
Artıq meydanda qarşısıalınmaz qüvvəyə çevrilən Erlinq Haaland meydandan kənarda da sürətlə nüfuz qazanır. Onun dünya miqyasında artan tanınması artıq rəsmi şəkildə təsdiqlənib: “Mançester Siti”nin hücumçusu Kriştiano Ronaldonu geridə qoyaraq marketinq baxımından dünyanın ən cəlbedici futbolçusu seçilib.
Qaynarinfo xəbər verir ki, idman iqtisadiyyatı sahəsində fəaliyyət göstərən media şirkəti “SportsPro” maraqla gözlənilən dünyanın marketinq baxımından ən cəlbedici 50 idmançısının illik siyahısını açıqlayıb. Reytinq üç əsas meyardan ibarət 100 ballıq sistem əsasında hazırlanıb: brend dəyəri (45 bal), inkişaf dinamikası (40 bal) və kommersiya artımı potensialı (15 bal). Başqa sözlə, idmançının yaratdığı dəyər, bu dəyərin arxasında dayanan inkişaf tempi və gələcəkdə böyümək imkanları qiymətləndirilir.
2025-ci il iyulun 1-dən 2026-cı il iyunun 30-dək toplanan məlumatlar əsasında 70 idman növünü təmsil edən 1202 idmançı qiymətləndirilib. Qadın tennisinin ulduzu Arina Sabalenka siyahıda birinci yeri tutub. Onu çinli xizəkçi Aylen Qu, basketbolçu Yanis Adetokumbo və dördüncü pillədə qərarlaşan Haaland izləyib. Kişi tennisinin diqqətçəkən nümayəndəsi Karlos Alkaras isə ilk beşliyi tamamlayıb.
Haaland 2026-cı ildə ilk 10-luğa düşən yeganə futbolçu olub. Bu nəticə onun şəxsi brendinin son bir ildə necə sürətlə böyüdüyünü göstərir. Ronaldo isə beşinci yerdən 14-cü pilləyə geriləyib. Təcrübəli superulduzun marketinq cəlbediciliyində də azalma müşahidə olunur.
Sosial media fenomeni

Haaland cəmi bir il əvvəl açdığı “YouTube” kanalı ilə əhəmiyyətli uğur qazanıb.
Onun son dövrdə artan şöhrətində 2025-ci ilin oktyabrında açdığı “YouTube” kanalının uğuru mühüm rol oynayıb. Qısa və uzun videoları sayəsində kanal 4,6 milyon abunəçi və təxminən 250 milyon baxış toplayıb. Bu uğurun arxasında onun futbol bacarığı ilə yanaşı, səmimi və zarafatcıl xarakteri də dayanır.
“SportsPro”nun kommersiya məzmunu üzrə rəhbəri Maykl Lonq GOAL-a açıqlamasında bildirib:
“YouTube”un ümumilikdə idman məzmununun istehlakında getdikcə daha mühüm platformaya çevrildiyini görürük. Bu, xüsusilə media qarşısında görünürlüğünü artırmaq və öz hekayələrini birbaşa özləri danışmaq istəyən idmançılar üçün əhəmiyyətlidir. Haalandın şəxsi kanalı ona öz səsini formalaşdırmaq və azarkeşləri ilə birbaşa əlaqə qurmaq imkanı verir. Gündəlik həyatını əks etdirən paylaşımları da davamlı olaraq yüksək nəticələr göstərir, çoxsaylı baxış və qarşılıqlı əlaqə qazandırır.
26 yaşlı futbolçu yeni mövsüm ərəfəsində sosial mediada sahib olduğu təsiri məşhur, uzun “Vikinq” saçlarını qırxdırdığı videonu paylaşmaqla nümayiş etdirib. Video internetdə böyük rezonans doğurub. Yeddi dəqiqəlik vloq indiyədək təxminən 10 milyon dəfə izlənilib. “Instagram”, “TikTok” və digər sosial platformalarda yayımlanan tanıtım videolarına baxan və onlarla qarşılıqlı əlaqədə olanların sayı isə daha çoxdur.
