
Vəhşi oranqutanlar qida seçərkən qrupun digər üzvlərini müşahidə edirlər. Onlar digər fərdlərdə iştaha yaratdığını düşündükləri qidaya üstünlük verirlər.
Qaynarinfo xəbər verir ki, “The Guardian” qəzetinin yazdığına görə, insanabənzər meymunların davranışlarını araşdıran alimlər bu qənaətə gəliblər.
Tədqiqatçılar müəyyən ediblər ki, yemək axtarmazdan əvvəl öz növündən olan digər fərdlərin gülüş səslərinin yazısını dinləyən oranqutanlar həmin səslərlə əlaqələndirilən qidaya daha çox üstünlük verirlər.
İndiana Universitetinin antropologiya və koqnitiv elmlər üzrə professoru, tədqiqatın aparıcı müəllifi Erika Kartmill izah edib ki, bu araşdırma daha genişmiqyaslı layihənin bir hissəsidir. Alimlər heyvanların sevinc hissi keçirib-keçirmədiyini, emosiyaların onların idrak qabiliyyətlərinə və öyrənmə prosesinə necə təsir etdiyini müəyyənləşdirməyə çalışırlar.
“Əsas məqsədlərimizdən biri insanlarla bağlı emosiyaların rasional düşüncəyə əhəmiyyətli dərəcədə təsir göstərdiyini ortaya qoyan tədqiqatları davam etdirməkdir. Bunlar bir-birindən ayrı iki proses deyil, əksinə, həqiqətən qarşılıqlı əlaqədədirlər. Biz bu nəticənin heyvanlara, xüsusilə də oranqutanlara şamil edilə biləcəyini yoxlamaq istədik”, deyə Kartmill bildirib.
Tədqiqat necə aparılıb?
“Biology Letters” jurnalında dərc olunan məqalədə tədqiqatçı və həmkarları iki zooparkdan altı oranqutanın iştirak etdiyi eksperimenti təsvir ediblər.
Əvvəlcə heyvanlara kasalarda gizlədilmiş yeməkləri tapmaq öyrədilib. Daha sonra hər oranqutana iki kasa təqdim olunub. Kasalardan birində yemək mamır və ya yonqar kimi heyvanlar üçün təhlükəsiz materialın altında gizlədilib. Digər kasada isə başqa bir material olub, lakin orada yemək yerləşdirilməyib.
Kasalar heyvanların qarşısına qoyulmazdan əvvəl tədqiqatçılar audioyazı səsləndiriblər. Bu, ya oranqutanların oyun və gülüş səsləri, ya da külək kimi təbii səslər olub. Hansı yazının səsləndiriləcəyi həmin gün yeməyi gizlətmək üçün istifadə edilən materialdan asılı olub.
Eksperimentin beşinci günündə alimlər oranqutanlara hər ikisində fərqli materialların altında yemək gizlədilmiş iki kasa təqdim edərək seçim etmələrini istəyiblər.
Bir neçə sınağın nəticələri göstərib ki, oranqutanlar ümumilikdə gülüş səsləri ilə əlaqələndirilən materialın olduğu kasanı daha çox seçiblər. Altı iştirakçıdan dördü bu seçimə açıq üstünlük verib.
Kartmillin sözlərinə görə, belə davranış oranqutanlarda gülüş səslərinin müsbət emosiyalar yaratması ilə izah oluna bilər. Heyvanlar müəyyən materialı qida ilə əlaqələndirərkən onların emosional vəziyyəti sonrakı seçimlərinə təsir göstərə bilər.
Nəticələrin şərhi
Uorik Universitetinin primatoloqu və təkamül psixoloqu Adriano Lameyra nəticələri maraqlı adlandırıb.
“Əslində, başqalarının yaxşı vaxt keçirdiyini eşidən oranqutanlar belə bir sifariş veriblər: ‘Mən də onların yediyindən istəyirəm, zəhmət olmasa!", deyə alim zarafatla bildirib.
Kartmill əlavə edib ki, nəticələr assosiasiyaların formalaşmasında yalnız mükafatın miqdarının və ya əldə edilmə tezliyinin deyil, həm də heyvanın öyrənmə zamanı emosional vəziyyətinin əhəmiyyət daşıdığını göstərir.
“Araşdırmamız göstərir ki, assosiasiya formalaşarkən heyvanın vəziyyəti də mühüm rol oynayır. Konkret anda kim olduğunuz, şərait, emosiyalarınız, hissləriniz və düşüncələriniz – bütün bunlar öyrəndiyiniz məlumatı necə yadda saxlamağınıza təsir göstərə bilər”, deyə o izah edib.
Tədqiqatçının fikrincə, bu nəticələr insanlar üçün də, xüsusilə təhsil mühitində, praktik əhəmiyyət daşıya bilər.
“Şagirdlər əhvallarının yaxşı və ya pis olmasından asılı olmayaraq eyni sürətlə öyrənə bilərlər. Lakin araşdırmamız göstərir ki, yaxşı əhval-ruhiyyədə mənimsənilən məlumatı daha çox qiymətləndirə bilərlər”, deyə Kartmill qeyd edib.
Onun sözlərinə görə, bu nəticələr insanların nə üçün bəzi məlumatlara digərlərindən daha çox inandığını və ya şagirdlərin nə üçün müəyyən fənləri öyrənməyə davam etməyi seçdiyini anlamağa kömək edə bilər.
Məsələn, şagird riyaziyyat dərslərində narahatlıq keçirirsə, bu, gələcək təhsil istiqamətini seçərkən həmin fənnə digər fənlərlə müqayisədə nə dərəcədə üstünlük verməsinə təsir göstərə bilər.
Aydın