Xəbər lenti

Vatikanın kommunikasiya xidmətinə ilk dəfə qadın rəhbərlik edəcək (FOTO)
Dünya13:05 01.11.2026

Vatikanın kommunikasiya xidmətinə ilk dəfə qadın rəhbərlik edəcək (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Vatikanın kommunikasiya xidmətinin rəhbəri vəzifəsinə tarixdə ilk dəfə qadın təyin olunacaq. ABŞ vətəndaşı olan 39 yaşlı Montserrat Alvarado bu gündən etibarən Müqəddəs Taxt-Tacın kommunikasiya siyasətinə rəhbərlik edəcək.

Qaynarinfo xəbər verir ki, Alvarado bu vəzifədə Papa XIV Lev tərəfindən təqaüdə göndərilən Paolo Ruffinini əvəzləyəcək. O, indiyədək Vatikanın bu qurumuna rəhbərlik etmiş şəxslər arasında ilk qadın olacaq.

Son dövrlər katolik mediasının EWTN şəbəkəsində jurnalist kimi çalışan Alvaradonun məsuliyyət dairəsi kifayət qədər genişdir. Onun rəhbərliyi altında Vatikan radiosu, kitab nəşriyyatı, mətbəə, video və foto şöbələri, internet resursları və Müqəddəs Taxt-Tacın mətbuat xidməti fəaliyyət göstərəcək. Beləliklə, yeni rəhbər 500-dən çox əməkdaşın işinə nəzarət edəcək.

Alvarado rəqəmsal və ənənəvi kommunikasiya vasitələrinin birləşdirilməsini əsas prioritetlərindən biri hesab edir. O, idarəetmə modelində amerikalı futbol məşqçisi Vins Lombardinin yanaşmasından bəhrələndiyini bildirib. Bu yanaşma mövcud komandanın imkanlarını yenidən qiymətləndirməyi, əməkdaşları daha uyğun vəzifələrə yönəltməyi və lazım gəldikdə yeni iş prinsipləri formalaşdırmağı nəzərdə tutur.

Yeni rəhbər öz baxışlarını əməkdaşlara qəbul etdirmək niyyətində olmadığını, Papa XIV Levin gözləntilərini həyata keçirməyə çalışacağını vurğulayıb. O, həmçinin auditoriyanın fikirlərini dinləmək və indiyədək mediada kifayət qədər işıqlandırılmayan mövzulara diqqət çəkmək istədiyini bildirib.

Qeyd edək ki, Alvaradonun təyinatı Vatikanın kommunikasiya idarəçiliyində qadının ilk dəfə belə yüksək vəzifəyə gətirilməsi baxımından tarixi hadisə hesab olunur.

Aydın