Saç kəsimi videosunda yer alan şəxslər də Haalandın nə qədər geniş əlaqələrə malik olduğunu göstərir. Məşhurlarla dolu telefon kitabçasında Noel Qallaher, Zlatan İbrahimoviç, Cek Qriliş və Pep Qvardiolanın nömrələri var. Yeni görünüşünü göstərmək üçün onlara zəng etdikdə hər biri telefonunu açıb. Haaland, həmçinin “YouTube”un tanınmış simaları KSI və “Sidemen” qrupu ilə də əməkdaşlıq edib.
Haaland məhz bu həftə platformada yaradıcılığı ilə təsir göstərən şəxsləri mükafatlandıran 2026-cı il “Instagram Rings” mükafatının qalibləri sırasında elan olunub. Açıqlamada bildirilib:
“Instagram”da futbolu, yumoru və özünəməxsus şəxsiyyətini bir araya gətirərək diqqətçəkən imicini daha da gücləndirir. Bu da onun hesabını həm idmanda, həm də idmandan kənar sahələrdə fərqləndirir.
Amerikanı fəth etmək

Yayda Şimali Amerikada keçirilən dünya çempionatı Haalandın ABŞ-də tanınmasını əhəmiyyətli dərəcədə artırıb.
Haalandın “YouTube” kanalı onun bu yay ABŞ-də populyarlıq qazanmasında da mühüm rol oynayıb. Futbolçu dünya çempionatı zamanı ölkədə tanınmasını artırmaq fürsətindən yararlanıb. Onun xarizması və insanları özünə cəlb edən şəxsiyyəti ABŞ-də böyük maraq doğurub.
Norveç millisi 28 ildən sonra ilk dəfə dünya çempionatına vəsiqə qazanaraq ABŞ-yə yollanıb. Komandanın uğurunda hücumçu Haalandın da böyük payı olub. Turnir öncəsi sürpriz komanda hesab edilən Norveç millisi gözləntiləri doğruldaraq diqqət mərkəzinə düşüb.
Komanda yoldaşları ilə birlikdə etdiyi və internetdə yayılan “Vikinq avarçəkməsi” qol sevincinin də təsiri ilə Haaland həm meydanda, həm də meydandan kənarda diqqət mərkəzində olub. Norveçin dörddəbir finala qədər irəlilədiyi turnirdə futbolçu beş oyunda yeddi qol vurub. Bu qollardan ikisini 1/8 final mərhələsində beşqat dünya çempionu Braziliya üzərində qazanılan möhtəşəm qələbədə vurub.
Haaland ABŞ-də nisbətən tanınmadan gündəlik həyatını davam etdirmək imkanından zövq alarkən, pərdəarxası görüntülər paylaşmağa da vaxt tapıb. Dallasda kovboy mədəniyyəti ilə tanış olduğu və Nyu-Yorkun yerli yeməklərini daddığı videolar internetdə sürətlə yayılıb. Bundan sonra Haalandı cizgi film personajı, Vikinq və müxtəlif obrazlarda təqdim edən qəribə süni intellekt videoları ortaya çıxıb. Futbolçu ölkəsinə xatirə olaraq 750 dollarlıq doldurulmuş yenot aparmaqla da marağı qoruyub.
Norveç turnirdə irəlilədikcə Haalandın qolları və meydandan kənardakı davranışları onun tanınmasını daha da artırıb. Dünya çempionatı zamanı “Instagram”da 32 milyon yeni izləyici qazanıb. Bu rəqəm digər bütün futbolçuların qazandığı izləyicilərin sayından və Norveç əhalisinin sayından beş dəfədən çox olub. Turnirdən sonrakı aylarda da milyonlarla yeni izləyici toplayıb.
