu və Sənanın barmağını dişlədiyini də təsdiqləyib.
Məhkəmə Sənanın könüllü olaraq istintaqa gəlməsini, təqsirini etiraf etməsini, peşmanlığını, zərərçəkmişlə barışmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb. Cəzanı ağırlaşdıran hal müəyyən edilməyib.
Nəticədə Sənana 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Lakin məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək cəzanı şərti hesab edib və onun barəsində 1 il 6 ay sınaq müddəti müəyyənləşdirib.
Hökmə əsasən, Sənan sınaq müddətində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişə bilməz. Onun davranışına Bərdə Rayon İcra və Probasiya Şöbəsi nəzarət edəcək.
Aydın