Xəbər lenti

Çinli motosikletçi suyun üzərində 40 kilometr hərəkət edərək rekord qırdı
Dünya15:25 27.10.2026

Çinli motosikletçi suyun üzərində 40 kilometr hərəkət edərək rekord qırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çinli sahibkar Çjan Syue xüsusi modifikasiya edilmiş motosikletlə açıq su hövzəsində 40 kilometr məsafə qət edərək Ginnesin Rekordlar Kitabına düşüb. Qeyri-adi nailiyyət Çinin Hunan əyalətində qeydə alınıb.

Qaynarinfo xəbər verir ki, “Interesting Engineering” nəşrinin məlumatına görə, motosiklet istehsalı ilə məşğul olan ZXMOTO şirkətinin qurucusu rekordu MX450 modelinin xüsusi hazırlanmış versiyası ilə əldə edib.

Motosiklet adi nəqliyyat vasitələrindən fərqli olaraq, suyun üzərində hərəkət etmək üçün xüsusi amfibiya xizəkləri ilə təchiz edilib. Bundan başqa, onun yanacaq çəni böyüdülüb və su keçirməməsi üçün əlavə izolyasiya tətbiq olunub. Qurğu əvvəlcə quruda sürət yığır, daha sonra suyun səthi boyunca hərəkət edir. Ön xizək istiqaməti idarə etməyə, arxa təkər isə suyu geriyə itələyərək hərəkət qüvvəsi yaratmağa imkan verir.

Çjanın bu sahədə təcrübələri 2009-cu ildən başlayıb. İlk sınaqlar zamanı o, dörd dəfə suya düşüb və cəmi 20 metr məsafə qət edə bilib. Buna baxmayaraq, sahibkar ideya üzərində işləməyə davam edib və nəticədə rekord məsafəyə çatmağı bacarıb.

Nəşr qeyd edir ki, bu nailiyyət xüsusi hazırlanmış motosikletin imkanlarını nümayiş etdirsə də, onun gündəlik istifadəyə və ya müntəzəm su nəqliyyatına yararlı olduğunu göstərmir. Söhbət seriyalı istehsal üçün nəzərdə tutulan adi motosikletdən deyil, suyun üzərində hərəkət etmək məqsədilə dəyişdirilmiş xüsusi texnikadan gedir.

Aydın