Haaland daha sonra dünya çempionatının onun üçün “həyatını dəyişən” təcrübə olduğunu etiraf edib. Norveçin VG telekanalına açıqlamasında belə deyib:
“Həyatım boyu keçirdiyim ən möhtəşəm həftələr və yaşadığım ən gözəl səyahət idi. Hər şey tamamilə qeyri-real görünürdü. Hazırda baş verənləri dərk etmək çətindir. İnsan bir qədər boşluğa düşür. Bu 40 günü sürətlə nəzərdən keçirəndə yaşananların tamamilə inanılmaz olduğunu düşünürəm”.
ABŞ-nin köklü xəbər qurumu ABC onu “özünəməxsus şəxsiyyəti ilə turnirin hüdudlarını aşan, həm meydanda, həm də meydandan kənarda qlobal futbol ulduzu” kimi xarakterizə edib. NBC isə hücumçunu “kiçik ekranın ən dəyərli oyunçusu” adlandırıb.
Lonq bildirib:
“Haalandın meydandan kənarda həqiqətən qlobal ulduza çevrildiyi il məhz bu il oldu. Buna böyük ölçüdə dünya çempionatı təsir göstərdi. O, təzyiq altında inanılmaz çıxış etdi, yüksək səviyyəli hücumçu olduğunu bir daha təsdiqlədi və Şimali Amerikada özü üçün nisbətən yeni, hələ tam mənimsənilməmiş bazarın rəğbətini qazandı”.
“Şəxsiyyəti, yumor hissi və insanlara yaxınlığı”

Haaland son bir ildə marketinq cəlbediciliyi baxımından rəqiblərini geridə qoyub və bu yüksəlişin dayanacağına dair heç bir əlamət yoxdur.
Haaland ötən mövsüm Premyer Liqa, Çempionlar Liqası və ya qazanılması o qədər də real görünməyən dünya çempionluğu əvəzinə ölkəsindəki iki kubokla kifayətlənsə də, vurduğu qollar, səmimiyyəti, sosial media hesablarının sürətlə böyüməsi və şəxsi həyatından görüntüləri azarkeşləri ilə bölüşmək istəyi sayəsində “SportsPro”nun ilk beşliyinə daxil olub.
Bundan əlavə, futbolçu “Nike” ilə bütün dövrlərin ən yüksək məbləğli futbol butsları müqavilələrindən biri hesab olunan razılaşmaya imza atıb. O, həmçinin “Beats by Dre” qulaqlıqları, “Breitling” saatları və dünya çempionatı zamanı reklam kampaniyasında iştirak etdiyi “Budweiser” ilə əməkdaşlıq edərək gəlirli brend tərəfdaşlıqları portfeli formalaşdırıb.
Lonq bunu belə izah edib:
“Haaland dünyanın ən populyar idman növünün və bu idmanın aparıcı yarışlarının ön sıralarında yer alır. Bu da onun ilboyu diqqət mərkəzində olmasını təmin edir. Klubu və millisi üçün rekordlar qırması populyarlığını artırmağa davam edir. Özünəməxsus şəxsiyyəti, yumor hissi və insanların onunla asanlıqla ünsiyyət qura bilməsi həm futbol dünyasında, həm də ondan kənarda maraq doğurur.
O, sosial mediadan böyük təsirlə istifadə etməyə davam edir. Hesablarını idarə edən peşəkar komandanın dəstəyi ilə müntəzəm məzmun paylaşımı baxımından idmançılar arasında açıq şəkildə fərqlənir. Bütün bunlar onun brendlər üçün cəlbediciliyini daha da artırır.
Qiymətləndirmə modelimiz idmançıları yaratdıqları brend dəyərinə və əldə etdikləri inkişaf dinamikasına görə ölçür. Haaland hər iki göstərici üzrə yüksək nəticə göstərir. Beləliklə, o, sürətlə hamının tanıdığı simaya çevrilir və hələ də böyük inkişaf potensialına malikdir. Bu isə brendlərin marketinq komandaları üçün olduqca cəlbedici bir birləşmədir”.
