Xəbər lenti

20 ildən sonra tennis topu boyda dolu adi hala çevrilə bilər
Dünya17:57 26.10.2026

20 ildən sonra tennis topu boyda dolu adi hala çevrilə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İqlim dəyişikliyi səbəbindən qarşıdakı iki onillikdə dolu fırtınalarının daha təhlükəli olacağı, buz dənələrinin diametrinin isə 8-10 santimetrə çatacağı proqnozlaşdırılır.

Qaynarinfo xəbər verir ki, bu barədə İspaniyanın “El Español” nəşri məlumat yayıb.

Meteoroloqların xəbərdarlığına görə, əvvəllər nadir və qeyri-adi hava hadisəsi sayılan tennis topu böyüklüyündə dolu gələcəkdə dünyanın bir çox bölgəsində daha tez-tez müşahidə oluna bilər. Bunun əsas səbəbi qlobal temperaturun yüksəlməsi və Yer səthində istiliyin artmasıdır. Bu proses atmosferdə qeyri-sabitliyi gücləndirərək daha şiddətli fırtınaların yaranmasına şərait yaradır.

Nəhəng dolu necə yaranır?

Göy gurultulu buludların daxilində güclənən hava axınları su damcılarını yüksək hündürlüklərə qaldıraraq uzun müddət havada saxlayır. Nəticədə damcıların üzərində yeni buz təbəqələri əmələ gəlir və dolu dənələri böyüyür.

Belə dolunun təhlükəsi təkcə ölçüsü ilə məhdudlaşmır. Mütəxəssislərin bildirdiyinə görə, iri buz parçaları yerə düşərkən saatda 100 kilometrədək sürət yığa bilər. Bu isə onların avtomobillərin ön şüşələrini sındırmasına, dam örtüklərini zədələməsinə, kənd təsərrüfatı məhsullarını məhv etməsinə, eləcə də insanlar və heyvanlar üçün ciddi təhlükə yaratmasına səbəb olur.

Son illərdə Amerika və Avropanın müxtəlif bölgələrində qeydə alınan güclü fırtınalar bu riskləri bir daha gündəmə gətirib.

Tikinti və kənd təsərrüfatını çətin sınaq gözləyir

Proqnozlar xüsusilə dolu fırtınalarının tez-tez baş verdiyi ölkələr üçün narahatlıq doğurur. İspaniya kimi ərazilərdə mövcud təcrübədən yararlanmaq, əhalinin təhlükəsizliyini təmin etmək və infrastrukturu qorumaq üçün qabaqlayıcı tədbirlərin gücləndirilməsi tövsiyə olunur.

Meteoroloji ssenarilər gerçəkləşərsə, tikinti və kənd təsərrüfatı sahələrində də dəyişikliklər qaçılmaz ola bilər. Binaların və digər qurğuların doluya davamlılığına dair standartların yenidən nəzərdən keçirilməsi, məhsulların qorunması və risklərin azaldılması üçün yeni tədbirlərin tətbiqi zərurətə çevrilə bilər.

Məqalədə həmçinin qeyd olunur ki, qarşıdakı 20 ildə qış fəsli daha qısa, lakin bəzi dövrlərdə daha sərt keçə bilər. Güclü dolu hadisələrinin də bu hava şəraitini müşayiət edəcəyi ehtimal olunur.

Aydın