
FİFA-nın 2026-cı il dünya çempionatı çərçivəsində bilet və VIP paketlərinin satışından təxminən 5 milyard dollar gəlir əldə etdiyi bildirilir. Bu məbləğ təşkilatın ilkin gözləntilərini xeyli üstələyib.
Qaynarinfo xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.
Məlumata görə, FİFA bilet satışından 3,3 milyard dollar gəlir əldə etməyi planlaşdırsa da, yekun məbləğin təxminən 5 milyard dollara çatdığı iddia olunur. Bu göstərici 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında bilet satışından əldə edilən 929 milyon dollar gəlirdən təxminən beş dəfə çoxdur.
Bununla belə, FİFA sözügedən rəqəmi rəsmi şəkildə təsdiqləməyib. Təşkilatın yekun maliyyə göstəricilərinin növbəti illik hesabatında açıqlanacağı gözlənilir.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilib. Turnir tarixində ilk dəfə 32 deyil, 48 milli komanda mübarizə aparıb. Yeni format oyunların sayını 104-ə çatdırıb.
Mənbənin məlumatına görə, turnirin ümumi gəlirinin 15 milyard dollara çatdığı bildirilir. FİFA prezidenti Canni İnfantino isə gələcək dünya çempionatlarında iştirakçı komandaların sayının 64-ə çatdırılması ehtimalının da nəzərdən keçirildiyini açıqlayıb.
Aydın