Haalandın futbolda brendlər üçün ən cəlbedici oyunçu mövqeyinə yüksəlməsinin qarşısındakı əsas təhlükələrdən biri də “Mançester Siti”nin Premyer Liqanın maliyyə qaydalarını 114 dəfə pozmaqda təqsirli bilinməsi ilə bağlı mümkün cəzadır. Klub qərara qarşı qətiyyətlə mübarizə aparsa da, yekun hökmün nə vaxt veriləcəyi hələlik məlum deyil.
Ronaldo geriləyir, lakin hələ də “rəqibsizdir”

Qeyd etdiyimiz kimi, 2026-cı il reytinqində ilk 10-luğa düşən yeganə futbolçu Haaland olub. “Real Madrid”in ulduzları Kilian Mbappe və Vinisius Junior müvafiq olaraq 19-cu və 20-ci yerlərdə qərarlaşıblar. “Barselona”nın gənc ulduzu Lamin Yamal 23-cü, Lionel Messi isə 27-ci pillədədir. “Arsenal”ın futbolçusu Alessia Russo (29-cu yer) və üçqat “Qızıl top” sahibi Aleksia Putelyas (47-ci yer) ilk 50-likdə yer alan yeganə qadın futbolçulardır.
Lakin ən diqqətçəkən dəyişiklik Ronaldonun 2025-ci ildəki beşinci yerdən bu dəfə 14-cü pilləyə geriləməsidir. 41 yaşlı futbolçu möhtəşəm karyerasının son mərhələsinə qədəm qoyarkən, “SportsPro”nun qiymətləndirmə meyarlarında etdiyi dəyişiklik və inkişaf potensialına verdiyi önəm də bu geriləməni təhlil edərkən nəzərə alınmalıdır.
Lonq GOAL-a açıqlamasında deyib:
“Ronaldonun Səudiyyə Ərəbistanına transferindən sonra karyerasının son mərhələsinə daxil olması onun kommersiya cəlbediciliyinin azaldığını deməyə əsas verə bilər. Lakin reytinqdəki geriləməsini mütləq kommersiya cəlbediciliyinin azalması ilə əlaqələndirmək düzgün olmaz. Bunun əsas səbəbi reytinqi müəyyənləşdirmək üçün istifadə etdiyimiz qiymətləndirmə modelinin dəyişməsidir. Buna görə də müxtəlif illərin nəticələrini birbaşa müqayisə etmək müəyyən mənada yanıltıcıdır.
Bu il modelimiz illər ərzində toplanmış brend dəyərindən daha çox hazırkı inkişaf dinamikasına və kommersiya baxımından gələcək inkişaf perspektivlərinə üstünlük verir. Bu isə Ronaldo da daxil olmaqla, köklü ulduzların və karyeralarının son mərhələsində olan, inkişaf üçün daha az vaxta malik idmançıların 2025-ci illə müqayisədə geriləməsi deməkdir”.
Bu amil Messinin reytinqdə niyə bu qədər aşağı pillədə qərarlaşdığını da müəyyən qədər izah edir. Bir qədər təəccüblü şəkildə 24-cü yerdə qərarlaşan Neymar üçün də eyni vəziyyət keçərlidir.
26 yaşlı Haaland isə hələ idmançı kimi ən yüksək formasına çatmayıb. “YouTube” kanalının nisbətən qısa müddətdə əldə etdiyi yüksək göstəricilər nəzərə alınarsa, karyerasının bütün sahələrində eyni inkişaf tempini qoruyacağı təqdirdə onun potensialının sərhədləri olduqca geniş görünür.
Lonq fikrini belə ifadə edib:
“Haaland kommersiya baxımından əhəmiyyətli inkişaf dinamikası nümayiş etdirən yüksəlişdə olan ulduzdur. Ronaldo isə formalaşmış brend dəyərinə, son dərəcə kommersiyalaşdırılmış şəxsi brendə və geniş tərəfdaşlıq portfelinə malik qlobal ikonadır. Buna görə də onun gələcək inkişaf potensialı daha məhduddur.
Qiymətləndirmə modelimiz Haalandı reytinqdə Ronaldodan üstün mövqeyə çıxarır. Lakin bu, ‘kommersiya cəlbediciliyi’ anlayışını necə müəyyənləşdirməyinizdən və bir şəxsin kommersiya dəyərinin artmasında hansı amilləri daha vacib hesab etməyinizdən asılıdır. Hazırda diqqət mərkəzində olan ad Haalanddır. Ancaq Ronaldonun bütün karyerasını nəzərə alsaq, onun ümumi kommersiya cəlbediciliyi həqiqətən də rəqibsiz ola bilər”.
Fürsətini gözləyir

İlk baxışda Mbappe və Yamalın reytinqdə tutduqları mövqelər bəzilərini təəccübləndirə bilər. Hazırda La Liqada yaşanan qeyri-adi Çin böhranının mərkəzində yer alan Mbappe və Yamal dünyanın ən yaxşı futbolçuları sırasında göstərilirlər. Hələ 19 yaşı olan Yamal isə xüsusilə “Barselona”da Messinin varisi və gələcəkdə bir neçə dəfə “Qızıl top” qazana biləcək futbolçu kimi qiymətləndirilir. Buna görə də Lonq onun reytinqdə yüksəlməsinin çox vaxt aparmayacağını düşünür.
“SportsPro”nun kommersiya məzmunu üzrə rəhbəri bildirib:
“Meydandakı uğurlarını davam etdirməsi və yüksək səviyyəli fərdi çıxışlar göstərməsi, şübhəsiz ki, ona kömək edəcək. Bununla yanaşı, sosial mediada paylaşımlar etməyə və böyüyən izləyici auditoriyası ilə ünsiyyət qurmağa davam etməlidir.
Artan diqqəti geniş və fəal şəxsi izləyici auditoriyasına çevirə bilsə, onun marketinq cəlbediciliyi də artmağa davam edəcək. Brend tərəfdaşlıqları və digər gəlir imkanları da mütləq ortaya çıxacaq.
Ən azı modelimizdə müəyyən etdiyimiz meyarlara əsasən, onun marketinq cəlbediciliyinə başqa amillər də təsir göstərəcək. Təmsil etdiyi idman növü və oynadığı klub sayəsində artıq beynəlxalq səviyyədə geniş auditoriyaya və böyük bazara çıxış imkanına malikdir.
İctimaiyyət qarşısında özünü necə təqdim etməsi, sosial media profilini necə inkişaf etdirməsi, hansı brendlərlə əməkdaşlıq etməsi, hansı mədəni mövzulara maraq göstərməsi və idmandan kənar sahələrə nə dərəcədə açılması gələcəkdə onun marketinq cəlbediciliyinə və reytinqdəki mövqeyinə təsir edəcək”.
Mbappe və Vinisiusa gəlincə, Lonq hər iki futbolçunun marketinq baxımından son dərəcə cəlbedici olduğunu və gələcəkdə Haaland üçün ciddi rəqibə çevrilə biləcəyini düşünür.
“Mbappe 2018-ci ildən bəri hər il siyahıda yer alıb və dörd dəfə ilk 10-luğa daxil olub. Vinisius isə siyahıya iki dəfə düşüb və 2024-cü ildə ikinci yeri tutub. Dünya üzrə bütün idmançılar arasında ilk 20-likdə qərarlaşmaları bu il qiymətləndirdiyimiz yüzlərlə idmançı ilə müqayisədə hər iki futbolçunun marketinq cəlbediciliyinin nə qədər yüksək olduğunu göstərir”.
Haaland, şübhəsiz ki, hazırda futbol dünyasının ən parlaq ulduzlarından biridir. Lakin 2027-ci ildə dünyanın marketinq baxımından ən cəlbedici futbolçusu titulunu ondan almaq uğrunda mübarizənin olduqca gərgin keçəcəyi indidən aydın görünür.
Aydın